Tahir Kərimli “şallaq məsələsi”ndən danışdı

Vəhdət Partiyasının sədri Tahir Kərimli açıqlamasında “Tövbə” Cəmiyyətinin sədri Hacı Əbdülün onun haqqında dedikləri barədə danışıb. O, gunxeber.com-a açıqlamasında Hacı Əbdülü dini inancdan istifadə etməkdə ittiham edib:
“Mən belə səviyyəsiz və gülünc məsələ ilə bağlı danışmaq istəmirəm. Bir zaman müxalifətlə düşmən olub, indi onların sevimlisinə çevrilib. Bircə onu deyim ki, özünə hacı deyir, amma Allahı aldatdığını deyir. Deyir ki, tövbə etdirmək mənim məqsədim deyildi, Tahirdən intiqam alırdım. Bu adam dini inancdan da öz məqsədləri üçün istifadə edir”.
Tahir Kərimli belə bir hadisənin baş vermədiyini iddia etməyib. Dolayısı ilə belə hadisənin baş verdiyini təsdiqləyib.
Xatırladaq ki, Hacı Əbdül “Azadlıq” qəzetinə müsahibəsində T.Kərimlinin rəhbəri olduğu cəmiyyətdə tövbə elədiyini və daha sonra onu şallaqladığını deyib. Hacı Əbdül bu hadisəni belə nəql edib: “Mən Moskvadan qayıdandan sonra Tahir Kərimli gəldi məscidə. Zalda oturduq, camaatın qarşısında. Mən tövbə ilə bağlı sözləri dedim bu da təkrar elədi. Sonra dedim ki, tövbə elədin, indi uzan. Qayıtdı ki, arxası üstə uzanım, yoxsa üzü üstə? Dedim arxası üstə. Bu arxası üstə uzanan kimi götürdüm şallağı və üzümü göyə tutub dedim: Pərvərdigara şükr olsun sənin böyüklüyünə. Vaxt var idi mən bu adama ərizə yazıb xahiş edirdim ki, məni azad etsin, indi uzanıb qabağımda. Buna üç dənə şallaq vurdum.
Elə bərk vurdum ki, hələ indiyə qədər yadından çıxmaz onun”.