NIDA-çıların həbsindən hər gün yazsaq da çox olmaz. Çünki bu həbslərin arxasında zamanın gerçək mahiyyəti gizlənib. Zaman dəyişmək, işıqlanmaq istəyir, lakin onun qarşısını almaq istəyənlər bütün güclərini səfərbər ediblər. Hər şeydən əvvəl dəyişikliyin və yeniliyin öncülü olan gəncliyi dayandırmaq, susdurmaq istəyirlər. NIDA-çıların (bu təşkilatın üzvü olmayan eyni əqidəli digər gəncləri də bu cür çağıra bilərik) həbsi üçün qurulan şou bu qədər hiyləgər niyyətə söykənib. Bəli, bununla tarixin qarşısını almaq istəyirlər. Mən həmin həbsləri qısaca belə dəyərləndirirəm: keçmişin adamları gələcəyin adamlarını həbs etdilər. Əbəs yerə olsa da. Zaman qarşısıalınmazdır.
Bəlkə ona görə də NIDA-çıların həbsi ən ülvi hisslər oyatdı. Təkcə günahsız insanların həbsi deyildi bu. Təkcə dəyərli əqidə yoldaşlarımızın həbsi deyildi. Bizə elə gəldi, qardaşlarımızı, övladlarımızı həbs etdilər. Həbsə gedən gənclər də bu ülviliyi bir az da coşdurdular. Yazdıqları məktublarla, gələcəyə ümidləri və arzuları ilə. Hakimiyyət repressiya maşınının ən amansız üsullarla işə salsa da, gənclər bu arada çox təsirli məktublarla başqalarına nikbinlik aşılaya bildilər. Onlardan gələn xəbərləri oxuduqca Nazim Hikmətin o məsum, tarixi şeiri yada düşürdü.
Onlardan xəbər gəldi,
Ordan,
onlardan.
Köynəkləri kirli deyil,ÿ
çatılmamış qaşları,ÿ
yalnız bir az
uzanmış saqqalları.
“Yandıq” – deməmişlər.
Dayanmışlar, bilirəm.
“Dayandıq” -ÿ
deməmişlər.
Gözləri gülərək
baxırlarmış adama.
Gicgahında təzə bir yara varmış, amma
Çatılmamış qaşları,
yalnız bir azÿ
uzanmış saqqalları.
…Onlar dözümlüdür, onlar mərddir. Bu şeirdəki kimi. Lakin bu bizə arxayınlaşmağa, səmimi duyğularla sakitləşməyə əsas verə bilməz. Təbii ki, öncə onların bağlı olduğu mübarizə yaşamalıdır. Müvəqqəti durğunluq ola bilər, amma zamanın ruhu tezliklə cəmiyyəti daha sərt və daha effektli mübarizəyə kökləyəcək. Buna əminəm. Amma həbsdə olan məğrur gəncləri də müdafiə etməliyik. Bu, elə mübarizənin başlıca motivlərindən olmalıdır. Zaur Qurbanlının xəstəlik xəbərindən (vəkilin açıqlamasından) sonra bu haqda daha dərindən düşünməliyik.
Zaur qorxmaz bir insandır. Aydın düşüncəsi, yetərincə möhkəm iradəsi var. Ondan yalnız bizi coşduran xəbərlər, məktublar, mesajlar alırıq. Amma onun talassemiya kimi ağır xəstəliyinin olması mənim qanımı dondurdu. Bu xəstəliyi olan insanın haqsız tutulması bir yana qalsın, sadəcə həbsdə olması dəhşətlidir. Bilmirəm, hamı bu xəstəliyin nə olduğunu anlayırmı. Bu, həbs deyil, açıq şəkildə başqasının həyatı ilə oynamaqdır.
Zaur bizi köməyə çağırmır. O özünü həbsdə olan başqa dostlarından ayırmır. Ondan gələn xəbərlər də bizdə yalnız Nazim Hikmətin şeirindəki duyğuları oyadır. Heç vaxt xəstəliyindən söz salmayıb. Özünü elə aparır ki, heç bir xəstəliyi yoxdur. Amma biz də özümüzü elə apara bilmərik ki, sanki onun heç bir xəstəliyi yoxdur…
Ümumiyyətlə, bu gənclərin hamısının hər bir çətinliyi, hər bir halı bizim harayımız və öz halımız olmalıdır.