Qətlə yetirilən biznesmenin üzünə “kislota” atmaq istəyiblər

«Azər-Ross»dakı qətl hadisəsilə bağlı yeni detallar üzə çıxdı

Bakı Ağır Cinayətlər Məhkəməsində “Azər-Ross” MTK-nın baş ofisində törədilən dəhşətli qətldə və dələduzluqda ittiham olunan Hümbət Məmmədov, Tofiq Bəkirov, Fərman Hacıyev, Sahil Şamilov və Şamil Şamilovun cinayət işi üzrə məhkəmə prosesi dünən davam etdirilib.
Xatırladaq ki, 2011-ci il iyulun 11-də, saat 13 radələrində paytaxtın Nərimanov rayonu ərazisində “Azər-Ross” mənzil-tikinti kooperativində qurumun təsisçisi Əflatun Piriyev odlu silahla qətlə yetirilib, baş mühasib Əmiraslan Əhmədov isə ağır yaralanıb.
Istintaq zamanı işdə dələduzluq faktları da aşkarlanıb. Məlum olub ki, şirkətin vəzifəli şəxsləri Hümbət Məmmədov və Fərman Hacıyev vətəndaşları aldadaraq, bir mənzili bir neçə nəfərə satmaqla dələduzluq ediblər. Aldadılan 24 vətəndaş iş üzrə zərərçəkmiş qismində tanınıb. Zərərçəkən 24 nəfərdən 1 milyon 777 min manat pul alınıb və onların heç birinə mənzil verilməyib.
Qeyd edək ki, prokuror təqsirləndirilən şəxslərdən ikisinə – Hümbət Məmmədov və Vüsal Qurbanova ömürlük, digərlərinə isə uzunmüddətli həbs cəzası istəyib.
Dünənki məhkəmə iclasında Hümbət Məmmədovun vəkili Ramiz Zeynalov müdafiə nitqilə çıxış edib. O bildirib ki, hadisədən 32 saat sonra Hümbət Məmmədov istintaqa təslim olub. O həmçinin ilkin istintaqa mütəşəkkil dəstə barədə məlumat verib və bundan sonra digər təqsirləndirilən şəxslər məsuliyyətə cəlb olunublar.
Vəkilin sözlərinə görə, dəstənin üzvləri ayrı-ayrılıqda ifadə versələr də, onlar eyni məzmunlu danışıblar: “Bu da onların hadisədən səmimi peşmançılıq hissi keçirdiklərini və doğru danışdıqlarını göstərir”.
Ramiz Zeynalov onu da qeyd edib ki, istintaq Hümbət Məmmədovun cinayəti tamah məqsədilə törətməsi nəticəsinə gəlsə də, əslində, borc üstündə yaranmış münaqişə nəticəsində baş verib: “Hümbət Məmmədov 2004-cü ildə Rusiyadan Azərbaycana köçüb. O, Rusiyada qurduğu biznesini də davam etdirmək məqsədilə Azərbaycana gətirib. Burada Hümbət Məmmədov Əflatun Piriyevlə görüşüb və məqsədi barədə ona danışıb. Əflatun Piriyev də müdafiə etdiyim şəxsi Hacı Ibrahim Ibrahimovla tanış edib. Hümbət Məmmədov Bakıda biznes qurmalı olub”.
Məhkəmədən ədalətli qərar gözləmədiyini deyən Ramiz Zeynalov bildirdi ki, Azərbaycanda rüşvət, korrupsiya faktları var. Onun sözlərinə görə, tikinti ilə bağlı qeyri-qanuni ödəmələr olub. Vəkil həmçinin qeyd etdi ki, müdafiə etdiyi şəxs Əflatun Piriyevin öldürülməsini sifariş verməyib: “Əflatun Piriyev ona olan borcunu qaytarmaq istəməyib. O da bu adamlara göstəriş verib ki, gedin, onu döyün, ağlı başına gəlsin. Hümbət Məmmədov heç kimə qətl barədə göstəriş, sifariş verməyib. Döymək söhbətindən əvvəl Əflatun Piriyevin üzünə ”kislota” atmaq məsələsi olub: “Ancaq ”kislota”nın öldürücü olduğunu hesab edən Vüsal Qurbanov bu sifarişdən imtina edib. Bundan sonra Hümbət Məmmədov Əflatun Piriyevi döyüb, xəsarət yetirməyi sifariş verib. Vüsal Qurbanov daha sonra silah istəyib, silahdan istifadə etmək üçün yox, Əflatun Piriyevi döyəndən sonra qaçmaq niyyətilə istəyiblər. Hümbət Məmmədov da silahı əldə edib və Tofiq Bəkirova verib. Tofiq Bəkirov da silahlı zəncirvari şəkildə dəstə üzvləri vasitəsilə Vüsal Qurbanova ötürüb. Ölüm hadisəsi təsadüf nəticəsində baş verib. Buna görə də Vüsal Qurbanova ömürlük cəzanın verilməsi düzgün deyil”.
Ramiz Zeynalov daha sonra bildirdi ki, Hümbət Məmmədovun da, Vüsal Qurbanovun da əməlində Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.7-ci maddələrilə nəzərdə tutulan cinayət tərkibi yoxdur. Vəkilin sözlərinə görə, Hümbət Məmmədovun əməlində Cinayət Məcəlləsinin 178.2.3 və 313-cü maddələri ilə də cinayət tərkibi yoxdur. O, qeyd etdi ki, həmin maddələrlə Hümbət Məmmədova bəraət hökmü çıxarılmalı, Vüsal Qurbanov isə Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə məhkum edilməlidir.
Vəkil onu da qeyd etdi ki, müdafiə etdiyi şəxs silahı əldə edib dəstə üzvlərinə ötürməsini etiraf edib. Onun fikrincə, bu səbəbdən Hümbət Məmmədov Cinayət Məcəlləsinin 228.2.3-cü maddəsi ilə məhkum edilməlidir.
Daha sonra Tofiq Bəkirovun vəkili Tərlan Xanəliyev çıxış edərək bildirdi ki, müdafiə etdiyi şəxs Hümbət Məmmədovdan namus məsələsilə bağlı cinayəti sifariş alıb. Vəkil əlavə etdi ki, Tofiq Bəkirovun barəsində daha yüngül cəza təyin edilməlidir.
Məhkəmə prosesi mayın 30-da davam etdiriləcək.

Ramin DEKO