«Dostları» ilk həmlədə Cəmil Quliyevi tək qoydular
“Eurovision-2013″ün finalı Azərbaycan üçün qalmaqalla bitdi. Azərbaycan-Rusiya-Avropa qurumları arasında yaşanan gərginlik Fərid Məmmədovun uğurunu kölgədə qoydu. Fərid Ayselin, Araşın, Safuranın, Səbinənin gördüyü doğma münasibəti görmədi. Hətta onu sələflərindən fərqli olaraq Ictimai televiziyanın ”Yeni gün” proqramına belə üç gün sonra, sosial şəbəkələrdə qızğın müzakirələrdən sonra çağırdılar. Azərbaycanın “Eurovision”a həddən artıq diqqət göstərməsinin, ondan vasitə kimi istifadə etməsinin axırı belə olmalıydı. Fırıldaqların üstü axır ki, açılmalıydı.
Litvada Azərbaycanın xeyrinə səslərin tələbələrdən satın alınması videosundan sonra Rusiya təmsilçisinə verilən səslərlə bağlı dolaşıq məsələ gündəmə gəldi. Rusiya Azərbaycan təmsilçisinə ən yüksək – 12 bal versə də, Azərbaycandan Rusiyaya bir səs belə getmədi. Ukrayna 12, Gürcüstan 10, Malta 8 bal aldı. Niyəsi hələ də bəlli deyil. Final gözləntiləri ilə bağlı açıqlamalar maraq doğurur. Azərbaycan birinci olmağa çalışırmış. Prezident seçkiləri ilində Avropa ölkələrinin səsini “qazanıb” birinci olmaq indiki hakimiyyətə dividendlər gətirməliymiş. Alınmayıb. Azərbaycandan səs ala bilməməsinə görə ciddi ittihamlar səsləndirən Rusiya da birinciliyə ümidliymiş. Ukrayna da birinci yerdə özünü görürmüş. Qəribədir ki, səslənən fikirlər istək yox, reallıq kimi şərh olunur. Görünür, “Eurovision”da səslərin “haqq-hesabla” alınması barədə deyilənlər özünü doğruldur. Azərbaycanın 2011-ci il təcrübəsi MDB ölkələri üçün də keçərlidir. Birinciliyə iddialıların hər biri eyni üsullarla çalışdığına görə bir-birlərinə mane olublar. Və bu arada Azərbaycanın birinciliyi üçün çalışan missionerlərin başı elə qarışıb ki, Rusiyaya səs verdirməyi unudublar.
ITV-yə ciddi sanksiya tətbiq edilə bilər
Azərbaycan hökuməti, Ictimai televiziya səsvermə sayına görə Rusiyanın Ukraynadan sonra ikinci yerdə olduğunu iddia etsə də, Avropa Yayım Birliyi iddiaları qəbul etmir. Müsabiqənin təşkilat komitəsinin rəsmi nümayəndəsi Yarmo Siyma açıqlama verib: “Göndərilən səslər və münsif səsləri 50/50-yə hesablandıqdan sonra ümumi nəticə Rusiyanın Azərbaycanda ilk onluğa düşməsinə imkan vermirdi. Bu səbəbdən Azərbaycan Rusiyaya heç bir səs verməyib. Bu nəticə bizim partnyorlarımız olan Digame və PwC-dən olan müstəqil müşahidəçilər tərəfindən hesablandıqdan sonra yerindəcə