Tale Bağırzadənin Hüquqlarını Müdafiə Komitəsinin sədri Elçin Namazov qanunsuz həbslərə etiraz mitinqi təşəbbüskarları adından ictimai-siyasi qurumlara müraciət edib. “Media forum”a daxil olan müraciətdə deyilir ki, hakimiyyət ötən illərdə olduğu kimi 2013-cü ildə də etiraz edən insanları əsassız olaraq həbs etməklə zərərsizləşdirmək taktikasından istifadə edir: “Hazırda cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında bu cür haqsız həbsə məruz qalmış 40-dan yuxarı şəxs saxlanır. Onların arasında siyasi qurumların rəhbərliyində təmsil olunan şəxslər, siyasi partiya fəalları, jurnalistlər, hüquq müdafiəçisi, ilahiyyatçılar, gənclər təşkilatı üzvləri, “Facebook” fəalı, hicab məhbusları var.
Tale Bağırzadənin Hüquqlarını Müdafiə Komitəsi ölkədəki özbaşınalıq mühitindən xilas olmaq üçün bütün qanunsuz həbslərlə bağlı etiraz mitinqi keçirmək təşəbbüsü ilə çıxış edir. Aksiyanın 1 iyun, saat 16-da keçirilməsini təklif etmişik. Bakı Şəhər İcra Hakimiyyətinə yazılı xəbərdarlıq məktubu göndərilib”.
Müraciətdə ölkənin bütün aparıcı ictimai-siyasi qurumları bir araya gəlməyə çağırılıb, aksiyanı dəstəkləyən bütün qurumların nümayəndələrindən ibarət mitinq komitəsi yaratmaq və aksiyanı birlikdə keçirmək təklif olunub.


