Bu gün Azərbaycanın Cümhuriyyət bayramıdır.
Yenə ekranların yuxarı küncünü Cümhuriyyəti devirənlərin yetişdirdiyi “dahi rəhbər”in şəkili bəzəyəcək, yaptokratlar Cümhuriyyət haqqında dilucu iki-üç cümlə qırıldadıb sonra birbaşa 1993 haqqında moizələrə, miflərə baş vuracaqlar.
Hə, bir də bizdə solçuluğu sadəcə SSRI-nin timsalında təsəvvür edənlər, onu Sovet nostaljisi ilə eyniləşdirənlər var, onlar da Rəsulzadəni, Cümhuriyyəti ələ salan facebook statusları yazacaq, tvitlər atacaqlar, oysa məsələn, bu ölkənin parlament tarixində sosialistlərin birinci və sonuncu dəfə məhz Cümhuriyyət dönəmində xalqdan mandat aldığını heç vaxt dilə gətirməyəcəklər.
Istəyirsiniz sevin, istəyirsiniz sevməyin…
Istəyirsiniz sevinin, istəyirsiniz, sevinməyin, Cümhuriyyətin yaranışı Azərbaycanın sonrakı illərdə varoluşunun ən böyük səbəblərindən biri idi.
Özündən geriyə 116 min kvadratmetrlik bir coğrafiya miras buraxan…
Dünyanın tanıdığı, qəbul etdiyi sərhədlər, bayraq qoyub gedən Cümhuriyyətin bu torpaqlar üzərində bərqərar etməyə çalışdığı dəyərlərin sayəsindədir ki, Azərbaycan sonrakı dönəmdə heç vaxt azadlıq, demokratiya arzularından yoxsul yaşamadı.
Istər Sovet işğalı illərində olsun…
Istər yaptokratiya istibdadı illərində olsun, bu ölkədə azadlıq arzusu, çağdaşlıq ehtirası, istiqlal sevdası heç vaxt bitmədi.
Şərtlər nə qədər ağır olursa olsun, Azərbaycan heç zaman bir Türkmənistan, bir Özbəkistan olmadı. Bu bir təsəlli deyil və ola bilməz, amma bu bir həqiqətdir və deyilməlidir.
Azərbaycanı bunlar zor və zopa qarşısında hələ də öz iradələrinə tabe edə bilmirlərsə…
Çoxlu pulları belə, bunlara öz Şər rejimlərinin təntənəsini yaşamağa mane olursa, bunun ən böyük nədəni məhz 28 may ruhudur.
Biz indi təqvimə görə 21-ci əsrdə yaşayırıq, amma idarəetmə tərz və təfəkkürünə, ölkədəki hakim düşüncə şəklinə, ətrafımızdakı reallıqlara görə çağın çox gerisində qaldığımız şəksiz, şübhəsizdir.
Və bəlkə indi yazacaqlarım sizə bir az qəribə, bir az da şişirtmə görünəcək, amma məncə, burada heç bir qəribəlik və mübaliğə yoxdur: Azərbaycan 21-ci əsri cəmi-cümlətanı 23 ay yaşayıb, o 23 ay da 21-ci əsrin yox… 20-ci əsrin payına düşür!
Hə, biz 21-ci əsri 20-ci əsrdə dadmışıq.
Və bizi indi bu bizimelli yadellilərin – yaptokratların tamamən əzə, yenə, sindirə bilmədiklərinin ən güclü, ən başlıca səbəbi də budur!
21-ci əsrdə bu ölkədə qadının deputat mandatı satdığı üzə çıxır, oysa 20-ci əsrdə – Cümhuryyət zamanına bu ölkənin qadını özgürcə, adilcə seçib-seçilmək haqqına sahib idi.
21-ci əsrdə bu ölkənin parlamentində bir dənə müxalif səs, fərqli fikir sahibi yoxkən 20-ci əsrdə – Cümhuriyyət zamanında parlamentdə ən çeşidli ideologialar, siyasi cəbhələr təmsil olunur, hər ağızdan bir avaz eşidilirdi.
21-ci əsrdə bu ölkədə hansısa nazirin 15 ildən sonra vəzifəsindən atılması az qala tarixi hadisə, böyük nailiyyət kimi qəbul edildiyi halda 20-ci əsrdə – Cümhuriyyət dönəmində bütöv hökumətlər ən kiçik səhvdən sonra özünü buraxmaq iradəsi və mədəniyyəti göstərirdi.
Siyahını uzatmaq olar, amma dənizin dadını bilmək üçün onu bütün içməyə nə hacət var.
Biz 21-ci əsrdə elə dəyərlərin, elə haqların davasını aparırıq ki, əslində onlara 20-ci əsrdə sahib olmuşduq. Biz çağdaşlığı keçmişdə yaşamışıq – bu da ölkə və millət olaraq taleyimizin bir qəribəliyi olsun gərək.
Hər bir halda yaranışının 95-ci ildönümündə Cümhuriyyət və qurucularını ehtiramla anırıq.
Onlar bizə çağdaş, mədəni, modern bir dünya ölkəsi olmağın yolunu göstərdilər.
O yolu yürüyənlər dünən də vardı, bu gün də var, sabah da olacaqlar.
Mənzilbaşına isə çox qalmayıb, əmin olun!

21-ci əsri 20-ci əsrdə dadmaq
•
•