ADP-də Sərdar Cəlaloğluna etiraz

Sərdar Cəlaloğlu: «Mənim «Xalq qəzeti»nə verdiyim müsahibə partiyada tənqidlə qarşılandı»

Aldığımız məlumata görə, bir neçə gün öncə ADP-də geniş iclas keçirilib və partiya sədri Sərdar Cəlaloğlunun tutduğu mövqe sərt tənqid olunub. Belə ki, partiyanın Rəyasət Heyəti Sərdar Cəlaloğlunun müxalifətə, Milli Şuraya olan münasibətini, mətbuata bu səpgidə verdiyi müsahibələri  partiyanın mövqeyinə zidd hesab edib. Partiyanın Təftiş Komitəsi daha sərt tənqidlər səsləndirib. Bildirilib ki, Sərdar Cəlaloğlu ADP-ni təmsil etdiyi üçün, öz fikirlərinə diqqətlə yanaşmalı, şəxsi fikirlərini partiyanın mövqeyi kimi ifadə etməməlidir.
Bizə verilən məlumata görə, ADP sədrinin müavini Rəşid Mansurov da tutduğu postdan istefa verəcəyini bildirib. Buna səbəb isə Sərdar Cəlaloğlunun “sizi mən müavin təyin etmişəm, mən də azad edərəm” fikri olub.
Son olaraq qərara alınıb ki, partiyanın qurultayı keçirilsin və yeni sədr seçkisi səsə qoyulsun.
Məsələ ilə bağlı ADP sədri Sərdar Cəlaloğlunun fikirlərini də öyrəndik.
Sərdar Cəlaloğlu bildirdi ki, bu iclasda tənqidi fikirlər sələndirilib və bu, partiyadaxili demokratiyanın təntənəsidir: “Mənim ”Xalq qəzeti”ndə müsahibəm dərc olunmuşdu. Bu müsahibədə müxalifətə qarşı tənqidi fikirlər yer almışdı. Partiyada isə bildirdilər ki, bu formada müsahibə verməyim, müxalifəti tənqid etməyim partiyanın tutduğu mövqeyə, siyasi kursa ziddir”.
Rəşid Mansurovun müavinlikdən istefa verməsinə gəlincə, Sərdar Cəlaloğlu bildirdi ki, hələ mənə heç kim rəsmi istefa ərizəsi ilə müraciət etməyib: “Kimsə istefa vermək istəyirsə, mən onun seçiminə hörmətlə yanaşıram və bunu normal qəbul edirəm. Ancaq hazırda Rəşid Mansurov qərargahda fəaliyyətini davam etdirir”- deyə Sərdar Cəlaloğlu bildirdi.

Ilham Hüseyn