Pir biznesi

Analoqu olmayan bir xəbər yayılıb saytlarda. Bu xəbərə əsasən bir daha bu qənaətimi gücləndirmiş oldum: Hər millətə özünə layiq hakimiyyət, iqtidar qismət olmur, əksinə, toplumlar öz başlarındakı iqtidara bənzəyirlər. Çünki o toplumu yaradan, şəkilləndirən həmin iqtidardı. Və bioloji olaraq hakimiyyətin, hökmdarın genləri onu doğuran toplumda mütləq üzə çıxır. Ya üzü, ya gözü, ya burnu-qulağı, ya da davranışları mütləq belindən gəldiyinin özünə oxşamağa başlayır.
Xəbər budur: Azərbaycanın rayonlarından birində hansısa pirin yiyələri bu pirimi, ziyarətgahımı, ocağımı girov qoyaraq, kredit götürmək istəyiblər. Bu haqda kredit üçün üz tutulan bankın əməkdaşlarından biri məlumat verib. Məsələ belədi ki, kredit üçün müraciət edənlər ziyarətgahın girov qoyulması müqabilində 300 min manat pul istəyiblər. Və həmin pulun da alınmasını belə sənədləşdirməyi təklif ediblər ki, guya, həmin vəsaitlə pirin təmiri gerçəkləşdiriləcək. Mənbənin bildirdiyinə görə isə, əslində, həmin pulla yeni fermanın salınması və kiçik sexin açılması nəzərdə tutulub. Maraqlı məqamlardan biri də odur ki, sənədlərdə ziyarətgahın aylıq gəliri də qeyd olunubmuş – 5000 manat.
Çıxan ilk nəticə budur ki, bu pir dediyimiz, əslində, sadəcə bir kommersiya obyektidi. Ayda 5000 gəlir nə deməkdi?! Indi nəticəni özümüz çıxarmalıyıq: bu kommersiya ilə məşğul olanlar – həmin pirin bağlı olduğu “müqəddəs övliyalar”, hansısa totemlər – məsələn ilan, inək, bayquş, qurd, ya başqa heyvanlardımı, yoxsa o pirin yiyələri, onunla nəsilbənəsil alver eləyən tayfa, nəsil, ya bir ailəmi? Yaxud da heç biri deyil, sadəcə, min illərdi canımızdan çıxmayan cəhalətdi əsas günahkar? Hər halda pir yiyələri camaatın cahilliyindən istifadə edib özləri üçün yaxşı biznes qurublar. Belə çıxır ki, pir dediyin də daşınmaz əmlak kimi bir şey imiş. Inanc və daşınmaz əmlak, biznes. Iş…
Dünyada ikinci belə xalq tapmaq olarmı? Inancın girov qoyulması faktıyla əminəm ki, bu faktdan sonra ilk dəfədi rastlaşırıq və öz unikallığımızı dünyaya sübut etmək üçün bundan gözəl nümunə ola bilməz. Bilmirəm, belə faktlarla Ginnesin kitabına düşmək olar, ya yox. Hər halda, bir ilk kimi dünyada bunun anoloqu yoxdu. Belə-belə şeylərlə qarşılaşdıqca mən dövlət başçısının sözlərinin doğruluğuna olan şübhəmdən əl çəkməyə başlayıram. Gerçəkdən dünyada anoloqumuz yoxmuş. Intellektin kapital olduğunu, hansısa işə sərmayə kimi yatırıldığını bilirdim, bu, artıq adi bir şeyə çevrilib, ancaq inancın kapital olması… bax, bu məqam artıq sözün bitdiyi yerdi.
Yazıçı-mistik-solçu-konspiroloq Həmid Heriçsi israr eləyir ki, pirlərə inanaq. Ancaq bilmirəm Həmid ağaya inanım, ya əlahəzrət fakta. Kim bilmir ki, Azərbaycanda mövcud olan pirlərin hamısı məhz cəhalətlə alver eləyən kommersiya obyektidi. Belə çıxır, Marks haqlı imiş – kapital, kapital, yenə də kapital. Onda yüz iyirmi dörd min pirə inanınca tək Marksa inanmaq daha ağlabatandı. Yoxsa bu pir həqiqi pir olsaydı, ki eləsi olmur, onda elə öz kredit işini düzüb-qoşardı.
Nə isə, keçək toplum və hakimiyyət bənzərliyinə. Vətəni sevmək imandandısa, onda vətən əsil ocaqdı, pirdi. Bu vətənin adı Azərbaycandı bizim üçün. Artıq iyirmi ilə yaxındı ki, bu vətən, bu iman hakimiyyət tərəfindən bütün dünya siyasi banklarında (elə gerçək banklarda da) girov qoyulur, qoyulmağa çalışılır. Indi bu iş xüsusilə sürətlənib. Gah Qərb, gah Rusiya, gah da Iran. Hər birinin bir “həri”si bəs eləyir ki, Azərbaycanı girovluğa qəbul etdiyini desin, bunlar da versinlər getsin. Əvəzində kapital (siyasi kredit) götürsünlər, adını da sənədləşdirsinlər ki, Azərbaycanın təmirinə sərf olunacaq. Əslində isə söhbət hansısa fermalardan, sexlərdən gedir. Yəni hakimiyyətdən. Ki, onlar üçün hakimiyyət ferma, karxana, sexdən başqa bir şey deyil. Bənzərlik bu qədər. Indi görək imanımızı girovluğa kim götürəcək. Zaman göstərəcək.