mammadyarov-lavrov

Əliyevlərin Rusiya qürubu

Kremlə SMS hesabatı verən hakimiyyət Qarabağı tələb edə bilərmi?

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Moskvaya səfəri başa çatıb. Amma bu səfəri yaradan və bu səfərdən sonra yaranan həngamələr bitmək bilmir. Azərbaycanın XIN başçısı Kremldə “Eurovision” musiqi yarışmasından tutmuş, Qarabağ münaqişəsinə qədər bir çox fərqli və mühüm məsələlələri müzakirə edib. Əlbəttə ki, “mühüm” epiteti Qarabağa aiddir. Fəqət, görünən odur ki, Kremlin və Bakının əsas “mühüm” məsələsi başqadır.
Məmmədyarovun bu səfərində Rusiya ilə altı bəndlik razılaşma əldə edildiyi bildirilsə də, bu bəndlərin nədən ibarət olduğu hələ ki, açıqlanmır. Amma bizim üçün bu məsələyə yanaşma bir qədər fərqlidir. Birincisi, ona görə ki, Azərbaycan niyə Rusiya ilə razılaşır? Razılaşmanı açıq elan edirsə, o zaman biz daha nələrə izahat istəməliyik?

Rusiya kimdir?

mammadyarov-lavrov

Bir halda ki, Azərbaycanın xarici işlər naziri işğal olunmuş torpaqların taleyilə bağlı Kremllə razılığa gəlir, onda niyə car çəkib bütün dünyaya Ermənistanı düşmən elan edirlər? Niyə dövlətin milyardlarla pulunu yalançı vətənpərvərliyə, mənasız düşmənçiliyə xərcləyirlər? Niyə həqiqi işğalçının adı çəkilmir?
Bütün bunlar Azərbaycan hakimiyyətinin cavab verməli olduğu əsas suallardır. Onlar bu vəziyyətə görə cavabdehdilər – uzun illərdir işğalçını vasitəçi statusunda qəbul ediblər. Xalqın gözünə kül üfürüblər. Budur, bu hakimiyyətin diplomatiyası, dərin strategiyasının sonu və ifşasının aftoqolu. Təbii ki, bunu mühüm bir diplomatik uğur kimi təqdim etmək mümkün olsaydı, Azərbaycan hakimiyyəti gözünü yumub, AzTV-ni açardı. Amma bunu da edə bilmirlər. Niyə?

Vallah, biz səs vermişik!

Elmar Məmmədyarovun bizi Qarabağ danışıqlarında ürəklə, qorxmadan təmsil etdiyinə şübhəm var. Şübhəmin də ciddi əsasları var. Azərbaycan, Ilham Əliyevin dediyinə inansaq, regionun lideri və müstəqil dövlətdir. “Eurovision” musiqi yarışmasında səsverməyə görə Rusiyaya minnətçi düşürsə, xarici işlər naziri səviyyəsində əlində kağız-qələm, qəbz  Kremli onlara səs verdiklərinə inandırmağa çalışırsa, nə Qarabağ, nə Zəngəzur… Məsələ bitib. “Azercell”dən bu qədər, “Bakcell”dən bu qədər… hesabatı verən hakimiyyət torpaq davası eləyə bilərmi? Buna kimi və necə inandırmaq olar?
Əlbəttə, bu durumda nədən danışsan, qeyri-ciddi səslənir. Bir o qalır, haray çəkib deyəsən ki, əziz xalqım, Qarabağ yavaş-yavaş gedir. Çünki həmin bu Rusiya “Bakı-Novorossiysk” kəmərini dayandırandan sonra Azərbaycanın xeyrinə hansı addımı atar?
Bütün bunları düşünüb, sadəcə, başqa bir suala keçmək mümkündür – yaxın günlərdə Ramiz Mehdiyev də Moskvaya hazırlaşır, görəsən, o nəyi peşkəş çəkəcək?
Rusiya həmin Rusiyadır, əlini verirsən, qolunu qoparır. Gərək özünü itirməyəsən…