Eurovision – 2013: “dost” və “düşmən” bilindi

Qazanılan xallarda neftimizin də payı var

Daha bir “Eurovision” yarışması başa çatdı. Ölkəmizin 2-ciliyinə hər kəs kimi mən də sevinirəm. Həqiqətən böyük uğurdur. Onu da deməliyəm ki, bu mahnını və Fəridin təqdimatını əvvəlki təmsilçilərimizin hamısından uğurlu sayıram. Musiqiçi olmayanda nə olar?! “Eurovision-2013″-də qələbənin bir addımlığında olan Fəridin hava limanında qarşılanması (qarşılanmaması) isə böyük rüsvayçılıqdır… Keçək yarışmaya.

Bütün başqa işlərimiz kimi “Eurovision” yarışmasını da YAP iqtidarı iyrənc, hər kəsdə ikrah doğuran təbliğatına qurban verir. Özünü hər kəsdən üstün tutmaqla düşük təbliğat aparır. Isveçin yarışmaya “barmaqarası” yanaşmasıyla bağlı AzTV-nin reportajlarını çoxları izləyib. Bazar günü bu kanal “Həftə”sində ötən il Bakıda keçirilən yarışma və bu “tədbirin yüksək səviyyədə təşkili” ilə bağlı xarici qonaqların təriflərini efirə verdi. Elə bu arada Azərbaycanın səs alverinə (əslində bu hakimiyyətin səs alveri azərbaycanlılar üçün yenilik deyil, indiyə qədər bütün seçkilərdən istər səslər, istərsə də seçkilərə verilən rəylər alver predmeti olub) girişdiyi barədə video ortaya çıxdı. Deyilənə görə, bu alver Avropanın 15 ölkəsində aparılıb. Düzü, buna o qədər də inanmıram. Avropa ölkələri ilə alver bir günün, bir ayın işi deyil. Heç bir yarışmaya da bağlı deyil. Artıq illərdir bu ölkələrlə iş gedir, rejim öz hakimiyyətini sürdürmək, korrupsiya əməllərini davam etdirmək, insan haqları, sərbəst toplaşmaq azadlığı, siyasi məhbuslar, söz və mətbuat azadlığı və s.-lə bağlı beynəlxalq təşkilatlardan gələn təpkilərin qarşısını almaq üçün durmadan çalışır. “Kürü diplomatiyası” da bu çalışmaların bir qoludur. Diasporla Iş Komitəsi, xarici ölkələrdəki səfirliklər, SOCAR, Neft Fondu və başqa bir sıra qurumlar ölkənin var-yatırını gecə-gündüz xaricə daşıyır, rejimin ömrünü uzatmağa çalışır. Elə Ilham Əliyevin də əksər səfərlərinin arxasında bu dayanır. Yalançı təriflərə, saxta xallarasa milyonlar xərclənir…
Azərbaycan “Eurovision” yarışmasına qoşulandan yalnız Türkiyə hər il 12 xalını bizə verir. Son illərdəki 12-ləri isə səs alverinin sonucu saymaq olar. Məsələn, Avstriyadan aldığımız 12-ni Ilham Əliyevin vasitəsilə necə əldə etdiyimizə birlikdə baxaq. Yaxın illərdə I.Əliyevin xarici səfərlərinin arxasında, demək olar, yalnız biznes maraqları dayanır. Bir neçə ölkəyə səfər və prezidentlərin birgə bəyanatlarında deyilənlərə bir daha baxaq. Beləliklə,

