Mirzə Bəybaba Fəna
Azərbaycan ədəbiyyatında maraqlı imzası olan şairlərdən biri də Mirzə Bəybaba Fanidir. Mirzə Bəybaba bəy Mirzə Əliyar oğlu 1787-ci ildə Şuşa şəhərində doğulmuşdur. Ziyalı ailəsində böyüyən Bəybaba Tahirzadə mükəmməl ailə və məktəb tərbiyəsi görmüşdür.
Kiçik yaşlarından şeirə, sənətə, elmə marağı olan Bəybaba bəy həmçinin xəttat kimi bütün Qafqazda tanınmışdı. O, atasının yolunu davam etdirərək, gələcəyin tanınmış tarixi şəxsiyyətlərindən biri olmuşdur. Bəybaba bəy öz yaradıcılığı ilə Qarabağ poeziya məktəbində müəyyən iz qoymuşdur. Atasının vəfatından sonra isə o, dövlət idarələrinə dəvət olunmuş, uzun illər katib vəzifəsində çalışmışdır.
Şuşada mədrəsəÿtəhsili alan Bəybaba bəy savadlı olduğu üçün onu Mirzə deyə çağırırdılar. O, böyük xanın yanında katib işləyirdi. Mirzə Bəybaba bəy gözəl xəttat idi.ÿBu qabiliyyətinə görə Şuşaÿşairlərinin cüngünü tərtib etmiş, bir neçə kitabın üzünü köçürmüşdü. Mirzə Bəybaba bəy şuşalı Cahan xanımla ailə qurmuşdu və onun Mehdi bəy, Yəhya bəy adlı oğulları, Fatma xanım adlı qızı vardı. Mirzə Bəybaba bəyin qızı sonralar məşhur şair kimi şöhrət qazanmış Fatma xanım Kəminə idi. Bəybaba bəy dövrünün tanınmış şairlərindən sayılırdı. O, Fəna təxəllüsü ilə şeirlər yazırdı.
Elə ağ gərdəni fil sümüyü tək saf olan,
Qara xalın hind şahından xərac alar.
Əzəl gündən qaşların aşiqlərə səcdəgahı olub,
Gözəl gözlərin Çinü Maçinə bacü xəracı tərgidib.
Sənin hüsnünü Allah elə misilsiz yaradıb ki,
Gözəllərin bazarı sənin gözəlliyindən həmişə rəvac olar.
Qarabağda hələ Pənahəli xanın (1693-1758) zamanından savadlı elm və sənət adamlarını saraya cəlb eləmək xanlıq dövründən dövründən bir qayda idi. Burdakı məşhur Mirzə Vəli Baharlı, Molla Pənah Vaqif, Mirzə Camal Cavanşir kimi görkəmli şəxsiyyətlər müxtəlif vaxtlarda xan sarayına cəlb olunmuşdular. Onlar da öz fəaliyyətləri ilə Qarabağ xanlığının ictimai-siyasi həyatında mühüm rol oynamışdılar. Bu ənənə xüsusilə Ibrahimxəlil xanın (1732-1806) dövründə geniş yer almışdı. Ağıllı və uzaqgörən Qarabağ hakimi təkcə yerli məşhurları deyil, həm də Qafqazın və Iranın müxtəlif şəhərlərindən ziyalı, mədəni, işbilən şəxsləri saraya dəvət edir, onların məsləhətlərindən bəhrələnirdi.
Bu ziyalılardan biri də Mirzə Əliyar bəy Tahirzadə idi. O, gənc yaşlarından Ibrahimxəlil xanın böyük oğlu Məhəmmədhəsən ağanın saray mirzəsi olmuş, bütün ömrünü Qarabağın inkişaf və çiçəklənməsinə həsr eləmişdi.
Məşhur qələm sahiblərinin həmmüasiri
XIX əsrdə Şuşanın mədəni həyatında mühüm rol oynayan bütün ziyalılar kimi Mirzə Bəybaba da öz sözünü poetik istedadı ilə ortaya qoyan biri idi. Şairin günümüzə gəlib çatmış şeir nümunələrindən görünür ki, o öz dövrünün nüfuzlu şairlərindən olub. Fənanın bir şair kimi yetişib-püxtələşməsində yaxından ünsiyyətdə olduğu Qasım bəy Zakir, Cəfərqulu xan Nəva, Molla Zeynalabdin Safəri, Mirzə Həsən Vəzirov, Səba, Səfa kimi tanınmış qələm dostlarının böyük təsiri olmuşdur.
