Qori seminariyasının parlaq tələbəsi Rəşid bəy

«Vətən dili» dərsliyində imzası

Azərbaycanda maarifçilik ideyalarının yayılmasında əvəzsiz rol oynamış Qori seminariyası böyük şəxsiyyətlər yetirmişdir. Seminariyanın Azərbaycan şöbəsinin inspektoru Çernyayevski bu şöbənin tələbələrini az qala qapı-qapı gəzib yığmışdı. Onun çalışmaları nəticəsiz qalmadı və tezliklə, Azərbaycanın müxtəlif yerlərindən burada oxumaq üçün tələbələr toplandı. Ilk təhsil ilində Azərbaycan dilində dərs kitabı olmayan tələbələrə Çernyayevski “Vətən dili” kitabını tərtib etdi. Bu kitab onun ilk tələbələrindən olan Rəşid bəy Əfəndiyevin gözəl xətti ilə daşbasmada çap etdirildi.
Kitabda Azərbaycan atalar sözündən, tapmacalardan, zərb-məsəllərdən istifadə etməklə yanaşı, həm də Azərbaycan şairlərinin şeirlərindən parçalar verilmişdi.
Çox keçmədən seminariyada Şuşadan Firidun bəy Köçərli, Səfərəli bəy Vəlibəyov, Baba bəy Səfərəlibəyov, Lənkərandan Teymur bəy Məmmədbəyov, Qazaxdan Ismayıl ağa Vəkilov, Məmmədağa Şıxlinski, Şəkidən Rəşid bəy Əfəndiyev kimi zəkalar Çernyayevskinin ümidlərini doğrultdular. Bu gənclər özlərindən sonra gələnlərin yolunu işıqlandırmaq üçün çətin bir yola çıxdılar. Bu şəxslər tezliklə seminariyanın ən parlaq tələbələri oldular. Firidun bəy Köçərli tələbə ikən yunan filosofu Sokratın həyatı və əxlaqi görüşlərinə həsr olunmuş “Təlimati-Sokrat” əsərini tərcümə etmişdi. Sonralar Saleh bəy Zöhrabbəyovla birlikdə “Təlimati-lisani-türki” dərsliyini tərtib etdilər. Rus, fars və ərəb dillərini yaxşı bilən tələbə Səfərəli bəy Vəlibəyov isə “Xəzineyi-əxbar” adlı ensiklopedik kitab tərtib etmişdi. Ilk buraxılışda təhsilini əla qiymətlərlə bitirdiyinə görə Şura Səfərəli bəy Vəlibəyovu 1881-ci ildə seminariyada ana dili müəllimi saxladı. Firidun bəyi Irəvan gimnaziyasına, Teymur bəyi Lənkərana, Mirzə Əli Məhəmmədi isə Naxçıvana ibtidai rus-tatar məktəbinə müəllim göndərdi. Rəşid bəy Əfəndiyev isə Şəki qəzasının Qutqaşen kəndinə məktəb müdiri kimi göndərildi.
XIX əsrin sonlarında əhalinin savadlanması və gənclərin təhsili üçün açılan məktəblərdə də tədris olunacaq dərs vəsaitlərinə böyük ehtiyac duyulurdu. Bu vəsaitlərin hazırlanmasında önəmli rolu olan maarifçi ziyalılardan biri də zəmanəsinin məşhur yazıçı və pedaqoqlarından sayılan Rəşid bəy Əfəndiyev idi.
Ilk dərs vəsaitlərinin müəllifi
R.Əfəndiyev 1863-cü ildə Şəkidə anadan olmuşdur. O, Qori seminariyasında oxuyarkən yazıçılığa başlamış, “Qan ocağı” adlı pyes yazıb məktəb səhnəsində tamaşaya qoymuşdur.
O, M.F.Axundovdan sonra ilk dram əsəri yazan yazıçılardan sayılır. Ilk əsəri uğurla tamaşaya qoyulan və bundan ruhlanan müəllif sonralar da ardıcıl olaraq bədii yaradıcılıqla məşğul olmuşdur. R.Əfəndiyev on il Qutqaşendə müəllimlik etmiş, 8 il Tiflis idarəsində katib müavini vəzifəsində çalışmış və nəhayət, 16 il Qori seminariyasında dərs demişdir. Bu dövrlərdə də o, heç vaxt yazıçılıqdan uzaqlaşmamış, tərbiyəvi mövzularda səhnə əsərləri yazmışdır.