Avstriya – 12

Avstriya prezidenti Haynts Fişer: “Çox əlamətdar haldır ki, Bakıya səfərimdən, apardığımız danışıqlardan və Bakıdakı biznes forumdan bir il sonra ölkələrimiz arasında ixrac, idxal əməliyyatları böyük həcmdə artmışdır. Bu, çox yaxşı göstəricidir. Biz bunun davam etdirilməsinə çalışırıq”.
Azərbaycan prezidenti Ilham Əliyev: “Iqtisadi əməkdaşlıqda çox yaxşı nəticələrimiz vardır. Ticarət dövriyyəsi artır və böyük potensiala malikdir. Hazırda bir çox Avstriya şirkətləri Azərbaycanda mühüm layihələri həyata keçirən podratçı qismində fəaliyyət göstərir. Bu layihələr turizm infrastrukturuna, incəsənətə, memarlığa aiddir. Avstriya şirkətlərinin Azərbaycanda əla nüfuzu vardır. Onlar Azərbaycanın hazırda həyata keçirdiyi bir çox infrastruktur layihələrində bizə yardım edirlər.
…Biz, həmçinin daha çox Azərbaycan şirkətlərinin Avstriyada işləməsini arzulayırıq. Ümidvarıq ki, bu da baş verəcəkdir. Azərbaycan şirkətləri üçün sərmayə baxımından Avstriya çox cəlbedici ölkədir. Dünyada ən şəffaf (?! – red.) neft fondlarından olan Azərbaycan Dövlət Neft Fondu Avropada və ümidvarıq ki, Avstriyada sərmayə imkanlarını axtarır və sərmayə layihələrinə başlayır”.

Monteneqro – 12

Monteneqronun “Azərbaycan sevgisini” çox yaxşı anlamaq olar. Ölkəsini, vətəndaşlarını sevən, onların firavan yaşamasına çalışan hər bir dövlət başçısı bu halda özü belə böyük həvəslə istənilən məsələyə səsini verə bilər. Birgə bəyanatlara baxaq.
Monteneqro PrezidentiÿFilip Vuyanoviç: “…Monteneqro vətəndaşları və öz adımdan şəxsən Sizə və Azərbaycan hökumətinə qarşılıqlı əməkdaşlığımıza verdiyiniz böyük töhfələrə görə səmimi minnətdarlığımı bildirirəm. Bu gün Azərbaycan Monteneqro iqtisadiyyatının strateji investoru və sosial inkişaf layihələrinin sərmayədarı kimi çıxış edir. Bununla ölkəniz qarşılıqlı inam, dövlətlərimizin inkişafı və xalqlarımızın rifahının təmin olunması naminə müştərək yanaşmamızın uzunmüddətli perspektivlərinə hazır olduğunu nümayiş etdirir…
Monteneqro Avropa Ittifaqının gələcək üzvü və Adriatik regionunun nadir geosiyasi bölgəsində, Balkan yarımadasının və Mərkəzi Avropanın qonşuluğunda yerləşən ölkə olaraq qlobal müstəvidə investisiya və ticarət üçün təbii məkan kimi tanınmaqdadır. Turizm imkanlarımız ölkəmizin təbii gözəllikləri və xalqımızın qonaqpərvərliyi sayəsində daim inkişaf etməkdədir. Fəxr edirik ki, Azərbaycan artıq bu imkanları anlayaraq bizim resurslarımızdan qarşılıqlı istifadə etməyə hazır olduğunu təsdiq edib.
Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin ölkəmizə yatırdığı sərmayələr xüsusi əhəmiyyət kəsb edir. Məsələn, keçmişdə hərbi məqsədlər üçün istifadə olunan yerlər, kazarmalar hazırda müasir turizm infrastrukturuna çevrilmişdir. Biz, həmçinin Azərbaycanın Monteneqroda əlavə sərmayə qoymaq potensialını da müzakirə etdik. Bu məqsədlə bir çox sahələrə maraq göstərilir. Əməkdaşlıq və sərmayələr üçün xüsusilə maraqlı və cəlbedici sahələrə gəldikdə bu sahədə yol infrastrukturunun tikintisi, enerji sektoru və turizmi qeyd etmək olar…
Monteneqro ilə Azərbaycan Respublikası arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında Bəyannaməni məmnunluqla Prezident Əliyevlə imzaladıq. Bu sənəd gələcək münasibətlərimizin əsasını təşkil edəcəkdir. Biz, həmçinin digər sazişləri də bu gün imzaladıq. Onlardan biri gəlir vergisi üzrə ikiqat vergitutmanın aradan qaldırılması haqqında razılaşmadır.
Mən Monteneqro xalqı adından Prezident Əliyevə, Azərbaycan dövlətinə və onun vətəndaşlarına Monteneqroya göstərdiyi yardıma görə dərin təşəkkürümü bildirirəm. Bildiyiniz kimi, bu yardım Bilo-Pole şəhərində uşaq bağçasının tikintisi üçün göstərilmişdir. Bu layihə Bilo-Pole üçün olduqca vacib layihə idi. Biz bu gün, həmçinin Azərbaycan tərəfinin yardımı ilə parkın salınması məsələsini müzakirə etdik və təqdimata baxdıq. Təqdimata baxdıqdan sonra belə bir qənaətə gəldik ki, bu parkın salınması əməkdaşlığımızı daha da genişləndirəcəkdir. Mən şəxsən cənab Prezident Əliyevə Monteneqro ilə bu cür gözəl dost münasibətlərinin sabit vəziyyətdə qalması və inkişaf etdirilməsində göstərdiyi səylərə görə dərin təşəkkürümü bildirirəm”.
Azərbaycan prezidenti Ilham Əliyev: “Ölkələrimiz arasında iqtisadi və mədəni əlaqələr inkişaf etməkdədir. Artıq Monteneqroda mədəni və iqtisadi əlaqələr üzrə Azərbaycan-Monteneqro Mərkəzi fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycan investorlarının dəstəyi ilə Monteneqronun Bielo-Pole şəhərində uşaq bağçasının inşa edilməsi və Azərbaycan investorlarının Monteneqroda turizm kompleksinin inşası üzrə tenderdə qalib gəlməsi əməkdaşlığımızın digər konkret nümunələridir”.
Bildiyiniz kimi Monteneqroda çalışan Azərbaycan şirkəti… SOCAR-dır. Yeri gəlmişkən, prezidentlərin görüşləri ilə bağlı məlumatları araşdırarkən Ilham Əliyevin dövlət başçısından daha çox bir şirkət rəhbəri, şirkət meneceri funksiyası yerinə yetirdiyi görünür…