Tarixdə Mirzə Bəybabaÿbəyin Qasım bəy Zakirə həcv yazdığı, Baba bəy Şakirin isə şeirlərinin birində onu ciddi “tənbeh” etdiyi məlumdur:
Xəlqi dilgir edəni həqq özü dilgir eylər,
Kimiyə tezlik ilə, bəzisinə dir eylər,
Bəd dua adama axır belə təsir eylər,
Pənah, allaha pənah, gör neçə təqrir eylər,
Əliyar oğlu belə sarı səkil maydanı.
Bu şair dostlar arasında narazılıq yaranmasının əsas səbəblərindən biri o idi ki, uzun illər dövlət idarələrində işləyən Mirzə Bəybaba Tahirzadə xeyli varlanmış, özünə Şuşada imarətlər, mülklər tikdirmiş və sonralar ticarətlə məşğul olmağa başlamışdır. Ticarətlə əlaqədar onun yolu tez-tez Zaqafqaziyanın iri şəhərlərinə, o cümlədən, Tiflisə düşürdü. Yaxşı şəxsi keyfiyyətləri olduğundan, o getdiyi yerlərdə özünə çoxlu dost-tanış qazanmış, ömrünün sonuna qədər onlarla dostluğunu davam etdirmişdir.
Fəna belə səfərlərdən birində Qasım bəy Zakirin məsləhəti ilə Tiflisdə Mirzə Fətəli Axundovla tanış olmuşdur. Sonralar o, böyük dramaturqun yeni əlifba uğrunda apardığı mübarizəyə qoşularaq Şuşada onun ideyalarını təbliğ etmişdir. Hər dəfə də səfərdən qayıdanda Zakirə Tiflis mühiti, Mirzə Fətəli Axundov barədə təəssüratlarını Zakirə danışırdı.
Qasım bəy Zakir də Mirzə Fətəliyə göndərdiyi “Gözüm yolda qaldı könül intizar” adlı mənzum şeirində bu dostluğa işarə edərək yazırdı:
Tək yaradıb səni vahidi-yekta,
Əxlaqına ətvarına mərhəba.
Neyləmisən, Molla Səfi, Bəybaba
Məmnundu, əzizim, bu qədər səndən…
“Ya Rəb, rəhm et, vəslinə çatdır, əlac et!”
Ümumiyyətlə, Qasım bəy Zakir şeirlərində Mirzə Bəybabanın adını dəfələrlə çəkir ki, bu da onun həyatının bəzi səhifələrinə işıq salır. Artıq Mirzə Bəybabanın başı ticarətə bərk qarışdığından o, tədricən poeziyadan uzaqlaşır, ona ikinci dərəcəli şey kimi baxır. Qasım bəy ZakirÿQarabağda ictimai-siyasi ədalətsizliklər barədə Mirzə Fətəli Axundova göndərdiyi “Vilayətin məxşuşluğu haqqında” mənzuməsində bundan təəssüfləndiyini bildirərək, dostundan gileyini də diqqətə çatdırır. Zakir dostunun Èbaşının alverə qarışdığını, ədəbiyyatdan uzaq düşdüyünü, Zakirin ədəbiyyat aləmində rəqibi Cəfərqulu xan Nəva (Böyük xan) ilə sirdaş olduğunu, yaxınlıq etdiyini, bir sözlə, onun qüsurlarını acıq söyləyir.
Bəybaba halətin etsən istifsar,
Şükr olsun xudayə, yaxşı nəfi var.
Özü ucuz alıb, bahaya satar,
Böyük xana həm gərəkdi, həm yaraq.
Şairin həyat və yaradıcılığını araşdıran tədqiqatçı Vasif Quliyev yazır ki, Mirzə Bəybaba Fənanın şeirləri pərakəndə haldadır. Yalnız Mir Möhsün Nəvvab şairin bir neçə şeirini özünün “Təzkireyi-Nəvvab” əsərinə daxil etmişdir.
Fəna özündən sonra isə bir-birindən gözəl ədəbi nümunələr və adları Azərbaycan tarixinə həmişəlik yazılmış iki övlad qoyub gedib. Onlardan biri açıq dünyagörüşlü, maarifpərvər ziyalı Yəhya bəy Tahirov, o biri isə yuxarıda qeyd etdiyimiz kimi, “Qarabağın üçüncü şaireyi-möhtərəməsi” (Firudin bəy Köçərlinin ifadəsi) Fatma xanım Kəminədir.
Həyatı boyu Qarabağın ədəbi və ictimai həyatında öz yeri olan şair və xəttat Mirzə Bəybaba Tahirzadə səksən yaşında dünyadan köçüb.
Ta can var canda, sevgin ürəkdən çıxmaz,
Çünki can və ürək əzəldən birləşiblər.
Hicridən Fəna çox mehnət görüb, heç sorma,
Ya Rəb, rəhm et, vəslinə çatdır, əlac et!
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir