“AXC qürur mənbəyimizdir”

Bakıda Xalq Cümhuriyyətinin 95 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Mayın 23-də Bakıda QHT-lərə Dövlət Dəstəyi Şurası Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 95 illik yubileyinə həsr olunan elmi-praktik konfrans keçirib. Tədbirdə çıxış edən Şuranın sədri Azay Quliyev bildirib ki, müstəqil Azərbaycanın əsası 1918-ci ildə qoyulub. “Sahəsi 114 min kv. km olan AXC o zaman yaradılmasaydı, indi Azərbaycan nominal mustəqil dövlət olacaqdı. Tatarıstan, Başqırdıstan və bu kimi respublikalar kimi. Qısa zamanda AXC müxtəlif sahələrdə böyük uğurlar qazanıb. Şərqdə ilk demokratik respublika olan AXC ölkədə insan haqları sahəsində ciddi uğura imza da atmışdı. ABŞ və Avropadan da əvvəl qadınlara seçib-seçilmək azadlığını tanımışdı. Biz AXC ilə qürur duyuruq. O bizim qürur mənbəyimizdir”, – deyə Azay Quliyev bildirib.
Daha sonra söz tədqiqatçı-alim Nəsiman Yaqubluya verilib. Nəsiman Yaqublu AXC haqqında konfrans iştirakçılarına ətraflı məlumat verib. O, AXC-nin necə yaranması, Məhəmməd Əmin Rəsulzadənin və digər şəxslərin AXC-nin yaranmasında göstərdiyi fədakarlıqlardan bəhs edib. Nəsiman Yaqublu qeyd edib ki, AXC-də əhalinin 1 milyon 900 min nəfəri Azərbaycan xalqının nümayəndələri, qalanları digər xalqlarının nümayəndələri idi.

N.Yaqublu çıxışında bölgədəki vəziyyət, İrəvanın itirilməsi, Qafqaz İslam Ordusunun Azərbaycanı azad etməsindən də danışıb: “Biz ancaq Gəncədə mövcudluğumuzu saxlaya bilirdik. 13 min rus-erməni birləşmələri Gəncədən Bakıya qədər əraziyə nəzarət edirdi. Nuru Paşa bir neçə döyüşdə məğlub olmuşdu. Məhəmməd Əmin Rəsulzadə İstanbula Ənvər Paşanın yanına gedərək əlavə 10 min ordu istəyir. Türk araşdırmaçıları yazırlar ki, əgər Ənvər Paşa kimi millətçi romantik şəxs olmasaydı, Azərbaycanı, Bakını azad etmək mümkün olmazdı. Biz yoxdan dövlət yaradıb, bir bayraq qaldırmışıq”.
Tədbirdə çıxış üçün söz alan digər qonaqlar da AXC tarixinindən sitatlar və faktlar gətirərək müxtəlif məqamlara toxunublar (deyerler.org).