Hakimiyyətin ATƏT-lə bağlı planı iflasa uğrayır

Yanez Lenarçiç: «Seçkilərin monitorinqi ilə bağlı indiyədək  Azərbaycandan dəvətin gəlməməsi narahatlıq yaradır»

«ATƏT üzvü olan bəzi ölkələrdə əsas hüquq və azadlıqların ifadə olunması üçün məkan daralır»

ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosu (DTIHB) digər 6 ölkədə – Gürcüstan, Almaniya, Norveç, Avstriya, Tacikistan və Türkmənistanda olduğu kimi bu ilin sonunda Azərbaycanda keçiriləcək seçkilərin monitorinqinin aparılmasını “səbirsizliklə gözləyir”.
“Biz ATƏT regionunda seçkiqabağı hadisələrin müşahidəsi üzrə səyləri davam etdiririk. Hazırda DTIHB ATƏT-in 57 ölkəsindən 56-da monitorinq həyata keçirir”,- təşkilatın direktoru, səfir Yanez Lenarçiç “Turan”ın Vaşinqton müxbirinə müsahibəsində bildirib. O qeyd edib ki, monitorinqdən kənarda yalnız Rusiya qalır.
Bu il DTIHB onadək ölkədə monitorinq üzrə fəaliyyətini genişləndirib. Lakin oktyabrda keçiriləcək prezident seçkilərinin monitorinqi ilə bağlı indiyədək  Azərbaycandan dəvətin gəlməməsi narahatlıq yaradır.
Ötən həftə Vyanada ATƏT-in Daimi Şurasında çıxış edən XIN rəhbəri Elmar Məmmədyarov öz ölkəsinin ATƏT qarşısındakı öhdəliklərə uyğun olaraq monitorinqə tərəfdar olduğunu bildirib. Eyni zamanda Bakı ATƏT ofisinin mandatının  texniki səviyyəyədək endirilməsini təklif edib.
Buna cavab olaraq AI və ABŞ Azərbaycanda daxili siyasi vəziyyətlə bağlı narahatlıqlarını bildiriblər. Belə ki,   bu durum nəinki ATƏT qarşısındakı öhdəlikləri pozur,  həm də ikitərəfli münasibətlərə təsir göstərir.
Belə ki, Avropa Ittifaqının bəyanatında deyilirdi ki, “2013-cü ilin prezident seçkiləri Azərbaycanın demokratik inkişafı üçün vacibdir. Ölkə beynəlxalq standartlara uyğun olaraq azad, ədalətli və şəffaf seçkilər keçirməlidir.
Müxalifət namizədlərinə öz baxışlarını və proqramlarını təqdim etmək üçün real platforma verilməlidir və  onlar bərabər əsaslarla rəqabət aparmalıdır.
Biz seçkilərin, o cümlədən seçkiqabağı kampaniyanın monitorinqi məqsədilə ATƏT DTIHB və digər beynəlxalq müşahidəçilər üçün vaxtında və məhdudiyyətsiz  dəvəti səbirsizliklə gözləyirik”.

Öz növbəsində ABŞ-ın ATƏT-dəki səfiri Yan Kelli bildirib  ki, onun ölkəsi ümid edir ki, Azərbaycan ATƏT-i prezident seçkilərinin müşahidəsi üçün tammiqyaslı monitorinq missiyasını genişləndirməyə dəvət edəcək.
Vaşinqtonda ABŞ ATƏT çərçivəsində razılaşmaların reallaşmasına müşahidə üzrə Helsinki Komissiyası bəzi ölkələrin DTIHB-nin işini məhdudlaşdırmaq cəhdlərindən narahatlığını bildirib. “Biz öz regionunda seçkilərin müşahidəsi və insan hüquqlarının müdafiəsi baxımından DTIHB-nin fəaliyyətini dəstəkləyirik”,- Helsinki Komissiyasının rəhbəri senator Benjamin Karden vurğulayıb.
DTIHB-nin rəhbəri, səfir Lenarçiç hesab edir ki, bəzi ölkələrdə hüquq müdafiəçilərinin sərbəst fəaliyyətinə məhdudiyyətlər qoyulur. Həmçinin ATƏT üzvü olan bəzi ölkələrdə əsas hüquq və azadlıqların ifadə olunması üçün məkan daralır. Bunun nəticəsi olaraq qanunvericiliyin məhdudlaşdırılması, vətəndaş cəmiyyətinin fəaliyyətinə nəzarət baş verir. Digər həyəcan siqnalı vətəndaş  cəmiyyəti üzvlərinə, dinc nümayişçilərə “ekstremist”  və ya “xarici casus” damğasının vurulmasıdır.
Hazırda DTIHB birləşmə azadlığı üzrə rəhbər prinsiplərin hazırlanması ilə bağlı Avropa Şurası Venesiya Komissiyası ilə birgə fəaliyyətə başlayır. Bu, dövlətlərə mövcud prinsiplərə əlavə olaraq dinc toplaşma azadlığı üzrə  öz öhdəliklərini yerinə yetirməyə imkan verəcək.