Rəşid bəy Azərbaycanın ən görkəmli maarifçi müəllimlərindən idi. O, demək olar, bütün ömrünü məktəb, tərbiyə işinə, dərs kitablarının, uşaqların marağını oxşayan pyeslərin yaranmasına sərf etmişdir. Yazıçının “Uşaq bağçası” adlı əlifba kitabı və “Bəsirətülətfal” adlı qiraət kitabı Azərbaycanda şöhrət qazanmış ilk dərs kitablarındandır. Rəşid bəy varlı ailədən olan bir qadının maddi köməyindən istifadə edərək dəfələrlə Istanbula getmiş, hazırladığı dərs kitablarını böyük zəhmət bahasına da olsa, çap etdirmişdir.
Yazıçının səhnə əsərləri o dövrdə məktəb səhnələrində oynanır, müəllif özü də bu tamaşalarda iştirak edirdi. Rəşid bəyin “Qan ocağı”ndan başqa, “Saqqalın kəraməti”, “Qonşu-qonşu olsa, kor qız ərə gedər”, “Pul dəlisi”, “Bir saç telin qiyməti”, “Tiflis səfirləri”, “Diş ağrısı”, “Təbiətdə əhvali məişət” adlı dram əsərləri var.
Dövrünün tanınmış ədibi kimi tanınan Rəşid bəy elmi, maarifi, məktəbi təbliğ edən bir sıra mənzum əsərlər yazmış, rus klassiklərindən (Puşkin, Lermontov, Krılov) dərs kitablarına münasib parçalar seçib tərcümə etmişdir. O eyni zamanda farscadan “Rüstəm və Söhrab” hekayətini(Firdövsi), “Cam” adlı mənzuməni (Şillerdən) tərcümə etmişdir. Rəşid bəy istər şeir tərcümələrində, istərsə də müasir mövzularda yazdığı şeirlərdə klassik üsluba geniş yer vermişdir. O hətta Şilleri də Firdövsinin işlətdiyi vəzndə, mütəqarib ilə tərcümə etmişdir.
Xalq dilində yazılan komediyaları
Rəşid bəy Əfəndiyevin ədəbi və dədii əhəmiyyəti olan əsərləri, demək olar ki, ən çox pyesləri, xüsusilə əsrimizin əvvəllərində yazılan komediyalarıdır. Yazıçının məzhəkələri nəinki üslub etibarilə, həm də mövzu etibarilə bir silsilə təşkil edən əsərlərdir. Bunların hamısında köhnə dünya, köhnə məişət, köhnə zehniyyət tənqid olunur. Əgər “Qan ocağı”nda bir ailə içərisindəki nifaq, fəsad, ədavət, köhnə ailənin çürük bünövrəsi, məktəbə olan cahil və vəhşi əlaqələr göstərilir və ailəyə dəhşətli bir ad: “Qan ocağı” adı verilirsə, “Qonşu-qonşu olsa, kor qız ərə gedər” adlı komediyasında qadın alqı-satqısı, qadınların hüquqsuzluğu və gülünc evlənmək qaydaları təsvir olunur.
Ədibin “Saqqalın kəraməti” əsərində ruhanilərin fırıldaqlarından bəhs olunur. Göyçay çölündə yağışa düşən bir dəstə sövdəgər daldalanmağa yer axtarırlar. Heç kəsin bu yaxınlarda qonaq yeri yoxdur. Çünki bu yerlərin əhalisi (tərəkəmə) köçəri camaatıdır, deməli oturub məskən salmırlar.
Çarvadarların deməyinə görə bu yerin əhalisi ancaq molla, seyid və mərsiyəxanlara hörmət edib qonaq saxlarlar. Qərara gəlirlər ki, sövdəgər Hacı Söhrabı uzun saqqalına, qiyafəsinə görə molla qələmə versinlər və onun sayəsində bir qonaq yeri tapsınlar. Bu “vəzifə” Hacı Söhrab üçün çətin olsa da razılıq verir. Gəldikləri kəndli evində isə sanki “molla”nı çoxdan gözləyirmişlər. Kənd mollası ilə deyişmə təklif edirlər. Kənd mollası Qulaməli ilə sövdəgər Hacı Söhrab üz-üzə gəlib deyişməli olur.
Bu pyeslər dillərdə dolaşan yüzlərlə maraqlı lətifələrin mənbəyi olmuşdur. Çünki qeyd olunan əsərlərdəki hadisələr hər yerdə baş verə bilər. Rəşid bəyin əsas məqsədi də sadə və xalqa məxsus yumor dili ilə insanları maarifləndirmək olmuşdur.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir