Sözə və qələmə xəyanət etməyən yazıçı…

Ədəbi aləmə yol açan «Arabaçı»…

Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələri arasında yer alan birincilər sırasında xalq yazıçısı Sabir Əhmədlinin adı parlaq xətlə keçir. Sabir Məmməd oğlu Əhmədli 10 iyul 1930-cu ildə Cəbrayıl rayonunun Cəbrayıl kəndində dünyaya gəlib. 1946-cı ildə indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. 1951-ci ildə universiteti bitirdikdən sonra Cəbrayıl rayonunda müəllim işləyib.
Ədəbi fəaliyyətə 1951-ci ildə “Pioner” jurnalında çap olunmuş “Poçtalyon” hekayəsi ilə başlayıb. Bədii əsərlər və publisistik məqalələri ilə dövri mətbuatda müntəzəm çıxış edib. 1955-ci ildən Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilib.
Sabir Əhmədli “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında ədəbi işçi, nəsr şöbəsinin müdiri (1956-1993), baş redaktor (1993-1996) vəzifələrində çalışıb.
Əsərlərində yaşadığı xalqın taleyində baş verən bir çox acılı-şirinli hadisələrin bədii təsvirini verən Sabir Əhmədlinin yaradıcılığını xalq daim sevmiş, amma mürtəce fikirli şəxslər top-tüfənglə qarşılamışdır.
Onun qeyri-adi istedadı ilk bədii əsərlərindən diqqəti cəlb etmişdi. 1955-ci ildə “Uşaqgəncnəşr”in çap etdiyi “Gəncliyin səsi” adlı almanaxın nəsr bölməsində Sabir Əhmədlinin “Arabaçı” hekayəsi oxucuların və ədəbiyyatşünasların diqqətini daha çox cəlb etmişdi. Məhz “Arabaçı” hekayəsinə görə Sabir Əhmədli SSRI Yazıçılar Ittifaqına üzv qəbul olunmuşdu. Onun hekayələri mətbuatda, xüsusilə jurnalda tez-tez çap olunurdu. 1961-ci ildə onun “Bir payız axşamı” kitabı işıq üzü gördü və bu kitab böyük əks-səda doğurdu. Bu kitab tələbələrin, bütün ədəbiyyatsevərlərin sevimli kitabına çevrildi, əldən-ələ gəzdi.
1956-cı ildə “Ədəbiyyat qəzeti”nin nəsr şöbəsinin müdiri təyin edilən Sabir Əhmədli 1993-cü ilə qədər fasiləsiz olaraq burada çalışmışdır. 1989-cu ildə ildə “Azərnəşr”də yazıçının iki cildlik əsərləri çap edildi və bu əsərlər də oxucular tərəfindən böyük rəğbətlə qarşılandı.
Sabir Əhmədlinin bir-birinin ardınca çıxan “Aran” iki hissəli romanı, “Pillələr”, “Yamacda nişanə”, “Toğana”, “Mavi günbəz”, “Yasamal gölündə qayıqlar üzürdü”, “Yasaq edilmiş oyun, ”Gülmalı kişinin axırı” əsərləri bütün respublikada şöhrət qazandı.
Sabir Əhmədlinin əsərləri bir çox xarici ölkə xalqlarının dilinə tərcümə edilib.
Doğma Qarabağ torpağına, Cəbrayıla qayıtmaq arzusu ürəyində qalaraq dünyasını dəyişən Sabir Əhmədli ölümündən bir müddət əvvəl televiziya müxbirinə 75 yaşdan sonrakı həyatının arzularını belə anlatmışdı: “Ürəyim düşmən tapdağında qalan Qarabağım, doğulduğum Cəbrayıl üçün nanə yarpağı kimi əsir, ən böyük arzum doğma torpaqlarımızın azad olması, Cəbrayılda ömrümün sonunacan yaşayıb, onun torpağına qarışmaqdır…”.
Yazıçının “Yazılmayan yazı”sı…
Xalq yazıçısı Sabir Əhmədlinin ədəbi taleyində yaşadıqları sağlığında çap olunmyan, vəsiyyətinə görə ölümündən sonra işıq üzü görən son “Yazılmayan yazı” kitabında əksini tapıb. Həmin kitabdan bir parça onun bütün yaşadıqlarına işıq salır:
…”Dünyanın arşını”ndan az sonra mən “Yamacda nişanə” povestini yazdım.
Bu povest ilk əsərdir ki, mən onu birbaşa makinada yazdım.
“Ulduz” jurnalında çap olundu. Daha sonra “Yaşıl teatr”, “Qanköçürmə stansiyası” yazıldı və çap olundu. Doğrudur, Mərkəzi Komitənin qərarına düşəndən sonra mən beş il kitab buraxdıra bilmədim. Daha mənim hər bir yazımı dörd gözlə oxuyur, mikroskopla baxırdılar. “Azərbaycan” jurnalında, istər “Ulduz”da çap olunurdum. Jurnallarda çap olunmaq asandı, oradakılar tanışlar, yaxın, qəhmar insanlardı.
