İran və Rusiyaya səfərlər nəyi dəyişəcək?

Vəfa Quluzadə: «İnanmıram ki, istər Rusiyaya, istərsə də İrana səfərlərlə böyük dövlətlərin siyasətlərini dəyişmək olsun»

Azərbaycan nümayəndə heyətlərinin Iran və Rusiyaya səfərləri hazırda siyasi gündəmdə olan əsas məsələlərdəndir. Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin Irana səfəri və ən yüksək səviyyədə qəbul olunması budəfəki səfərin digərlərindən fərqləndiyini deməyə əsas verir. Şeyxin Irana səfəri zamanı onun isti qarşılanması, dövlət başçısı Əhmədinejat, Iranın ali dini lideri Ayətullah Əli Xamneyi, parlamentin rəhbəri Əli Laricani ilə görüşməsi diqqətdən yayınmamalıdır.
Bir çox ekspertlər azərbaycanlı alim Xalidə Xalidin azad edilməsini də məhz Şeyxin səfərinin müsbət nəticəsi kimi dəyərləndirirlər. Amma siyasətdə qarşılığı olmadan heç bir güzəşt edilmir. Belə olan təqdirdə Iranın gələcək zamanda Azərbaycan qarşısında hansı şərtləri irəli sürəcəyi maraq doğurur.
Bundan başqa, hazırda Azərbaycan hakimiyyətinin reallaşdırdığı daha bir beynəlxalq səfər də maraq doğurur. Xarici işlər naziri Elmar Məmmədyarovun Rusiyaya səfərinin hansı nəticələrlə bitəcəyi də gündəmin mövzularındandır. Çünki Putin dövlət başçısı seçildiyi zamandan Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdə soyuqluq müşahidə olunur. Əgər əvvəlki dövlət başçısı Medvedev Əliyevlə tez-tez görüşür, Qarabağ probleminin həlliylə bağlı görüşlər təşkil olunurdusa, biz eyni siyasəti Putindən görmürük. Seçki ərəfəsində isə hakimiyyət həm Iran, həm də Rusiya ilə korlanan münasibətlərini bərpa etməyə çalışır. Bundan başqa, Rusiyanın Azərbaycanla olan son enerji bağını kəsməsi – Novorossiysk kəməri ilə Azərbaycan neftinin nəqlini dayandırması birmənalı qiymətləndirilmir. Belə olan təqdirdə Rusiya Elmar Məmmədyarovla danışıqlarda Azərbaycanın qarşısında hansı şərtləri irəli sürə bilər? Mövzumuzla bağlı sualları politoloq Vəfa Quluzadəyə ünvanladıq.
V.Quluzadə düşünür ki, şeyxin Irana səfəri Azərbaycandan olan digər səfərlərdən fərqlənir. Iran hakimiyyətinin şeyxə böyük hörmətinin olduğunu deyən V.Quluzadə bildirdi ki, bundan başqa, Allahşükür Paşazədə uğurlu diplomatdır: “Xatırlayıram, Azərbaycan Konstitusiyası hazırlananda Iran dövlətimizin adının Azərbaycan Islam Respublikası kimi qoyulması üçün təzyiqlər edirdi. Azərbaycanın Iranda həbs olunan alimini isə Tehran rejimi sadəcə olaraq azadlığa buraxmaq üçün həbs etmişdi. Yəni Iran onu çox həbsdə saxlaya bilməyəcəkdi. Digər tərəfdən, burada şeyxin də rolu var. Allahşükür Paşazadəni yaxşı tanıyıram. O həm din xadimi, həm də gözəl diplomatdır. Görünür, o, müəyyən məsələlərdə Iranı inandıra bilib ki, onlar qarşılıqlı addım atıblar. Amma Iranın Azərbaycandan gözləntiləri hələ də qalır və Iran bu səfərdən sonra həmin gözləntiləri bir daha gündəmə gətirəcək. Iran Azərbaycanda Israil və ABŞ-la əməkdaşlığını dayandırmağını tələb edir. Istisna deyil ki, şeyxlə görüşlərdə də bu bir daha vurğulanıb ki, Qərb Azərbaycandakı iqtidarı demokratiya islahatları adı altında devirmək istəyir. Ona görə Qərblə əməkdaşlıqdan biryolluq əl çəkin”.
V.Quluzadə hesab edir ki, əgər Irana səfərin nəticəsi kimi azərbaycanlı alim azadlığa buraxılıbsa, o zaman Tehranın da Azərbaycanda həbs olunan islamçıların azadlığa buraxılmasını tələb edəcəyi istisna deyil. Azərbaycanın Iranın tələblərinə qarşı hansı reaksiya verə biləcəyinə gəlincə, politoloq hesab edir ki, Tehranın Bakıya kifayət qədər təsir rıçaqları var. Ona görə Iranın bəzi istəkləri reallaşdırılmalıdır: “Biz Iranın ərazisindən istifadə edirik, Naxçıvana bu dövlətdən elektrik enerjisi gəlir. Iran bu vasitələrdən təsir rıçaqı kimi istifadə edir.
Eyni ərəfədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun səfərinin məqsədlərinə gəlincə, V.Quluzadə vurğuladı ki, bu səfər də Kremllə münasibətlərin bərpasına yönəlib: “Amma mən inanmıram ki, istər Rusiyaya, istərsə də Irana səfərlərlə böyük dövlətlərin siyasətlərini dəyişmək olar. Eyni zamanda isə Azərbaycan hakimiyyəti başa düşür ki, Rusiya bizim regionumuzda güclü və təhlükəli oyunçudur. Ona görə Azərbaycan hakimiyyəti bacardığı qədər Rusiyaya təsir etməyə çalışır. Çünki müxtəlif politoloqların rəyləri var ki, Rusiya Azərbaycanda seçki öncəsi öz oyununu oynayır. Özü də Rusiya bu siyasəti Qərblə eyni mövqedən çıxış edərək yürüdür”.
Rusiya ilə Azərbaycan arasında baş verənlərə gəlincə, V.Quluzadə vurğuladı ki, Rusiya da Iran kimi Azərbaycan qarşısında öz şərtlərini irəli sürüb: “Hazırda geosiyasi meydanda Azərbaycanla Rusiya tək deyil. Bu məkanda ABŞ da maraqlarını irəli sürür. Hazırda Rusiyanın davranışlarında təəccüblü heç nə yoxdur. Çünki Putin Medvedevdən fərqli olaraq oyun oynamaq istəmir. Medvedev bilirdi ki, Rusiya Qarabağ problemini həll etməyəcək. Amma bununla belə neçə dəfə görüşlər təşkil etdi. Qarabağ məsələsi böyük dövlətlərin müzakirəsində olsa da, hələlik onun həlli gündəmdə deyil. Bu üzdən Putin yalançı görüşlər keçirmir”.

Hikmət