Rejim hara getməyə hazırlaşmalıdı?

Deyəsən, günahlarım çoxalıb. Yoxsa, Allah məni Yaptokratların fikirlərini şərh etməklə cəzalandırmazdı. 
Bir müddət əvvəl Əli Həsənov gənclərlə görüş keçirib, yolunu azmış gənclərdən danışdı. O zaman PA müdrikinin fikirlərini sətir-sətir şərh edib, əsl həqiqəti üzə çıxarmağa çalışdıq.
Amma ötən dəfə bəzi fikirlər yaddan çıxdığı üçün, Əli müəllim YAP gəncləri ilə görüşündə yeni fikirlər səsləndirib.
Ilk olaraq da söyləyib ki, ki, “biz hakimiyyətdən getməyə hazırlaşmırıq”.
Düz deyir, səmimidir, ürəkdən gələn sözlərdi.
Yaptokratlar hakimiyyətin vüsalını, sabiqlikdəki həsrətə dəyişmək istəmirlər. Eks prezidentlər haqqında qanun qəbul etsələr də, eks olmağı sevmirlər.
Yaptokratların getməyə hazırlaşmamaqlarında bir prinsip məsələsi də var.
Qəzzafinin 42 illik, Mübarəkin 30 illik hakimiyyət göstəricisinə 20 illik nəticə ilə uduzmaq istəmirlər.
Bəlkə də yapokratlar vəzifəyə “ilk məhəbbət” kimi baxırlar.
Həsrətinə dözməyə, acısı ilə yüklənməyə hazır deyillər.
Ancaq Əli müəllimin bu fikirləri söyləməsi həm də ondan xəbər verir ki, dünya “getməyə hazırlaşın” mesajını verir.
Son dövrlər beynəlxalq hesabatlardakı tənqidlərin, nüfuzlu nəşrlərdəki ifşaların artması görünür, YAP gəncliyini də ümidsizləşdirib. Rejim isə bu ümidsizliyi duyduğu üçün gənclərinə “ümid” paylamağa başlayıb.
Əli müəllim çıxışının bir hissəsində deyir: “Mən siz gənclərin simasında gələcəyin nazirlərini, nazir müavinlərini, icra başçılarını görürəm”.
Allah, özün bunun axırını xeyir elə.
500 min evsiz gəncə, nazir vəzifəsi təklif etmək, yaptokratiyanın sosial fantaziyasının göstəricisidi.
Sərvəti talanan, sabahı oğurlanan 2 milyondan çox gəncə, barmaqla sayıla biləcək vəzifə yeri təqdim etmək, dəqiq elm sayılan riyaziyyatı, humanitar sahəyə keçirmək cəhdi deyilmi?
Yaptokratlar ölkə gəncliyini seçkidən-seçkiyə sevməyə adət ediblər.
Görünür, 4 il döydüyün və söydüyün gənci, 5-ci il sevə bilmək insan düşüncəsinin hüdudları daxilində imiş.
Bu ölkənin gənci sizdən heç vaxt vəzifə istəmədi axı.
Yalnız və yalnız haqqını istədi.
Halal zəhmətinin qarşılığını istədi.
Siz bu ölkədə vəzifə anlayışını da hörmətdən saldığınız üçün bu ölkənin gəncləri sizdən vəzifə istəməyi özünə sığışdırmır.
Yaptokratlar hakimiyyətdən getməyə hazırlaşsalar da, hazırlaşmasalar da, tarix onların gedəcəyi yeri və məskunlaşacağı ünvanı müəyyən edib.
O yer nifrətli qəlblərin, qisas otağıdır.
Yumurta qonaqlığı
Mən heç kimin haqqını yemək istəmirəm.
Yaptokratların söz verib, əməl elədikləri məqamlar da var axı.
Məşhur, ümummilli yumurta müşavirəsindən sonra rejim öz tənqidçilərini yumurta atəşinə tutmağa başlayıb.
Ötən gün isə, Lerikdə görüş keçirmək istəyən cəbhəçilər “zəhmətkeş”lərin yumurta qonaqlığına tuş gəliblər.
Rejimin kövrək qəlbinin, asta döyüntüsünə heyran olmamaq mümkün deyil.
Onlar bizə daş da, qumbara da ata bilərdilər.
Amma bizə qıymırlar. Başımızın yarılmağındansa, üstümüzün bulaşmasını məsləhət görürlər.
Digər tərəfdən, yaptokratlar o yumurtalarla özlərinə qayğanaq bişirib yeyə bilərdilər. Ancaq boğazlarından kəsib, bizə ərmağan edirlər.
Və yaxud, cbhəçiləri rayondan çıxaranda piyada getməyə məcbur edə bilərdilər. Ancaq maşına mindirib müşayiət etmək mədəniyyəti göstərirlər.
Bəli, rejimi tərifləmək üçün başqa arqument tapmaq olmur.
Ona görə də zibillikdə konfet axtarışına çıxmaq məcburiyyətində qalırsan.
Indi bildim ki, rejim məddahları nələr çəkir.