Rəşid Hacılı: «Məqsəd ədaləti bərpa etmək deyil, qəzeti çökdürməkdir»
Son dövrlər “Azadlıq” qəzetinə qarşı tətbiq edilən iri cərimələr qəzetin fəaliyyətinə ciddi əngəllər yaradır. Hazırda Metropoliten rəisi Tağı Əhmədovun iddiasına əsasən çıxarılan məhkəmə qərarı ilə qəzet 30 min manat cərirmələnib və hesabında həbs var. Bu hələ son deyil. Müdafiə Nazirliyi “Azadlıq”ı məhkəməyə verərək 100 min manat təzminat istəyir.
Əslində isə Azərbaycanda bu məbləğdə, ümumiyyətlə, cərimələr mövcud deyil.
Media Hüquqları Institutunun direktoru Rəşid Hacılı Azərbaycanda ağır cinayətlərə görə cəzadan sonra 825 manat, xüsusilə ağır cinayətlər üçün 1600 manatdan çox cərimə müəyyən edilmədiyini deyir. Buna baxmayaraq məhkəmələr ağır cinayət sayılmayan diffamasiyaya görə 30-50 min cəza tətbiq edir. Bu isə heç bir məntiqə uyğun gəlmir.
R.Hacılı mənəvi zərərin kompensasiyası üçün 30 min, yaxud 100 min manatın təyin olunmasının qeyri-proporsionallıq, qeyri-bərabərin göstəricisi olduğunu deyir. Artıq burda məqsəd ədaləti bərpa etmək, kiməsə dəymiş mənəvi zərəri kompensasiya etmək deyil, sadəcə olaraq qəzeti çökdürməkdir: “Diffamasiyadan qorunmaq haqqında qanun var, biz onun yaranmasında yaxından iştirak etmişik. Hökumət həmin layihəni Venesiya Komissiyasına göndərib. Amma orda əsas iki məsələni çıxıblar. Biri cinayət diffamasiyasının aradan qaldırılması, biri də mənəvi zərərə görə kompensasiya məbləğinin məhdudlaşdırılması maddəsidir. Bu da hökumətin mənəvi zərərə görə ədaləti bərpa etmək niyyətinin olmadığını göstərir”.
R.Hacılı bu problemin yoluna qoyulması üçün təkliflərinin olduğunu da qeyd etdi: “Təklif ondan ibarət ola bilər ki, qəzetlərlə, jurnalistlərlə bağlı kompensasiyanın məbləğinə müəyyən məhdudiyyət qoyulsun. Ondan yuxarı məbləğin alınması imkanı məhkəmələr tərəfindən aradan qaldırılsın”.
Fizzə