Çox qəribədi. Bəzən on manat üstündə bir-birimizi öldürürük. Eyni şey bir əkinçidən tutmuş bir iş adamınacan uzana bilər.
Niyə öldürürük? Çünki əminik ki, həmin on manat bizimdi və başqa biri bizim o on manatımızı yeyib. Başqa yol qalmır, hətta qalır da, ancaq haqqımızın, yəni bizim olanın yeyilməsi bütün varlığımızı sarsıdır, şəxsiyyətimizi təhqir edir. Adama heç cür çatmır: axı sən hansı haqla mənim halal pulumu yeyə bilərsən?
Bunu məsəl üçün on manat şəklində dedim. Başqa bir nümunə də gətirmək olar. Sizin yüz qoyununuz var. Onu hansısa haqq qarşılığında hansısa çobana vermişiniz ki, saxlasın, artırsın və ən əsası unutmasın ki, o yüz qoyun sizindi, o yüz qoyunun verəcəyi balalar da sizinkidi.
Lakin bir gün məlum olur ki, həmin çoban sizin qoyunları gizlincə satır, tələf olmaq adıyla sizə kəf gəlir, yeni doğulan balalarını özünə götürür və s. Bu gün gözü qızmış və dövlət məhkəməsindən, polisindən zərrəcə arxayın olmayan vətəndaş məcbur olur həmin çobanla haqq-hesab çəksin və təbii ki, bu da ağır fəsadlara gətirib çıxarır, bəzən də qanlı ölümlə başa çatır. Bəli, insan oğlu öz haqqına bu qədər həssasdı.
Həssas olmağına həssasdı. Ancaq necə olur ki, həmin on manatdan ötrü əlini qana bulayan vətəndaş dövlətin başında duranların büdcəni bu cür amansızlıqla talamasına səsini çıxarmır?
Axı bunu uşaq da bilir ki, dövlət vətəndaşındı. Onu qoruyan, onun “qoyunlarını”, onun on manatını artırıb ona artıqlaması ilə qaytarandı. Demək ki, sümürülən o milyardlar da həmin vətəndaşındı. Lakin daşdan səs çıxır, vətəndaşdan yox.
Bunun da güman ki, bir səbəbi var. Vətəndaş nə bu dövləti, nə bu dövlətin büdcəsini özününkü hesab edir. Hətta ixtisasca müəllim, ama bənna olaraq çalışan bir nəfərlə söhbətimiz büdcənin, xüsusən də neft milyonlarının talanması mövzusuna çatanda adam rəsmən dəliyə döndü, məni haqsızlıqda suçladı: “Dədəmizin nefti vardı ki, bizə də nəsə verələr? Özlərinindi, özləri də bilər. Mən bənnayam, qoyduğum hər daşın haqqı mənə çatır. Ancaq neft hardan mənim oldu ki, mənə də nəsə çata?”.
Baxın, hələ bu zəhmətkeş yoldaş ali savadlıdı. Dövlətin nə olduğunu az da olsa bilir. Lakin nə onu, nə onun gəlirlərini özününkü hesab eləyir.
Indi Avroviziya üçün Azərbaycanla Isveçin çəkdiyi xərclərə baxıb müqayisə aparıram. Əslində müqayisəlik bir şey də yoxdu. Kor da olsan görərsən. Avroviziyanın builki icraçı prodüseri Martin Oesterdahl deyib ki, Avroviziya üçün Bakı şəhərini “bir milyard dollara bərpa ediblər”. Biz isə demişik ki, bunu 125 milyon kronaya (18.8 milyon dollar) edəcəyik. 2012-ci ilin müsabiqəsindən əvvəl, Azərbaycan Avroviziyanın keçirilməsi üçün 63 milyon dollar vəsait ayrılmasını bəyan etmişdi. Amma bəzi hesabatlara əsasən, təkcə Crystal Hall konsert zalının tikintisi və digər əlaqəli xərclərə görə bu rəqəm 700 milyon dollardan yuxarı olub.
Bir milyarda qarşılıq 18.8 milyon. Halbuki Isveçin ÜDM-i 370 mlrd. dollardır. Bu isə Azərbaycanın göstəricisindən təxminən 10 dəfə çoxdur. Biz Azərbaycanda israf edilən bu məbləğin hansı ofşor şirkətlərin hesabına oturduğunu da bilirik. Lakin bizim bilməyimizə nə verərlər? Xalq ki, bu pulların onunku olduğunu qəbul eləmir.
Rusiya Azərbaycanla iki avaragör uşaq kimi bir səsin davasını aparır. Çünki o səsi özününkü hesab eləyir. Biz isə nə səsimizin bizim olduğunu bilirik, nə pulumuzun. Ona görə də Rusiyaya dövlət səviyyəsində hesabat verirlər, xalq isə veclərinə deyil. Görünür, xalq özü belə istəyir.