`Materialımız bu… deyil!

Son çağlar milli-siyasi problemlərimizdən danışılan yerdə daha çox belə deyildiyini eşitmək olur: “Materialımız budur”. Bu, millətimizi pisləmək, aşağılamaq üçün ortaya atılmış bir formuldur. Özü də ilk baxışda, üzdən yanaşdıqda özünü doğruldan bir formul. Ancaq bu elə ilk baxışda üzdən yanaşmada belədir; dərinə gedəndəsə bütünlüklə başqa görsənişlə üzləşirsən. Belədə Yer üzünün ən uyqar, ən güclü, ən üstün, ən intellektual uluslarından biri ilə qarşılaşmış olursan. Tarixin ən əski çağlarından neçə-neçə güclü dövlət qurmuş, bu dövlətlərin sınırlarını istəyəndə Misirə, Hindistanadək genişləndirmiş bir ulusu necə aşağılamaq olar? Ölkəmizin Batını da, Doğunu da özünə çəkən geopolitik durumu, bu durumun doğurduğu bir çox diktələr qarşısında özümlü varlığını qoryub saxlayan bir ulusu necə aşağılamaq olar?
“Pis material” deyirik, ancaq tarixin ən əski çağlarından o “pis materialın” qurduğu güclü, çağına görə üstün dövlətləri niyə unuduruq? Istər Batıda, istərsə də Doğuda bir çox ölkələr Ərəb imperiyası qarşısında asanlıqla diz çökürkən Azərbaycan qabaqca Cavidanın, sonra Babəkin başçılığı altında imperiya ilə az qala 50 il savaş apardı. Təkcə Babəkin başçılığı altında imperiyanın sayı 150 mindən 300 minədək olan 6 ordusu darmadağın edildi. Babəkin başına çağına görə çox böyük ölçüdə pul qoyulsa da, kimsə onu satmadı. Babək böyük, güclü, amansız Ərəb imperiyası ilə 22 il ardıcıl olaraq savaş apardı. 22 il! Balaca bir ölkə Babək başçılığında min illərə görk olacaq böyük bir tarix yaratdı. Hansı materialla? Cavidan, eləcə də Babək ölkəyə qıraqdan material gətirməmişdi. Biz o materialın bir az ilkin çağlarını “Dədəm Qorqud” bitiyində görürük. Bu, qadın-kişi alplığının, qadın-kişi bahadırlığının bir arada olduğu, bir arada ortaya çıxdığı Oğuz – Türk dünyasıdır. Kimsə bunlar “əski çağlarda olub” deyə bilər. Onda bir az yaxın çağlara gələk.
Sınırları Suriyadan Hindistanadək uzanan Şah Ismayıl, Nadir şah, Ağa Məhəmməd şah Qacar imperiyaları. Onlar başqa, gəlmə materialdan yararlanmamışdılar. Onlar yaratdıqları, başında durduqları Azərbaycan ordusunun gücünə elə böyük dövlət-imperiyalar qurmuşdular. Onların birinin də muzdlu, qıraqdan gətirmə ordusu yox idi. Ortada bir Azərbaycan – Türk ulusu vardı, bir də onun Hindistanadək yürüyən, yenilməz ordusu!
19-cu yüzildə dünyanın ən güclü dövlət-imperiyası olaraq tanınan Rusiyanın Qafqaza yürüşləri başladı. Abbas Mirzənin yaratdığı, başında durduğu Azərbaycan ordusu Rusiya kimi güclü bir dövlətlə illərlə təkbaşına savaş apardı. Onda da ortada özgə material yox idi, ancaq Abbas Mirzə adında bütünlüklə o materiala bağlı bir başçı – komandan vardı. Bir də ortada qarşılıqlı inam, güvən vardı! Sonralar ortaya çıxan Səttarxan, Xiyabani, Pişəvəri dönəmində də belə idi: qarşılıqlı inam, güvən böyük güc doğurur, uğur gətirirdi. Bəs ortadakı uğursuzluq nədir? Bax burası bizi daha çox düşündürməlidir. Burada materialın özəlliklərindən daha çox antimaterial güclərinin etdikləri-işləkləri söz qonusu olmalıdır. Bir də Azərbaycanın geopolitik durumu: yaxın-uzaq dünya güclərinin, düşmənlərimizin gizli-açıq çalışmaları.
Bizə Çar rejimindən qat-qat artıq düşmən olan Sovet rejimi boyunca Azərbaycanda sağlam-güclü milli elita yaranmasına yol verilmədi. 1969-dan Azərbaycanda milli elita soyqırımına start verildi. 1993-dən bu proses daha kəskin xarakter aldı, Əliyevlərin “müstəqil Azərbaycan dövləti” ANTISISTEM faktoru olaraq milli elita yaranmasına yol verməməklə 1969-dan başlayan özünə material yaratma proseslərini daha da dərinləşdirdi – bir sıra düşmən güclərə arxalanmaqla! Illərlə aldadılıb özümlüyünü itirən material indi özünə, özümlüyünə dönməkdədir. Bunu ANTIMILLI rejim də başa düşdüyündən Azərbaycanı Azərbaycan boyda türməyə çevirməkdədir. Olsun!