Tahir Kərimlinin şallaqlanması

“Azadlıq” qəzetinin dünənki sayında Hacı Əbdüllə yazısı verilmiş müsahibəni oxuyandan sonra siyasətlə bağlı deyilən bütün mənfi sözləri xatırlayıb fikirləşdim:
“Görəsən siyasət iyrənc peşədi, ya iyrənc olan insanlardı?”.
Söhbət o müsahibədən gedir ki, Hacı Əbdül bir neçə şəxslə bağlı Şeyx Əbdülün də adını bir neçə kərə çəkir, hətta onu ciddi məsələlərdə ittiham edir.
Ittihamın birinci bəndi budur ki, ona hakimiyyət tərəfindən Şeyx adı qoyularaq mütəllibovçuların içinə atılıb ki, onların işini pozsun və Mütəllibovu nüfuzdan salsın.
Ikincisi isə bu: cənab Şeyx Əbdül Mütəllibovdan kalan pul alıb (söhbət bir milyon imzanın toplanmasına sərf olunacaq puldan gedirsə, məbləği təsəvvür eləmək çətin deyil) və o pul əslində işə sərf olunmayaraq mənimsənilib.
Hacı elə faktlar göstərir ki, inanmaqdan başqa bir yol qalmır. Ancaq yenə də biz bunu Şeyxin və Hacının öz vicdanına buraxırıq.
Faktlardan biri budur ki, Mütəllibovun imza üçün pul buraxması faktdı, əks halda Hacı bunu dilinə gətirməzdi. Bunun ardınca gələn faktdan isə məlum olur ki, Şeyx Əbdül əvvəlcə bir günə on min, bir az sonra yüz min, sonda isə bir milyon imza topladığını deyir, lakin məlum olur ki, imza-filan yoxdu. Sadəcə, bir oyun oynanılıb və pullar da həzm-rabiədən keçirilib. Hətta Imam Hüseyn məscidində imzalarla bağlı hər kəsin gözü qarşısında Şeyxlə mərc söhbəti olub, bir milyonun yalan olduğu üzə çıxıb, buna görə də mərci uduzan Şeyx “Ləvəngi” restoranında qonaqlıq verməyə məcbur olub.
Uşaqlıqdan baxdığımız “Yeddi oğul istərəm” filmində Şeyxin oynadığı rolu ayrıca sevərdim. Nə də olsa, sənət adamına sevgimiz içimizdə uşaqlıqdan vardı. Mirpaşanı da, Cəlalı da, Zalımoğlunu da, Qəzənfər əmini də, o biriləri də sevərdim, ama arzuları puç olan sənətçi obrazına sevgim daha dərin idi. Hətta öz şirin və yonulmaz qabalığı ilə sevdiyim Mirpaşa ona “mütrüf” deyəndə, ürəyimə toxunurdu. Müəllifliyi Səməd Vurğuna aid, ama Əbdül bəyin dilindən səslənən iki misra heç zaman beynimdən çıxmadı:
“Dəyişir dünyanın əvvəlki halı,
Belə bir zamanda aferist olmalı…”
Mən sənətin əlahiddə tərbiyəvi roluna inanan adam deyiləm, ama nə bilim, bəlkə də elə bu misralar bizi aferist olmaqdan qoruyub saxladı, deyə bilmərəm. Ancaq bu qədər zəif hafizəli biri kimi bu iki misranı heç vaxt unuda bilməməyim ola bilsin ki, dediyim sözləri təsdiq etmiş olur.
Bu yaxınlarda ev problemiylə bağlı Hacıbala Abutalıbovla münaqişəsində Şeyxin bütün müsahibələrini, açıqlamalarını oxudum. Onun verdiyi quruluşla qısa bir zamanda Hacıbala Abutalıbov gözümün önündə üç dəfə şəklini dəyişdi. Əvvəl iyrənc bir sistemin baş evyıxanı, sonra mələk, ardınca da “aferist”. Bir tanınmış adam, yəni Şeyx, çox qısa aralarla üç dəfə mövqe dəyişdi. Yazmaq istədim. Çoxları kimi. Ancaq Qasım, Xəstə Qasım gəlib durdu gözlərimin önündə. Indi Hacı Əbdül onun obrazını cızır. Mən yenə qarışmıram.
Sadəcə, yenə siyasətlə bağlı yazımın əvvəlində verdiyim sualın cavabını düşünürəm. Siz də düşünün: Görəsən siyasət iyrənc peşədi, ya iyrənc olan insanlardı? Verəcəyiniz cavabı təxmin edirəm.
Tahir Kərimli ilə bağlı isə heç danışmağa dəyməz. Hacı danışıb da. Danışmaq nədi? Deyir onu ağzı üstə uzadıb şallaqlamışam, tövbə etdirmişəm. Hacı lap dəqiq şəkildə belə deyir: “Buna üç dənə şallaq vurdum. Elə bərk vurdum ki, hələ indiyə qədər yadından çıxmaz onun. Ürəyim sakit oldu”.
Sizin də ürəyiniz sakit olsun. Hər kəsin bir şallaq günü var.