Söhbətə uzaqdan başlamaq istəmirəm. Artıq 38 gündür “Azadlıq” qəzetinin bank hesabına həbs qoyulub. Redaksiyaya heç bir yerdən pul vəsaiti daxil olmur. Üstəlik, bir ildir “Qasid” mətbuat yayımı firması qəzetimizin satışından gələn pulları bizə ödəmirdi. Dövlətə məxsus bu qurum bəhanə edir ki, borca düşüb və pulları verə bilmir; satır, xeyrini götürür, üstəlik, bizə çatan pulu da özünə saxlayır.
Çox sayda cərimələr, total bir məngənə içindəyik…
Biz artıq maaşsız işləyirik. Tərəddüd etmirik, maaşsız da işləyəcəyik. Onsuz da əməkhaqqımız böyük olmurdu. Işdən sonra əlavə iş tapacağıq, kitab redaktə edəcəyik, korrektorluq edəcəyik. Yeri gəlsə, daş da daşıyacağıq, tikintidə çalışacağıq, taksiçilik edəcəyik, evlərdə dərs deyəcəyik. Amma qəzetdəki işimizi davam etdirəcəyik. Bunu fədakarlıq da saymırıq. Söyləməyimizin isə yalnız bir mənası var: real vəziyyəti anlatmaq. Axı redaksiyada xərclər yalnız işçilərin maaşından ibarət deyil.
Yəni biz maaş almaq üçün dəstək və kömək istəmirik. Biz qəzetin mətbəə və digər xərclərini qarşılamaq üçün oxuculara üz tuturuq. Redaksiya kömək çağırışlarını bunun üçün edir. Bunu etmək də çətindir, çünki yardım istəmək asan deyil. Amma qəzeti yaşatmaq borcumuz var və bunun əksini düşünmək daha çətindir.
Köməyinizə ehtiyac var.
Redaksiya olaraq əsas gəlirimiz reklamdan olmalıdır, amma qəzetə reklam qadağası var, hakimiyyətin qorxusundan heç bir şirkət bizə reklam vermir. Hətta xarici şirkətlər. Bu halda redaksiyaya maliyyə yalnız qəzet satışından gəlir. Lakin illərdir yayıma da böyük əngəllər yaradılıb. Çox vaxt qəzet almaq istəyənlər onu tapmırlar. Ölkə əhalisinin 47 faizi kəndlərdə yaşayır, amma ölkənin heç bir kəndində qəzet köşkü yoxdur. Hətta Bakıda qəzet almaq müşküldür, onu yolüstü, əlaltı tapmaq olmur.
Qəzetçilik mənim peşəmdir, bu sahədə ali təhsil almışam, uzun illər qəzetlərin idarəçiliyi ilə məşğulam, üstəlik, yayım sahəsinə yaxşı bələdəm – həm təcrübədən, həm də bu sahədə apardığım araşdırmalardan. Mənim hesablamalarıma görə, hakimiyyətin yaratdığı əngəllər üzündən qəzetimiz ildə 10 milyon manat itirir. Bizim dövriyyəmiz isə 10 minlərə sıxışdırılıb, hətta buna da dözmürlər. Indi də satışdan gələn çox az məbləği də qapayıblar. Artıq pul hesabımız bağlıdır.
Məhz bu səbəblər ucbatından köməyinizə ehtiyac var, yoxsa redaksiya bacarıqsızlıqdan möhtac vəziyyətə düşməyib. Nə də burada çalışanlara yardım istənilmir. Qəzetin niyə bu əngəllərlə üzləşdiyini isə anlayırsınız. Hakim ailə və bütünlüklə hakimiyyət barədə bir çox həqiqətləri yalnız bu qəzet çap edir.
Doğum evində attestat verilsin
Dünənəcən Ilham Əliyevin böyük uğuru kimi qələmə verilən “Eurovizion”u Polad Bülbüloğlu qeyri-ciddi adlandırdı. Hamı da buna köklənib, bundan danışır. Oyunbazlar gündə bir söz danışırlar. Amma gözümüzün qabağında olduqca ciddi bir hadisə baş verdi və deyəsən, diqqətimizi çəkmədi.
Çağdaş təfəkkürlü təzə təhsil naziri Mikayıl Cabbarov prezidentə təklif yollayıb, o da razılıq verib və bundan sonra məktəbi bitirən hər kəs attestat alacaq. Hər kəs.
Yəni attestat bu cür qeyri-ciddi sənədə çevrildi. Zatən indiyədək də qeyri-ciddi sənəd idi, çünki onu pulla almaq olurdu. Artıq hamı ala biləcək onu və pul verib istədiyi qiyməti yazdıracaq. Yəni bir bazarı bağlayıb, o biri bazarı inkişaf etdirirlər.
Ilham Əliyev üçün isə heç bir fərqi var. Onun Azərbaycan boyda bazarı var.
Amma daha irəli getmək olar. Hər kəs sonda attestat ala biləcəksə, 11 ili niyə gözləmək lazımdır? Elə məktəbə gedən ilk gün hər bir azərbaycanlı attestat alsın. Onsuz da sonda ala biləcək. Hətta hər bir uşaq doğulanda artıq onun adına mamaçanın və doğum evinin baş həkiminin imzası ilə attestat vermək olar. Onsuz da alacaq bu uşaq onu. Uşaq qığıltısından böyük kamillik var. Elə buna kamal attestatı düşür.

Köməyinizə ehtiyac var
•