Litva – 12

Litvadan 12 xalı necə almağımızla bağlı videodan artıq oxucularımız xəbərdardır. Ona görə bu 12-yə vaxt ayırmadan növbətisinə keçək.

Gürcüstan – 12

Əslində Gürcüstanın Azərbaycan “sevgisi”ndən çoxları xəbərdardı. Bu ölkənin iqtisadiyyatı, demək olar, Azərbaycanın puluna söykənir. Imkan olsa, lap 102 xal da verərlər.
Gürcüstan prezidenti Mixail Saakaşvili: “…Layihələrdən biri Poti və Kulevi arasında zavodun tikintisi ilə bağlıdır. Bu il onun tikintisi artıq başlayacaqdır və bu, bizim qarşılıqlı faydaya əsaslanan əməkdaşlığımızı nümayiş etdirən bir layihədir. Azərbaycan Gürcüstanda sərmayə yatırır və şirkətlərimiz ölkələrimizdə müvafiq iş aparırlar. Məsələn, Azərbaycanın ən böyük Dövlət Neft Şirkəti, Gürcüstanda fəaliyyət göstərir, artıq bir çox sərmayələri yatırmışdır və fəaliyyətini bundan sonra da genişləndirəcəkdir. Bu fəaliyyət xüsusən məhz bütün region üçün, regionun əhalisi üçün olduqca vacibdir. Biz çox şadıq ki, bu fəaliyyət artıq regionun hüdudlarından kənara da çıxır. Biz bundan çox məmnunuq.ÿ
Beləliklə, Bakı tərəfindən bölgədə böyük infrastruktur layihələri həyata keçirilir. Həmçinin yolların yaxşılaşdırılması, – Gürcüstan sərhədinə qədər və Gürcüstan sərhədindən digər ölkələrə doğru, – artıq bizim imkanlarımızı genişləndirir. Bakı-Tbilisi magistral yolu bizim dostluğumuzun möhkəmləndirilməsi üçün əlavə mühüm vasitələrdən birinə çevriləcəkdir”.

İsrail – 12

Azərbaycanı Israilə bir çox tellər bağlayır. Bunlardan ən başlıcası dünyanın idarəçiliyində müstəsna rolu olan yəhudi lobbisidir. Üstəlik, Azərbaycan bu ölkədən böyük miqdarda silah da alır (20011-ci ildə 1,6 milyard dollar). Bu və başqa sahələrdə rejimin xeyrinə işləyən geniş əməkdaşlığın müqabilində 12 elə də böyük rəqəm sayıla bilməz.

