Britaniyalı silah alverçisi İlham Əliyevin ən yaxın çevrəsi ilə əlaqələrinin olduğunu deyib
Maykl Reyncer Azərbaycan hökumətinin qonağı olması, yüksək səviyyədə qarşılanması və şəhər gəzintisi üçün ona «Limuzin» ayrılması ilə öyünürmüş
Bir neçə gün əvvəl Azərbaycanın adının Şimali Koreyadan hava-yer tipli zenit raketlərinin alğı-satqısında hallandığına dair məlumat dərc etmişdik. Alğı-satqıya dair məlumat BMT-nin hesabatında yer alıb. Xatırladaq ki, hesabata görə, Şimali Koreyanın “Hesong Trading Corporation” şirkəti Azərbaycana 70 ədəd belə raket satmaq üçün danışıqlar aparıb. Raketlərin satılmasına vasitəçiliyi britaniyalı silah alverçisi Maykl Reyncer edirmiş.
Azərbaycanda bu alğı-satqı üzrə danışıqların hansı səviyyədə, nə vaxtdan və necə getdiyinə dair məlumatlar verilməsə də, prosesin 2012-ci ilin ortalarına qədər davam etdiyini söyləmək olar. Belə ki, Maykl Reyncer 2012-ci ilin iyununda həbs edilib və güman ki, bununla da ən azı həmin dövr üçün proses qırılıb.
Britaniyalı silah alverçisinə qarşı Londonda keçirilən məhkəmədə bu anlaşmanı təsdiq edən sənədlər açıqlanıb. Məhkəmə silah alverinə dair beynəlxalq embarqonun pozulmasını təsdiqləmək üçün bu sənədləri yetərli hesab edib.
Məlumat mətbuatda çıxan kimi Azərbaycan tərəfi bunu təkzib etmişdi.
Amma bugünlərdə Şimali Koreyadan hava-yer tipli zenit raketlərinin alınmasına dair yeni detallar üzə çıxıb və yeni məlumatlarda silah alverində Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adı hallanır.
Şimali Koreyadan silah alqısına dair yeni məlumatlar “Eurasianet.org” saytında yer alıb. Məlumatda Maykl Reyncerin 2012-ci ildə keçirilən məhkəmə prosesi zamanı ortaya çıxan bir sıra məqamlar əksini tapır. Bəlli olur ki, britaniyalı silah alverçisinin Azərbaycan hakimiyyətilə yaxşı əlaqələri olub. Məhkəmə aşkara çıxarıb ki, Reyncer Şimali Koreyadakı silah tədarükçüləri ilə yazışmada Azərbaycan hökumətinin qonağı olması, yüksək səviyyədə qarşılanması və şəhərdə gəzinti üçün onun sərəncamına “Lexus” limuzin verilməsi ilə öyünürmüş. Reyncerin apardığı danışıqlar isə infraqırmızı, hədəfə özü istiqamət götürən hava-yer tipli raketlərin alınmasına dair imiş. Eyni zamanda Reyncer “Berettas” pistoletlərinin istehsalçısı olan Amerika şirkətinin təmsilçilərinə deyib ki, o, birbaşa Azərbaycanın dövlət başçısı ilə əlaqəsi olan iki nəfərlə 2010-cu ilin fevralında apardığı danışıqlardan sonra bu ölkənin fövqəladə hallar nazirinin sifarişini də yerinə yetirib.
Məhkəmə ortada olan dəlillərin Reyncerin qoyulan qadağalara, embarqolara qarşı çıxdığını sübut etdiyi qərarına gəlib.
Nəticədə Reyncer Şimali Koreya ilə Azərbaycan arasında silah ticarətinin təşkilinə görə günahkar bilinib. Reyncer raket ticarətinə görə, 3.5, pistolet ticarətinə görə 2.5 il həbs cəzası alıb.
Böyük Britaniya ATƏT-in 1992-ci ildə verdiyi tövsiyəyə əsasən, Qarabağ münaqişəsini nəzərə alaraq Azərbaycana silah satışına embarqo qoyub. Qadağa təkcə birbaşa Britaniyadan Azərbaycana silah satışına aid deyil. Eyni zamanda Britaniya vətəndaşlarının hər hansı üçüncü ölkə üzərindən Azərbaycana silah satması da qadağandır.
İnformasiya şöbəsi