“Bəlkə bir az yavaşlayan” təcili tibbi yardım

Dünən Salyanda bir qrup sakin yolu kəsib. Səbəbi xəstə üstünə çağırdıqları təcili tibbi yardımın nə az, nə çox, iki saat yarımdan sonra gəlib çıxması olub. Hansı ki, artıq xəstə dünyasını dəyişibmiş.
Əslində Azərbaycan səhiyyəsi üçün adi hallardan biridir. Onun sağaltmaqdan çox, öldürməklə məşğul olduğunu kim bilmir, guya?
Keçənlərdə bir xəbər yayıldı, orada deyilirdi ki, tanınmış biokimya alimi, 1974-cü ildə tibb və fiziologiya sahəsindəki xidmətlərinə görə Nobel mükafatı almış 95 yaşlı Kristian de Dyuv son illər ağır xəstəymiş və neçə vaxt imiş ki, həkimlərdən onun eftanaziyasını həyata keçirmələrini istəyirmiş. Nəhayət, alimin istəyini nəzərə alıb onun eftanaziyasını gerçəkləşdiriblər. O vaxt mən bu xəbəri oxuyunca düşündüm: de Dyuv baba keşkə Azərbaycanda yaşasaydı, belədə heç kimə ağız açmağına, yalvar-yaxar eləməyinə ehtiyac olmayacaqdı, indi onu yəqin çoxdan xəstəxanalarımızın birində heç bir əzab çəkmədən başqa dünyaya göndərmişdilər.
Bir dəfə bizdə də evtanaziyaya icazə verilib-verilməməsi məsələsini qaldırmışdılar, dürlü-dürlü ekspertlər bunun lehinə və əleyhinə olan rəylər bildirmişdilər. Məncə, evtanaziya-zad boş şeydir: elə ki, xəstələndin, oturursan evdə, türkəçarə kitablarını açıb qoyursan qabağına, özün öz dərdinə dərman eləməyə çalışırsan. Elə ki, baxdın faydası yoxdur, xəstəlik güc gəlir, ağrılar içində qovrulursan, bax o zaman Azərbaycansayağı evtanaziya yoluna baş vurursan – ya təcili tibbi yardım çağırırsan və o gəlib çıxanacan artıq ölmüş olursan, ya da səni xəstəxanaya çatdırırlar, qohumların həkimlərlə müalicə, əməliyyat bazarlığını edənədək sən artıq canını tapşırırsan. Əzabların, ağrıların da bitir!
Və bu da olur sizə “milli evtanaziya”!
Yox, yox, sanmayın ki, mən insan həyatı kimi müqəddəs bir mövzunu qeyri-ciddiyə alıram, mırt tuturam. Əsla! Qətiyyən! Bu yazdıqlarımda çox ciddiyəm, zərrəcə ironiya yoxdur, vəziyyətin bu yazdıqlarımdan azacıq yaxşı olduğunu sübut edən biri çıxsın, mən gedib Səhiyyə Nazirliyinin qarşısında bir-iki ağız anqıracam!
Xeyli əvvəl maraqlı bir araşdırmaya rast gəlmişdim internetdə, oradan belə məlum olurdu ki, Azərbaycanda illərdir ayrı-ayrı xəstəliklərə qarşı mübarizə proqramlarına ayrılan vəsait artıqca, həmin xəstəliklərdən əziyyət çəkən və dünyasını dəyişənlərin də sayı artır. Məsələn, 2005-ci ildə bu ölkədə 50 mindən bir qədər çox şəkərli diabet xəstəsi vardı, indi isə bu rəqəm üç dəfə artıb – nə az, nə çox, düz 163.280 nəfər!
Eyni statistika ürək-damar, xroniki böyrək çatışmazlığı, onkoloji xəstəliklərə də aiddir.
Və heç kim soruşmur: yapçıların təbirincə “xalqın rifah səviyyəsinin, avropalıların belə ağzını sulandırdığı, insanların aclıqdan, yoxsulluqdan, cürbəcür həyat qayğılarından, stressdən, depressiyadan uzaq bir həyat yaşadığı, dünyanın ən modern xəstəxanalarının tikildiyi, regionun ən inkişaf etmiş səhiyyəsinə malik olan” bir ölkədə xəstəliklərin bu qədər artmasına səbəb nədir? Niyə səhiyyəyə ayrılan pul artdıqca, təcili tibbi yardımın gecikməsindən dünyasını dəyişənlər də artır, əməliyyat masasında gözlərini həyata əbədi yumanlar da, yanlış diaqnozla can verənlər də? Niyə səhiyyəyə ayrılan pullar artdıqca müalicə arxasınca Irana axışanların sayı da artır?
Suallar çoxdur. Və cavablar elə sualların özündə gizlidir.
Salyanda etiraza səbəb olan hadisəyə qayıdınca isə cavabı özündə olan yeni suallar yaranır:
Axı hər şey yaptokratların dediyi kimidirsə, Azərbaycan belə sürətlə inkişaf edirsə, bəs niyə bu ölkədə təcili yardımın sürətində hələ də dəyişən heç nə yoxdur? Niyə inkişaf sürətlidir, amma təcili tibbi yardım yox?
Niyə avropalıların bizim inkişaf sürətimizi görüb, “bəlkə bir az yavaşlayasınız” deməsindən sonra ölkədə nə yalan yavaşlayır, nə korrupsiya, amma onsuz da elə hey gecikən, yubanan təcili tibbi yardım daha da yavaşlayır…