notarial qaydada təsdiq olunub. Peşəkar münsiflərə edilən istənilən siyasi təzyiq ”Evrovision” müsabiqəsinin pozulması deməkdir və buna qarşı müvafiq ölçü götürüləcək”. Bu qalmaqaldan sonra səslərin hesablanması zamanı pozuntular təsdiqlənərsə, müsabiqə qaydalarına əsasən, iştirak edən teleşirkətə qarşı növbəti 3 il ərzində müsabiqədə iştirakın qadağan olunması sanksiyası tətbiq edilə, üzvlük haqqına 5%-dən 10%-nə qədər əlavə cərimələr də tətbiq oluna bilər. Qeyd edim ki, Ictimai televiziya “Eurovison”a görə artıq bir dəfə cərimələnib. Bu ötən illərdə ITV şərhçisinin Ermənistan təmsilçisinin çıxışını şərh etmədiyinə görə baş verib. O zaman Ictimai televiziya cərimə ilə daha ciddi sanksiyadan qoruna bilib. Amma baş verən situasiyada ən gülməlisi Ictimai televiziyanın direktoru Cəmil Quliyevin bəyanatı oldu. Baş direktor “Eurovision”a görə şəxsən məsuliyyət daşıdığını unudub məntiqsiz bəyanat verdi. Avropanı qarşısına aldı. Tam təsdiqlənməmiş informasiya yaymaqla işləri bir az da dolaşdırdı. “Eurovision” səsverməsində Azərbaycandan verilən səslərin nəticəsini Cəmil Quliyevin baş direktor olduğu Ictimai televiziyanın aparıcısı səsləndirib. Səslərin elan olunma proseduruna görə Azərbaycanın səsverməsinin nəticələri son anda məhz ITV direktoruna təqdim edilir. Direktorun imzaladığı siyahını diktor səsləndirir. Əslində qalmaqalın yaranmasında Cəmil Quliyevin siyasi hazırlıqsızlığı da rol oynayıb. Yekun nəticələri imzalayarkən baş direktor diqqətli olsaydı, Rusiyanın adının siyahıda olmadığını görərdi. Avropa Yayım Birliyi ilə əlaqə saxlayıb məsələni vaxtında aydınlaşdırardı. Azərbaycan canlı yayıma 24-cü ölkə olaraq qoşuldu. Aydınlaşdırmaq üçün yetərincə zaman vardı. Cəmil Quliyev məsuliyyətin ölçüsünü təxmin etməsə də bəyanat verərkən həyəcanı göz qabağındaydı. Bu olayın seçki ilində Azərbaycan-Rusiya münasibətlərinin kəskinləşməsində ayrıca çəkisi var. O, öz suçunu yaxşı bilir. Yeni baş direktorun vəzifə sevincinin ömrü bir ay belə çəkmədi. O, ilk uğursuzluğunu yaşadı. Hakimiyyətin təzyiqi, AzTV-dəki dostlarının etibarsızlığı ilə üzləşdi. Direktorun təcrübəsizliyindən istifadə edənlər onu qabağa verdilər. Və bir ay ərzində pərdə arxasından ITV-də baş verən prosesləri idarə edən Arif Alışanov Cəmil Quliyevi meydanda tək qoydu. Avropa Yayım Birliyi Ictimaiyə sanksiya tətbiq etsə, bu, Cəmil Quliyevin direktor karyerasında silinməz ləkə olacaq.
