Azərbaycan Avstraliyada da tənqid olundu


Azərbaycanda sərbəst birləşmə və fikir ifadə etmə hüquqları pozulur, vətəndaş cəmiyyətinin fəaliyyət imkanları məhdudlaşdırılır

Mayin 23-də Sidneydə Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə (MSŞT) 5-ci Qlobal Konfrans işinə başlayıb. Konfransda dünyanın 80-dək ölkəsindən, aparıcı beynəlxalq təşkilatlardan, transmilli korporasiyalardan 1000-ə qədər nümayəndə iştirak edir. Azərbaycan nümayəndə heyəti hökumət, mədən sənayesi, auditor şirkətləri və vətəndaş cəmiyyətinin təmsilçilərindən ibarətdir. Nümayəndə heyətinin tərkibində hökuməti Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, vətəndaş cəmiyyətini Sabit Bagirov, Əliməmməd Nuriyev, Sahib Məmmədov, İlham Hüseynli, Elçin Abdullayev, Mübariz Tağıyev və Qubad İbadoğlu təmsil edir. Konfransdan əvvəlki gün MSŞT İdarə Heyəti yeni qaydaları təsdiq edib. Eyni zamanda həmin gün “Ödədiyini açıqla” beynəlxalq QHT Koalisiyasının təşəbbüsü ilə vətəndaş cəmiyyəti nümayəndələri üçün təqdimat keçirilib. Toplantıda MSŞT İdarə Heyətinə yeni seçilən üzvlərin təqdimatı olub. 2013-2015-ci illər üçün İdarə Heyətinin Avrasiya regionundan yeni seçilmiş üzvü Qubad İbadoğlu da platformasını təqdim edib. Qeyd edib ki, Beynəlxalq İdarə Heyətinin üzvü kimi onun fəaliyyətinin əsas hissəsi 2 məsələyə – insan haqlarına və kommunikasiya məsələlərinə həsr olunacaq. 
Mayin 23-də “MSŞT: səffaflıqdan sonra” adı altında qlobal konfransın açılışı olub. Açılışda MSŞT-nin Beynəlxalq İdarə Heyətinin sərdi Kler Şort salamlama nitqi ilə çıxış edəndən sonra plenar iclasda Sierra Leonun prezidenti Ernest Bay Koroma, Solomon adalarının baş naziri Qordon Darsi Lilo, Toqonun baş naziri Artem Kvesi Selegoci, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının sədri Erik Solxeim çıxış edib. Sonra MSŞT -nin Beynəlxalq İdarə Heyətinin üzvlərinin iştirakı ilə müzakirələr davam etdirilib. MSŞT-nin İdarə Heyətinin üzvü, ABŞ-ın Gəlirlərə Baxış İnstitutunun sədri Entoni Rixter insan haqlarına hörmətin şəffaflıq və hesabatlılığın vacib elementi olduğunu vurğulayaraq, konfrans iştirakçılarının diqqətini Azərbaycanda vətəndaş cəmiyyətinin problemlərinə cəlb edib. Bildirib ki, Azərbaycanda sərbəst birləşmə və fikir ifadə etmə hüquqları pozulur, vətəndaş cəmiyyətinin fəaliyyət imkanları məhdudlaşdırılır.
Konfransda “Ödədiyini açıqla” beynəlxalq QHT Koalisiyasının üzvləri olan vətəndaş cəmiyyətinin nümayəndələri Şevron, BP, EksonMobil və Şell şirkətləri əleyhinə aksiya keçirib və şüarlar səsləndirərək, həmin şirkətləri şəffaflığa dəvət ediblər.
Konfrans mayın 25-də MSŞT -nin Beynəlxalq İdarə Heyətinin yeni tərkibdə toplantısı ilə işini başa çatdırır.