Sergey Lavrovun açıqlamaları münasibətlərin düzələcəyinə ümid vermir
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dünən rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Görüşdən sonra Sergey Lavrov jurnalistlərin suallarının cavabında Rusiyanın Qəbələ radiolokasiya stansiyasının istismarını dayandırması və Bakı-Novorossiysk kəməri ilə nəqlə dair sazişə xitam verilməsindən danışıb.
APA-nın məlumatına görə o, deyib: “Bunlar Azərbaycan-Rusiya münasibətlərinə təsir göstərməyib və bu münasibətləri pisləşdirməyib. Mən belə dəyərləndirmələrlə razı deyiləm. Qəbələ RLS-lə bağlı situasiya çoxdan məlumdur – qiymət barədə razılığa gələ bilmədik. Qalan iddialar isə spekulyasiyadır, biz spekulyasiya ilə məşğul olmuruq”.
Lavrov bildirib ki, Rusiyanın Bakı-Novorossiysk kəməri üzrə sazişi birtərəfli qüvvədən salması sırf iqtisadi səbəblərlə bağlıdır: “Hazırda iki ölkənin energetika strukturları yeni dövlətlərarası saziş hazırlayırlar, bu sazişdə yeni iqtisadi reallıqlar öz əksini tapacaq”.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da bu məsələləri siyasiləşdirməməyə çağırıb. “Kommersiya baxımından əsaslandırılsa, biz yeni saziş imzalaya bilərik. Biz münasibətlərimizi dostluq və dinc qonşuluq prinsipləri əsasında həll edirik”, – deyə nazir bildirib.
Sergey Lavrov Ermənistan – Azərbaycan münaqişəsinə də toxunub: “Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində üç əsas beynəlxalq vasitəçidən biridir. Biz həm ATƏT-in Minsk Qrupunun həmsədri qismində, həm də Bakı və Irəvanla ikitərəfli münasibətlərimiz çərçivəsində tərəflərə məqbul həll yollarının axtarılmasında bundan sonra da kömək edəcəyik”.
Elmar Məmmədyarov isə münaqişənin həlli üçün səyləri artırmağın vacibliyini vurğulayıb.
Ermənistan mətbuatında erməni tərəfinin vasitəçilərin təkliflərinin 6 maddəsini qəbul etməyə hazır olduğu haqda çıxan xəbərlərə toxunan nazir, bu maddələr əsasında hərtərəfli sülh müqaviləsinin hazırlanması üzərində işə başlamağa çağırıb.
Elmar Məmmədyarovun Moskva səfərində ikitərəfli münasibətlərin, beynəlxalq və regional problemlərin geniş spektrini əhatə edən məsələlərin müzakirəsi və Azərbaycan və Rusiya Xarici Işlər nazirlikləri arasında 2013-2014-cü illəri əhatə edən məsləhətləşmələr planının nəzərdə tutulurdu.
Əslində bu səfər Azərbaycan hakimiyyəti ilə rəsmi Kreml arasındakı münasibətlərin yoluna qoyulması istiqamətində atılan addım idi. Digər məsələlər isə növbətçi xarakter daşıyırdı. Azərbaycan hakimiyyəti seçki ilində yaxın və siyasi proseslərə təsir gücü olan qonşusundan gözlənilən təhlükələri neytrallaşdırmaq üçün bu səfərə ehtiyac duyurdu.
Lakin səfərdən öncə belə ehtimallar var idi ki, Bakı və Kreml arasındakı ziddiyyətlərin aradan qaldırılması mümkün olmayacaq. Serqey Lavrovun açıqlamaları bu ehtimalları doğrultdu. Rusiyanın xarici işlər nazirinin Qəbələ RLS bağlı fikirlərini nümunə gətirmək kifayətdir.
Sergey Lavrov problemin kökündə qiymət məsələsinin dayandığını xüsusilə qabartmaqla, digər iddiaların spekulyasiya olduğunu açıq mətnlə söyləməklə məhz Azərbaycanın pozucu mövqe tutduğuna işarə vurdu.
Sergey Lavrovun Qəbələ RLS məsələsinin münasibətlərə heç bir təsir göstərmədiyi barədə söylədikləri isə sadəcə diplomatik etika xatirinə deyilmiş fikirlərdir.
Ümumiyyətlə isə münasibətlərin yumşaldılması üçün Azərbaycan Rusiyanın təşəbbüsü ilə yaradılan Avrasiya və gömrük ittifaqına daxil olmalıdır. Kreml uzun müddətdir ki, Bakını bu ittifaqda görmək israr edir. Azərbaycanın isə adıçəkilən ittifaqa daxil olması sadəcə mümkün deyil. Bu addım Qərblə konfrantasiya demək olacaq. Çünki Qərb bu ittifaqa SSRI-nin bərpası kimi yanaşır.