Yunanıstan – 12

Yunanıstan Prezidenti Karolos Papulyas: “…Biz enerji sahəsində Azərbaycan Dövlət Neft Şirkəti ilə imzalanmış Anlaşma memorandumunu yüksək dəyərləndiririk. Hesab edirik ki, ikitərəfli münasibətlərimiz, xüsusən də ticari və iqtisadi münasibətlərimiz daha da gücləndirilə bilər”.ÿ
Bundan əlavə, Avropa Məhkəməsində yunan hakimin (Linos -Alekxandre Sicilianos) bir gündə – 2012-ci ilin mayın 10-da 50-yə yaxın şikayətə (Azərbaycandan gedən şikayətlər) baxıb onların qəbuledilməz olmasına dair qərar çıxarması hələ yaddaşlardadır. Böhran içində olan ölkənin vətəndaşının bu addımını bəziləri anlayışla qarşıladı. Azərbaycan hökumətinin bu situasiyadan yararlanması çox rəzil hərəkət olsa belə…

Belarus – 10

Belarus prezidenti Aleksandr Lukaşenko: “Bizim vəziyyətimiz çox çətin olanda bir sıra dövlətlərə müraciət etmişdik. Üzləşdiyimiz mürəkkəb və çətin məsələləri həll etmək üçün bizim xahişimizə birinci olaraq Prezidentin şəxsində Azərbaycan cavab verdi (söhbət Belarusa 2011-ci ildə verilən 200 milyon dollardan gedir – red.). Hörmətli Ilham Heydər oğlu, biz bunu yaxşı xatırlayırıq və heç vaxt unutmayacağıq.
Vaxtilə mən Sizə demişdim ki, Belarus xalqı qədirbilən xalqdır, o, borclu qalmaz. Buna görə də Siz bizə ümid bəsləyə bilərsiniz. Əgər Sizə Avropanın mərkəzində öz maraqlarınızı irəlilətmək üçün Belarusdan istifadə etmək və ya beynəlxalq arenada bizimlə haradasa birlikdə çıxış etmək lazım gələrsə, yaxud bu gün etdiyimiz kimi, müştərək iqtisadi istehsalatlar, ticari-iqtisadi münasibətlər yaradılmasında Belarus həmişə Azərbaycanın yanında olacaqdır, Siz həmişə Belarusa arxalana bilərsiniz”.
Ilham Əliyevin cavab nitqinin sizin üçün maraqsız olacağını nəzərə alıb üstündən keçirik.
Şərqi Avropa ölkələrindən (təkcə Şərqi Avropamı?) aldığımız balların hamısında neftimizin payı var. Buna kimsənin şübhəsi olmasın. Bizim hakimiyyət onlardan daha böyük dəstək gözləyir. Ancaq gözləntilər heç də həmişə doğrulmur. Məsələn, böyük yatırımlar qoyulan, iri layihələr həyata keçirilən Serbiyanın builki hərəkəti yalnız qədirbilməzlik kimi anlaşılmalıdır. Bu ölkənin Azərbaycana verdiyi 5 xalı ancaq nankorluq əlaməti saymaq olar. Payız seçkisində də belə dəstək versələr…
Macarıstan (12), Bolqarıstan (12), Malta (12) Ukrayna (10), Rumıniya (10) və s. bu ölkələrin prezidentləriylə görüşlərdə təxminən eyni mövzuda və eyni Azərbaycan şirkəti (SOCAR) haqda danışıldığından sizi yormaq istəmədim.
Fransanın bizə verdiyi 8 xalı isə, məncə, geri qaytarmaq gərəkdir. Son 5 ildə Fransada təkcə mədəniyyət və bərpa layihələrinə Azərbaycan 2 milyon avroya yaxın pul xərcləyib. Bu hələ bildiklərimizdir… Adamı yandıransa bu xoş məramı Fransada bəzilərinin “xeyirxahlığı satın almaq” kimi qiymətləndirməsidir. Çörəyimizin duzu yoxdur. Heç yoxdur.