AXCP-yə qarşı növbəti təxribat

Masallının yerli hakimiyyəti partiyanı nüfuzdan salmaq üçün  şou yaratmaq istədi, amma ifşa edildi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bölgələrdə keçirdiyi görüşlər hakimiyyətin narahatlığına səbəb olub. Iqtidar bu görüşlərin baş tutmaması üçün bütün gücünü səfərbər edib. Partiya funksionerləri hansı rayona gedirlərsə dərhal orada fövqəladə vəziyyət elan olunur. AXCP-nin yerli fəalları polisə çağırılır, toplantılar polis zorakılığı ilə dağıdılır. Yerli hakimiyyətlər toplantılardan sonradan xəbər tutduqda isə təxribata əl atırlar.
Masallıda da belə olub. AXCP bir neçə gün əvvəl rayonda tədbir keçirib. Yerli hakimiyyət sonradan məsələdən xəbərdar olduqda partiyanı gözdən salmağa cəhd edib.
Masallıdan olan Abuşov Mübariz Hüseyn oğlu, Eynullayev Gülağa Nazim oğlu və Rzayev Sahib Mirzə oğlunun adından mətbuata müraciət ünvanlanıb. Həmin şəxslər iddia edir ki, tədbirdən əvvəl Masallı Ziyalıları Ictimai Birliyinin sədri Məmmədağa Eynullayevlə (onlar Məmmədağa Eynullayevi AXCP rəsmisi kimi təqdim edib) rastlaşıblar. Birlik sədri də onları dəvət edib və bildirib ki, əvəzində hər birini 15 manat veriləcək. Guya tədbir bitəndən sonra Məmmədağa Eynullayev onların hərəsinə 5 manat verib. Pulun qalan hissəsinin isə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı tərəfindən veriləcəyini deyib.
Məsələ ilə bağlı Məmmədağa Eynullayev “Azadlıq”a açıqlamasında bildirib ki, bu açıq-aşkar təxribatdır: “Əvvəla, mən AXCP üzvü deyiləm, Masallı Ziyalıları Ictimai Birliyinin sədriyəm. Siyasi fəaliyyətlə deyil, ictimai fəaliyyətlə məşğulam. Ikincisi, mən bu adamları tanımıram. Tanımadığım adamlara necə belə söz deyə bilərəm? Bu Masallının yerli hakimiyyəti tərəfindən mənə və AXCP-yə qarşı təxribatdır”.
AXCP-nin Masallı şöbəsindən “Azadlıq”a bildirilib ki, həmin şəxslər tədbirdə iştirak etməyib: “Tədbirlə bağlı fotolar və videogörüntülər var. Əgər bu adamlar orada iştirak etsəydi biz bilərdik. Tədbirdə yalnız cəbhəçilər iştirak edib. Masallıda Abuşov Mübariz Hüseyn oğlu, Eynullayev Gülağa Nazim oğlu və Rzayev Sahib Mirzə oğlu adında cəbhəçi isə yoxdur. Bu təxribatdır”.
“Azadlıq”ın araşdırmaları zamanı isə bəlli olub ki, adı çəkilən hər üç şəxs Masallının Həsənli kəndindəndir. Rayonun icra başçısı Rafil Hüseynovun iki müavini – Nəsir Muxtarlı və Nadir Abıyev də bu kənddəndir. Araşdırmalar zamanı aydın olub ki, Nəsir Muxtarlı həmin adamlara mətbuata belə bir müraciət ünvanlamağı tapşırıb. Ümumiyyətlə, isə Masallıda adıçəkilən şəxslər yerli hakimiyyətin təxribatlarının icraçıları kimi tanınırlar. Masallı məmurları vaxtaşırı bu adamlardan öz məqsədləri üçün istifadə edirlər.