Gürcüstanlılar səksəkə içindədir
ITV-də “Eurovision” səsverməsiylə bağlı yaşananlara münasibət birmənalı deyil. Baş direktor və onunla birgə AzTV-dən ITV-yə gələnlər, Cəmil Quliyevin ətrafında olmağa çalışan köhnə ITV-çilər baş verənlərə məyus olublar. Sonucun necə olacağını bilmədiklərinə görə gərginlik içindədirlər. Keçmiş baş direktor Ismayıl Ömərovun adamı hesab edilən, Cəmil Quliyevin hədəfindəkilərsə baş verənlərin direktora dərs olacağını düşünürlər. Onlar ilk addımda büdrəyən Cəmil Quliyevin televiziyanın köhnə əməkdaşlarına indən belə daha çox güvənəcəyinə ümid edirlər. Köhnələr isə hələ də səksəkə içindədirlər. Onlara Ismayıl Ömərovun adamları kimi baxırlar. ITV-yə təzə gələnlər Ismayıl Ömərovla eyni zamanda işə başlayanlara düşmən münasibət bəsləyirlər. Şirkətdəki ən geniş, işıqlı otaqlara təzələr – müavinlər Əliabbas Quliyev, Oqtay Bayramov, proqram direktoru Fuad Vəlixanov yiyələniblər. Dəstədən geri qalmaq istəməyən kadr rəisi Mansur Bayramov da bərk əl-ayağa düşüb, divarları sökdürüb otağını genişləndirir. Bir zamanlar efirdə müstəntiqlik edən, müxalifətə düşmən kəsilən, bununla guya dövlətə, dövlətçiliyə xidmət edən Ismayıl Ömərov vəzifədən çıxarıldı, indi onun cəzasını yerdə qalanlar çəkir. Gürcüstanlılar sanki girovdurlar. Onları bir-bir işdən çıxarır, yerlərinə ancaq AzTV-dən kadrlar gətirilər. Açıq-aşkar “onunkular getməlidir, bizimkilər gəlməlidir” prinsipi gedir. Nə dövləti, nə ictimai efiri fikirləşən var, nə də insanları. Televiziya ilinin ortasında struktur dəyişir, yeni ştatlar açılır. Bu günlərdə maliyyə idarəsinə AzTV sədrinin sağ əli, “Telefilm” Yaradıcılıq Birliyinin direktoru, telefilmlərə, teleseriallara ayrılan pulların xərclənməsini bütünlüklə A.Alışanova etibar edən Səyavuş Məmmədovun oğlu Zaur gətirilib. Bu vəzifəni yerinə yetirən Şəfəq Nəcəfovanı yola saldılar. Onun ərizəsi bir ay irəlidən alınsa da vergi yoxlamalarının sonu gözlənilirdi. Iki aylıq vergi yoxlamaları isə yarımçıq qalıb. Yoxlamaya gələnlər yenidən qayıdacaqlarını deyərək gediblər. Audit yoxlamalarsa davam edir. Şirkətdə bu yoxlamanı A.Alışanovun təşkil etdiyinə çoxları əmindir. Onların fikrincə, məqsəd bütün maliyyə işləmələrinin üstünü xırdalıqlarına qədər açmaq və gələcəkdə bundan yararlanmaqdır. AzTV-dən gələn təzələrdən biri də A.Alışanovun həyat yoldaşı Mehriban Alışanovanın yaxın qohunu Zaurdur. O, baş direktorun texnika üzrə müavini təyin olunub. “Öz əlimiz, öz başımız”. Aldığımız məlumata görə, Cəmil Quliyev indilikdə “Yusif Sərrac” rolundadır. Yaxın illərdə Avropa Şurasının tələbilə dövlət televiziyasının ləğvi ideyası gerçəkləşə bilər. Bəlkə də iki televiziya birləşər. AzTV sədri Arif Alışanov bu televiziyaya rəhbər olmaq istəyir. Odur ki, kadrlarını bəri başdan yerləşdirir, texnikanı və maliyyə məsələlərini indidən nəzarətdə saxlayır. Hətta ITV-nin giriş qapısındakı mühafizə polislərini də dəyişiblər. Onların da AzTV-dən gətirildiyi bildirilir. Cəmil Quliyevin son yeniliklərindən biri ITV-nin həyətində şirkətə və əməkdaşlara pulsuz xidmət göstərən maşınyuma məntəqəsində pullu xidmətə keçirilməsidir. Qabaqlar şəxsi avtomobili olan əməkdaşlar da burda maşınlarını pulsuz yuya bilirdilər. Indi şirkətin maşınlarını yumaq 1 manata, şəxsi maşınları yumaq 4 manata başa gəlir. Təzə rəhbərlik sudan pul çıxarır. Hər il mayın 1-də Qubadakı pansionatda başlayan istirahət mövsümündən isə hələ də xəbər-ətər yoxdur. ITV rəhbərliyinin başı baş-ayaq islahatlara qarışıb, “Eurovision”un məsuliyyəti yaddan çıxıb. Ancaq bunu onların yadına mütləq salacaqlar. Sadəcə zamanı var.
A.Türkoğlu