Özümüzü əskik saymaq sindromu

Bu, olduqca qorxulu, ən yüksək milləti belə alçaqlıqlara, yolsuzluğa, yoxluğa yönəldəcək sindromdur. Bu gün Azərbaycan belə bir sindrom içindədir. Içdən-dışdan, yaxından-uzaqdan – hər yandan Azərbaycanın keçmişinə daş yağdırılır, Babəkdən Rəsulzadəyədək milli kimliyimizi yaşadanlar, eləcə də milli kimliyimizi dünyaya tanıdanlar aşağılanır, dışlanır. Tariximiz ələk-vələk, tariximizdə böyük ad, iz qoyanlar çıxdaş edilir. Sözsüz, indiki ANTIMILLI rejim bu işdə avanqard rolunu oynayır. Rəsulzadənin adının BDU-dan, Ş.Qurbanovun adının teatrdan götürülməyi – bunlar hamısı keçmişimizi gözdən salmaq, əlimizdən almaqla bügünümüzə, gələcəyimizə yiyələnmək istəklərinə bağlı görsənişlərdir.

MM-in başqan yardımçısı, BDU-nun hüquq fakültəsində kafedra başçısı olan Ziyafət Əsgərov bugünlərdə belə bir çıxışda bulundu: “Ola bilər ki, ingilis, kanadalı, amerikalı üçün namus məsələsi əhəmiyyət kəsb etmir, bizim üçün əhəmiyət kəsb edir”. Binu indiki oğru, quldur, korrupsioner, monopolist hakimiyətə bağlılığı olmayan istənilən kimsə deyə bilərdi… burada sadaladıqlarımızı DÖLƏT SIYASƏTINƏ çevirən bir hakimiyətin başında duran, qanunvericilərindən olan kimsə yox! Indiki rejimin yürütdüyü planlı, düşünülmüş siyasət üzündən bu gün Azərbaycan fahişələr ölkəsinə çevrilib. Var-yatırla dolu bir ölkə necə fahişələr ölkəsinə çevrilə bilir? Çox saya bir nədənlə: yuxarıda sadaladıqlarımız DÖVLƏT SIYASƏTINƏ çevriləndə ölkə fahişələr ölkəsinə çevrilir – bu başından o başına, eləcə də Dubaydan Pakistanadək. Avropa mediasında çox yazılıb: Bakının yeraltı dünyasında – gecə barlarında ingilislər, kanadalılar, amerikalılar, eləcə də bir çox başqaları yoxsulluqdan özünü satan Azərbaycan qızları ilə kef çəkirlər. O kef pullarısa qıraqdan gəlmir; onlar o göyə sovurduqları pulları Azərbaycanda qazanırlar. Bunun da öz nədəni var. 20 ildən bəri bu ölkədə belə bir qanun qoyulub: neft sektoru başda olmaqla gəlmələrə (deyək, ingilis, kanadalı, amerikalı) olduqca yüksək aylıq, işi onlardan qat-qat artıq bacaran azərbaycanlılara ən aşağı aylıq verilir – başlanğıcdan göstəriş belə olub! Niyə belə olub? Xalq varlanmasın! Yoxsul olsun, yolsuzluğa yönəlsin, pozğunluq-fahişəlik yolu tutsun!

Bir çağlar biz oxuyub bitirdiyimiz BDU ilə öyünərdik – orada verilən yüksək biliyə, bir də başqalarından seçilən düzgünlüyə görə. Indi BDU keçən çağların “Xalq Təsərrüfatı Institutu”ndan da yaman günə qalıb. Z.Əsgərəov BUD-nun ən bahalı fakültələrindən birində, hüquq fakültəsində kafedra başçısıdır. Deyilənə görə, o, il uzunu universitetdə görünməsə də, imtahanlarda… BAŞDA görünür! Biz hələ indiyədək Azərbaycan təhsil sistemini bürümüş rüşvətlə bağlı Z.Əsgərovun bircə çıxışını eşitməmişik. Görünür, ölkənin, ayrıca olaraq təhsil sisteminin, rüşvətə bürünməsi bu adamlar üçün ayrı dəyər daşıdığından, kateqoriyalar da dəyişir, başqa cür desək, burada “namus” kimi kateqoriyalar dəyərsiz olur – toplumsal-ellik xarakter daşıdığına görə!

Dəyərli köşə yazarımız Elnur Astanbəyli Z.Əsgərovun sözügedən çıxışı ilə bağlı gözəl bir yazı yazıb, ancaq sonda  işi korlayıb. Elnur bəy ingilis yazıçısı C.Sviftin başdaşı üzərindəki yazını yada salır: “Burada vəhşi haqsızlıqlar qarşısında qəlbi parçalanmış bir nəfər yatır”. Buna qarşılıq olaraq o, bildirir: “Dərindən düşünsəniz, bizim başdaşına o sözləri yazılmağı haqq edən bir yazıçımızın heç vaxt olmadığını da anlayacaqsınız”. Necə böyük yanlış! Mirzə Fətəli, Mirzə Cəlil, Mirzə Sabir, Məhəmməd Hadi, Hüseyn Cavid… yaratdıqları insan dramlarıyla ürəkləri parçalayan ölməz yaradıcılar! Onları necə unutmaq, necə aşağılamaq olar?! Bizim onları unutmağımız, gərəyincə dəyərləndirməməyimiz yalnız bizim suçumuz sayıla bilər, onların yox!