Amma kitab yox. Orada imansız, amansız, senzor, qisasçı məmur, vəzifəgüdənlər əyləşmişdilər. Mənim bircə əlyazısı gətirməyimi gözləyirdilər, düşsünlər üstünə.
“Yaşıl teatr” və “Qanköçürmə stansiyası” jurnallarda çıxdıqdan sonra onları verdim “Azərnəşr”ə. “Yaşıl teatr” jurnalda da bir xeyli qalmışdı.
Onda “Azərbaycan” dərgisinin baş redaktoru Cəlal Məmmədovdu.
“Doroqoy” ayaması ilə bu kəs – qatı mürtəce kimi tanınırdı.
Qəribədir, bu adam roman barədə mənə elə məsləhətlər verdi, olduqca yetərli!
Romanı ilk dəfə oxuduqdan, cavabı yubatdıqdan sonra onunla görüşmüşdüm.
O mənə dedi: “Sən təsvir etdiyin adamların əməyini də gətir əsərə. Onlardan ötrü bir iş tap”. Ağlabatan məsləhətdi. Romandakı həyətdə özümüz kirayədə qalmışdıq. “Lermontov” küçəsində qaldığımız evdi.
O evin bir yanı “Yaşıl teatr”, bir yanı “Drujba” restoranı, Dağüstü park, bir yanı Bayılda zoopark, onun yaxınlığında Doğum evi və məhkəmə idi. Mən bu yerləri qovuşdurmağa, yalnız hadisə ilə deyil, içəridən, mənaca, mahiyyətcə bağlamağa çalışmışdım.
Buradakı insanları yaxşı tanıyırdım. Baş redaktor doğru tutmuşdu. Bu adamlar əsərin ilk variantında işsiz, əməlsiz, avara idilər. Bəs mən onların əmək səhnəsini haradan, necə tapım gətirim? Birdən yadıma düşdü.
Biz oradan, Çəmbərəkənddən mənzil alıb Yasamala köçdükdən sonra təzə binada qonşu, beşinci mərtəbədə bir iri ailə yaşayırdı. Balkonlarımız açıq, bir-birinə bitişikdi. Divarın o üzü onlar, bu üzü bizdik. Səmimi, yaxşı insanlardı, birevli təki qonşulardı. Arvadın beş qızı vardı.
Evin ağsaqqalı kişi də bizimlə yaxındı. Balkonda, yanaşı yaşamağımızla mehribanlaşmışdıq. Qonşular olduqca zəhmətkeş insanlardı. Qızlar anaları ilə birgə bütün günü eyvanda çalışırdılar. Gördükləri iş də bu idi: onlar “evə iş” sexindən mal götürürdülər.
Bu olurdu xalça, örtük, şal. Gətirib evdə onun qalan işlərini görürdülər, saçaq bağlayırdılar, tirmə çəkirdilər. Şal, xalça-örtük, süfrə onların üstəlik əməyilə tamamlanır, bitirdi. Lapca yerinə düşürdü. Elə mən orada “Yaşıl teatr”dakı Kainat xanımı bütünlüklə belə bir əməklə bağlaya bilərdim. Belə də elədim. Qonşuların gördükləri iş sonra mənə gərək olacaqmış. Onlar toxumuş, hörmüş, mən də öz eyvanımızda dayanıb, oturub onları izləmiş, öyrənmişdim.
Mənim əməkçi insana böyük rəğbətim var. Iş görən, zəhmətə qatlaşan, istehsalla bağlı neftçiyə, əkinçiyə, taxılçıya, kimin əlləri cibində deyilsə, işləyirsə, belə insanlara böyük ehtiramım var.
Deyirlər, yer kürəsi iki öküzün buynuzunda qərar tutub. Yox, yer kürəsi əməkçi insanın əlləri üstədir.
Beləliklə, çoxusunun “KQB agenti” kimi tanıdığı Cəlal Məmmədovun tövsiyəsindən sonra romanı yenidən işlədim”.
Görkəmli yazıçı 2009-cu il aprelin 17-də vəfat edib.
Yazıçı-publisist Aqil Abbas Sabir Əhmədlinin məzarı başında belə demişdi: “Sabir Əhmədliyə torpaq darlıq eləyər, o, 300 milyonluq bir xalqın ürəyinə həkk olunub, bu azdımı?!”. Yazıçının yaxın dostu, AMEA-nın müxbir üzvü Tofiq Hacıyevin kövrək ürəyi daha da kövrəlmişdi, böyük yazıçının, əziz dostun vəfatı onu da sarsıtmışdı: “Sabir əbədiyyətə adını çoxdan yazıb, ölümsüz əsərləri ”Ömürdən nişanə” kimi onun adını yaşadacaq, yatdığı torpağı da ziyarətgaha çevirəcək”…
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir