O açıqlamaların arxasındakı əsl həqiqət

Dünən Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətlərilə iş şöbəsinin müdiri Süleyman Ismayılovun açıqlamalarını oxudum, xeyli ləzzətli söhbətlər var onun dediklərində.
Məsələn, bu cənabın sözlərindən belə çıxır ki, xalq Prezident Administrasiyasına ancaq Ilham Əliyevi dəstəklədiyi, onun ətrafında sıx birləşdiyi, öz ömründən kəsib onun ömrünə bağışladığı haqqında yazır. Hələ bu cümləyə baxın, siz Allah: “Müraciətlərin formasından asılı olmayaraq, hamısında bir fikir qırmızı xətt kimi keçir: ”Mən Prezidentə çox inanıram və onun siyasətini dəstəkləyirəm…”
Guya, başqa cür də mümkündür bəyəm? Gedin, Sovet illərində Bakıdan Moskvaya göndərilən şikayətlərin nüsxələrini tapın oxuyun. Sonra da baxın görün, hansında məktub müəllifləri öz dərdlərinə daha tez əncam çəkilsin, qəzəbə tuş gəlməsinlər deyə, rəhbəri mədh etmir, onun şəninə tərif oxumurdular? Hansında sözləri yüz ölçüb, bir biçmirdilər ki, qaş qayırarkən vurub göz də çıxarmasınlar?
Amma axırı necə oldu? Əsas sual budur.
Süleyman Ismayılov daha sonra şikayətlərin azaldığını deyir. Guya, bu, ölkədə dərdlərin, qayğıların azalmasınınmı göstəricisidir? Məncə, deyil. Əksinə, möhtərəmə, onun aparatına güvənin, inamın azalmasının məntiqi sonluğudur. Xalq baxır ki, onları alçaldan, təhqir edən, soyan, talayan məmurlardır, cəzalandırılan isə o məmurlara etiraz edənlər, qəzəbindən, hikkəsindən onların mülklərini, maşınlarını yandıranlardır, daha niyə şikayət etsin, necə şikayət etsin, kimdən kimə şikayət etsin?!
Vəssalam, məsələ bu qədər bəsitdir.
Folkneri xatırlamaq
Ümumiyyətlə isə bu ölkədə çoxlarına elə gəlir ki, onların “yuxarılar”a yazdıqları məktubu heç vaxt oxumurlar. Oxusalar, məsələn, sizin hansısa rayon icra başçısından şikayətinizi elə həmin icra başçısının üstünə göndərməzlər.
Hansısa rayon prokurorundan, hansısa polis rəisindən, hansısa nazirdən şikayətinizi “baxılıb əncam çəkilməsi” üçün elə onların üstünə göndərməzlər.
Bunları yazarkən bir anlıq nə vaxtsa Folkner haqqında oxuduqlarımı xatırladım. Deyilənə görə, ölümündən sonra arxivi ələk-vələk edilərkən bu məşhur romançının oxucularından aldığı məktubların birinin belə, zərfinin ağzını açmadığı məlum olub.
Səbəbi isə nə vaxtsa poçtalyon işləmiş Folknerin məktublardan zəhləsinin getməsi imiş.
Bir dəfə ünvanlarına çatdırılması üçün ona verilən məktubları zibil yeşiklərinə atdığı açıqlanınca işdən qovulubmuş Folkner.
Nə isə… Elə çıxmasın ki, Folkneri Prezident Administrasiyasındakılarla müqayisə edirəm. Əsla! Məşhur yazıçının ruhunu incitmək kimi bir fikrim-zadım yox idi, sadəcə, mövzumuz məktublar olduğundan qəfil xatırladım, söz də sözü çəkdi, ona görə yazdım bunu.
Riyakarlıqla peşəkarlığın sərhəddində
Günlərdir yaşlı YAP-çılar özlərindən sonrakı YAP-çılarla didişir.
Ittihamlar havada uçuşur.
Sandıqlar açılır, pambıqlar tökülür.
Və siz rejimin yandaş saytlarının, qəzetlərinin, agentliklərinin (hansı ki, özləri əksini iddia edirlər, müstəqil olduqlarını söyləyirlər, jurnalist peşəkarlığı haqqında saatlarca zəvzəkləməkdən yorulmurlar) bu haqda yazdığını görürsünüzmü?
“YAP dağılır”, “YAP-da qarşıdurma”, “YAP-da parçalanma” kimi başlıqlar atdıqlarını görürsünüzmü?
Oysa, bunun mində biri hansısa müxalifət partiyasında, müxalif təşkilat içində baş versə, çoxdan o başlıqların daha betəri də atılmışdı, uzaqgörən nəticələr də çıxarılmışdı.
Odun üstünə benzin tökmək, ixtilafı daha da dərinləşdirmək üçün daha kimləri üz-üzə qoysunlar deyə fikirləşməkdən yorulub əldən düşmüşdülər.
Bir müxalifətçinin öz partiyasından kimisə yüngülcə iynələdiyi “facebook” statusundan belə, xəbər düzəldən bu mirzələr YAP-çıların qarşılıqlı suçlamalarına niyə qulaqlarını tıxayıblar?
Bəs bu mövzuda niyə susurlar? Bu mövzuda niyə “üç meymun”u oynayırlar – görmürlər, eşitmirlər, danışmırlar?
Başqalarına keçməyə çalışdıqları peşəkarlıq dərslərinin sonu beləmi olmalı idi?
Harda qaldı tərəfsizlikləri, obyektivlikləri? Dovşanmı yedi?