“Demokratiya naminə incəsənət” kampaniyası gənc fəal İlkin Rüstəmzadənin “Harlem Shake” videosunda iştiraka görə həbs edilməsini pisləyib. Qurumun 22 may bəyanatında deyilir ki, İlkin Rüstəmzadə oktyabrda keçiriləcək prezident seçkisi ərəfəsində gənc fəallara qarşı yönəlmiş həbs dalğasının qurbanlarından biridir: “Demokratiya naminə incəsənət” kampaniyası İlkin Rüstəmzadənin həbsini siyasi motivli sayır, onun dərhal azad olunmasını tələb edir”.
Bəyanatda qeyd olunur ki, “Azad Gənclik” Təşkilatının fəalı İlkin Rüstəmzadə bir qrup şəxs tərəfindən törədilmiş xuliqanlıqda ittiham olunduğu üçün “Harlem Shake” videosu ilə bağlı yeni həbslər aparıla bilər: “Biz bu videoda iştirakın Azərbaycan qanunvericiliyinə əsasən cinayət məsuliyyəti yaratdığını düşünmürük. Vətəndaşların heç bir zərəri olmayan “Harlem Shake” videosuna görə həbs olunması ölkədə siyasi vəziyyətin nə qədər absurd olduğunu bir daha ortaya qoyur. Hazırda Azərbaycanda 7 jurnalist, 2 hüquq müdafiəçisi, 7 “Nida” hərəkatı fəalı və REAL hərəkatının prezidentliyə namizədi İlqar Məmmədov da daxil olmaqla 80-dən artıq şəxs müxtəlif siyasi ittihamlarla həbsdədir. “Demokratiya naminə incəsənət“ kampaniyası vətəndaşların siyasi səbəblərdən təqib olunmasını, həmçinin gənclərin sosial şəbəkələrdəki fəallığına görə hədəfə alınmasını pisləyir, hökuməti tənqid edən şəxslərin təqibinə son qoymağa çağırır”.
“Demokratiya naminə incəsənət” kampaniyası İnsan Hüquqları Klubu və onun tərəfdaşları olan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin birgə təşəbbüsüdür. Kampaniya incəsənətin müxtəlif formaları vasitəsilə Azərbaycanda insan hüquqları və demokratik islahatları təşviq edir.


