Pərviz Cəbrayılın “Allah ayıbınızı örtsün, kişilər…” köşəsinin davamı

Ölkədəki haqsızlığa, ədalətsizliyə etiraz edən cəsur kişilərin yarısını həbs ediblər, qalanlarının da həbsinə hazırlıq gedir. Elə ona görə də məmləkətdə sakitlikdir, çünki 10-15 kişidən başqa hamı susub. Vaxt var idi, kişilər bütün qadınları, uşaqları quldurlardan, şərəfsizlərdən qorumaq üçün üsyan edirdilər, savaşa gedirdilər, həlak olurdular. Indi isə ailəsinin haqqını tələb edən, arvad-uşağını qorumağa cəsarəti çatan kişi qalmayıb.
Doğrudur, küçədə gəzən, tində dayanan, arvadının qazancı hesabına yaşayan, satqınlıq, yaltaqlıq yolu ilə maşın alıb şellənən bığ-saqqallılar həddən artıq çoxdur. Amma onlar kişi deyil ki. Elələri mini-kişi, ət və sümükdən düzəldilən maket-kişidirlər. Allahım, bizim nə günahımız var idi ki, bığ-saqqallı, canlı maket-kişilərin umuduna qaldıq?!
Bir zamanlar pula, mükafata görə danışanlar, sonra uzun müddət susduqlarına görə mükafat, vəzifə aldılar, indi isə yenidən “danışmağa” başlayıblar. Onlar vəzifə almaq üçün susmaqdan daha iyrənc vasitəyə əl atıblar: saytlara, qəzetlərə, telekanallara arvad-uşaqlarının qeybətini edir, vəzifə eşqinə ailələrinə şər-böhtan atırlar. Elələri üçün ən çirkin vəzifə, ən gözəl uşaqdan, ən ağıllı qadından əzizdir, şirindir. Heç kimə sirr deyil ki, vəzifəyə can atan, o yolda ən müqəddəs hissləri tapdalayıb keçən kişi əlindən bir iş gəlməyən, camaat içində hörməti olmayan, qadınların sevmədiyi biri olur. Axı özünə güvənən güclü kişinin vəzifəyə nə ehtiyacı var? Ruhən zəif, başdanxarab kişi diqqəti cəlb etmək, möhür, kreslo gücünə onu saymayanlardan qisas almaq üçün vəzifədə olmaq istəyir. Bunun ancaq bir adı var: GICBƏSƏRlik, ŞƏRƏFSIZlik!
Yəqin çoxu xatırlayar, Heydər Əliyevin ağır xəstə olması haqqında xəbərlər yayılandan sonra vəzifədən qovulanların çoxu toy-bayram edirdi, qurban kəsirdi. Deyirdilər ki, Heydər Əliyevin yerinə oğlu Ilham Əliyev gələcək, o isə atası kimi çoxbilmiş, uzaqgörən, bacarıqlı siyasətçi deyil. Onların fikrincə, Ilhamdan vəzifə almaq balaca uşaqdan qoğal almaq kimi asan bir iş olacaqdı. Artıq 10 ilə yaxındır Ilham Əliyev prezidentdir, susub vəzifə, orden-medal gözləyənlər ondan bu illər ərzində bir noğul da ala bilmədilər. Elələri vəzifə almaq üçün klounun da prezident olmasını istəyər. Arvad-uşağı şantaj edib, şöhrət, var-dövlət üçün hər cür alçaqlıq edən şərəfsiz kişilər müxtəlif sortlara bölünüblər.
Misal üçün, biri deyir ki, ay camaat, müğənni arvadımı yataqda başqa kişi üçün mahnı oxuyan yerdə tutdum, tüfənglə atəş açdım, amma dəymədi, kişi deyiləm əgər onu da, “dinləyici”sini də öldürməsəm. Üstündən heç bir gün keçmir, deyir ki, ay millət, siz Allah məni bağışlayın, qısqanclıq gözlərimi kor edib, arvadımla yataqda olan mənim maketim olubmuş. Əlbəttə, elə qeyrətsizin yaxşı “görməsi” üçün heç şübhəsiz müğənni arvad bir xeyli xərcə düşməli olur. Amma nə olsun, yataqdakı “dinləyici”lərin canı sağ olsun! Zatən, indiki müğənnilərlə evlənən kişilər yataqlarını biznesmenlərlə könüllü bölüşəcəklərini toydan əvvəl bilirlər.
Vaxtilə yüksək vəzifədə olan, Heydər Əliyevin vaxtında işdən qovulan bir manyak qonşum var: keçmiş məmur illərdir arvad-uşağını əmin edir ki, yenidən yüksək vəzifəyə gedəcək, onu formadan düşməyə qoymasınlar. Köhnə məmurun “məşqləri” ailəsi üçün dəhşətli işgəncədir: yeyib-içməkdən, kefdən evə qayıdan köhnə məmur maşın siqnalının səsini gec eşidən arvad-uşağı əvvəlcə möhkəm danlayır, təhqir edir, sonra uşaqlara barmağı ilə işarə edir darvazanı açsınlar və elə əda ilə maşından düşür ki, sanki yenicə vəzifə almış nazirdir. Zavallı arvad köhnə sənədlərlə dolu diplomatı elə ehtiyatla içəri aparır ki, sanki içində Qarabağın azadlıq xəritəsi var. Namərd adamın evdə yaratdığı qorxulu ab-havadan gənc oğlu dərddən vərəm xəstəliyinə tutulub vəfat etdi. Oğlunu çərlədən, övladının müalicəsi üçün pul xərcləməyə xəsislik edən diktator ata indi od qiymətinə keçəlinə tük əkdirir və başqa ölü yerlərini diriltməklə məşğuldur. Sinəsinə çalın-çarpaz övlad dağı çəkilən qadından “niyə o qeyrətsizdən vaxtında boşanmadın, övladını xilas etmədin?” soruşanda, üzünü cırmaqlayıb, saçını yolub deyir: “Mən boşanırdım, amma hər dəfə məhkəməyə getmək istəyəndə ərim deyirdi ki, hünərin var boşan, deyəcəyəm ki, səni fahişəliyinə görə mən boşadım”. Yəni bir ana üçün “fahişə” sözü övladını dərdə salıb öldürməkdən daha ağırdır? Ərlərini yedirdib-içirdən, onlar üçün dükandan nisyə siqaret, araq alan qadınlar, yatanda diqqətli olun, bir gün hesabınıza dolanan ərciklərdən boşananda çılpaq şəkillərinizi qəpik-quruşa sata bilərlər.
Bilmirəm, nədənsə mənə elə gəlir ki, bu ölkəyə azadlıq, demokratiya, xoşbəxtlik hakimiyyət dəyişikliyi ilə yox, qadınların namərd, cılız kişilərdən imtinasından, hər bir qadının içindəki bütün qorxuları yox etdikdən sonra gələcək. Çünki dünyanı da, ölkəni də, evi də, uşağı da qadın yaradır, yaşadır. Əsl KIŞI qeyrətli, aslan qadınlar, şərəfsizlərin, gicbəsərlərin hədə-qorxusunu, şər-böhtanını, dedi-qodusunu vecinizə almayın! Yaratdıqlarınıza, sevdiklərinizə sahib çıxın, onları göz bəbəyi kimi qoruyun…