95 yaşlı gənc Respublikam mənim

Azərbaycan Demokratik Respublikası! Ölkəyə, Millətə, Dövlətə sevgi ilə Demokratiyaya, Demokratik quruluşa bağlı düşüncənin doğurduğu quruluş! Onu yaradanlara alqışlarımız sonsuzdur! ONLAR – o böyük Azərbaycan oğulları! – onu umacaqsız bir istəklə yaratdılar. Yox, ONLAR bütünlüklə umacaqsız deyildilər; bütün yaranmışlar kimi ONLARın da umacaqları vardı: ONLAR Azərbaycanı, Azərbaycan ulusunu gəlişmiş, qabaqcıl dünyanın önündə, ön sıralarında görmək istəyir, belə bir umacaqla da yorulmaq bilmədən can-başla çalışır, bu YOLDA olan-olmazlarından keçirdilər. Belə bir ÖRNƏK görsənişlə də ONLAR tarixlər boyunca bitib-tükənməz Azərbaycan sevgisi qazandılar. ONLAR hamılıqla belə dedilər: “Sən bizimsən, bizimsən durduqca bədəndə can; Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!”. ONLAR dediklərini etdilər, etmədiklərini demədilər…
Bu gün Azərbaycanda yalan-yaramazlıq içində vurnuxan, çırpınan, çabalayan bir rejim var. Azərbaycana düşmən ÜNSÜRLƏRIN qurduğu ANTIMILLI, ANTIDEMOKRATIK rejim. Azərbaycanı Qarabağdan neft-qaz resurslarınadək sataraq ölkədə IŞĞAL rejimi quranlar, 20 ildən bəri Ölkəni alver obyektinə çevirməklə IŞĞALÇI rejimlərini qoruyub saxlayanlar çoxillik çapqınçı-quldur siyasətləri ilə bu gün yalnız Ölkənin deyil, özlərinin yaşam resurslarını da tükətmiş durumdadırlar. Elə buna görə də vurnuxan, çırpınan, çabalayan durum içindədirlər. 20 illik öldürücü ANTIMILLI, ANTIDEMOKRATIK siyasətlərinin üstündən yeni yalanlar uydurmağa, yeni aldatma-tovlamalara baş vurmağa girişiblər. Ancaq bunların hamısı qızdırmalı sayıqlama seriyasından olan görsənişlərdir. Atası ilə birgə ölkədən 100 milyard oğurluq etmiş prezident sosial ədalətdən, insan kapitalından, adamlara qayğıdan danışır. Biri gedib ABŞ-dan arxa-yardım dilənir, o biri Irandan, bir başqası Rusiyadan. Çətin Seçki öncəsi bunların bircə çətinliyi yoxdur: Azərbaycanı hər hansı gücə satmaq çətinliyi! Amerikaya Geopolitikayla, Avropaya Boruyla, Irana Dinlə, Rusiyaya Qarabağla satmağa girişiblər.
Anormal görsəniş içindədirlər: bir yandan antiterror koalisiyasına qoşulurlar, o biri yandan terror koalisiyasına; bir yandan demokratiya ilə birlik sərgiləyirlər, o biri yandan antidemokratiya ilə; bir yandan NATO-ya girmək perspektivindən danışırlar, o biri yandan antiNATO birliyində yer alırlar; bir yandan Qarabağı qaytarmaq vurnuxmasında bulunur, o biri yandan Qarabağı bizdən alan, düşmənimizi gücləndirmək yolu tutan dövlətlə “strateji ortaqlıq” yapırlar. Göyə yüz milyon dollarlıq peyk uçurdular – Azərbaycanı qabaqcıl, demokratik dünyadan ayırıb gerilikçi-alverçi, oğru-quldur düşüncələrinə uyğun yerin dərin qatlarına gömmək üçün! Ötən yüzilin 70-ci illərində sovet dövlətinin “Azadlıq-Svoboda” radiolarına yaratdığı problemləri indi bunlar AZADLIQ teleradiolarına yaradırlar. Bunlar – brejnevçi-əliyevçi rejim tör-töküntüləri!
Həyasızlığa baxın: qabacıl, aktiv gəncləri tutub türmələrə dolduran da bunlar, gəncləri hakimiyətdə görmək istəyindən dəm vuran da bunlar. 20 illik hakimiyətləri boyunca Azərbaycan gəncliyini yolsuzluğa-yoxluğa sürükləyiblər, qurduqları oğru-quldur rejiminə ən böyük qorxunu 20 il gənclikdən görüblər, 20 ildə yalnız bunların IŞĞALÇI rejim prinsiplərinə uyğun yaltaq-yalaq-yaramaz gəncliyə yol verib, qapı açıblar… Təkcə Bakıda minlərlə gənc işsizlik-evsizlik üzündən ailə qura bilmir. Işsizlik-evsizlik üzündən bütün Ölkədə demoqrafiya durğunluq dönəmini yaşayır. Yağıcasına yürütdükləri ekonomik siyasəti xalqın gözünə böyük bir üstünlük kimi soxmağa çalışırlar: “Xəzərdə enerji resurslarını çıxarıb, xaricə satıb, Azərbaycanın ehtiyaclarını ödəyirik”. Elə bil Azərbaycan neft-qazdan savayı nəyisə olmayan Ərəbistan səhrasıdır. Bunlar da neft-qaz resurslarına yiyələnmiş bir-birindən satqın, dönük ərəb şeyxləri. Ölkədə belə anormal deyil, normal hakimiyət olsa, Azərbaycanın neft-qaz resurslarını bir belə vəhşiliklə tükətməyə gərək olmaz…