«Azərbaycanda həbsxanalar narkotiklə şərlənmiş intellektual, savadlı, cəsarətli gənclərlə doldurulub»
Bakıda keçirilən “Eurovision” musiqi yarışmasından bir il sonra, ölkədə prezident seçkilərinə beş aydan da az vaxt qaldığı bir dövrdə Qərbin nüfuzlu media orqanları Azərbaycana diqqəti artırıb. Ölkədəki vəziyyət diqqətlə araşdırılaraq, Ilham Əliyevin rəhbərlik etdiyi diktatura hakimiyyətinin əməlləri barədə beynəlxalq aləmə ətraflı məlumat çatdırılır. Almaniyanın dünyaca nüfuzlu “Der Spiegel” jurnalı da kənarda qalmayıb. Bugünlərdə jurnalda Azərbaycandakı vəziyyətdən bəhs edən “Azərbaycan: pop-sirkdən sonra dəhşət” başlıqlı geniş məqalə dərc olunub. Məqalədə ölkədəki vəziyyətlə yanaşı, Azərbaycanın tanınmış simalarının fikirlərinə də yer verilib. Məqaləni təqdim edirik:
Əliyev despotizm, qohumbazlıq, şəxsiyyətə pərəstiş formalaşdırıb
Bir il əvvəl dünya ictimaiyyəti “Eurovision”a Bakıda tamaşa elədi. Lakin müsabiqə başa çatan kimi, yenə sükut çökdü. Nə dəyişdi? Ölkədəki vəziyyəti müxalifətçi fəallar, bloggerlər şərh edir.
Bir neçə gün əvvəl Almaniyanın geçmiş xarici işlər naziri Hans-Ditrix Genşer və Avropa Ittifaqının enerji məsələləri üzrə komissarı Hünter Ettinger Berlindəki simpoziumda görüşdülər. Onlar hazırkı dövlət başçısı Ilham Əliyevin atası, ölkənin keçmiş prezidenti Heydər Əliyevin yubileyini qeyd edirdilər. Genşer öz çıxışında onu “tarixi formalaşdıran şəxsiyyət” kimi təriflədi. Halbuki, onun rəhbərliyi dövründə despotizm, qohumbazlıq, şəxsiyyətə pərəstiş formalaşmışdı.
Bu tədbirə diqqət iqtisadi amillərlə bağlı idi. Çünki Genşer Berlində fəaliyyət göstərən lobbi təşkilatının Məsləhət Şurasının fəxri sədridir. Həmin təşkilat alman şirkətlərinin xarici bazara çıxması, həmçinin əcnəbi şirkətlərin Almaniyada fəaliyyəti istiqamətində çalışır. Onun müştərilərindən biri də Azərbaycandır.
Neft-qaza ciddi ehtiyacı olan Avropanın təbii ehtiyatlarla zəngin Azərbaycan rejimilə bu cür görüşləri Bakıda müxalifətçilərin qəzəbinə səbəb olur. Bu il yanvarın 23-də Avropa Şurası Parlament Assambleyası Azərbaycanın insan hüquqlarının qorunması məsələsində üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi haqda qətnamə qəbul etdi. AŞ PA-nın məruzəçisi Kristofer Ştrasser bu ölkədə siyasi məhbusların azadlığa buraxılması tələbinin də öz əksini tapdığı hesabatla çıxış etdi. Lakin Assambleya onu qəbul etmədi.
Ilham Əliyev oktyabrda keçiriləcək seçkidə yenidən prezident olmaq istəyir. Seçki öncəsi qeyri-hökumət təşkilatları, partiyalar və müstəqil qəzetlər təzyiqlərə məruz qalır, bürokratik əngəllərlə onların fəaliyyət dairəsi məhdudlaşdırılır, maliyyə sanksiyaları, məhkəmə iddiaları ilə onları məhv eləməyə çalışırlar. Müxalifətçilər, insan hüquqları müdafiəçiləri bəhanələrlə, məsələn, narkotiklə şərlənərək həbs olunur.
Əkrəm Əylisli “Daş yuxular” romanına görə təzyiqlərə məruz qaldı. Xüsusən, YAP tərəfindən hücumlara məruz qaldı. Bir neçə şəhərdə onun kitabları yandırıldı. Hətta siyasilərdən biri yazıçının qulağının kəsilməsinə görə mükafat vəd etdi.
“İlham Əliyev Azərbaycanı orta əsrlərə geri qaytarır”
Yazıçı Əli Əkbər:
– Prezident seçkisi öncəsi Azərbaycanda fəal gənclərin “ovu” başlanıb və davam edir. Tənqidçi jurnalistlərə, müxalifətçilərə qarşı repressiyalar getdikcə daha qəddar xarakter alır. Hətta qeyri-siyasi mövzuda tənqidi danışanlar da risk altındadır. Müxalifətçiləri həbs eləmək üçün əsas bəhanə narkotikdir. Bu yolla həbsxanalar yaxşı təhsil almış, intellektual, cəsarətli, demokratiya uğrunda mübarizə aparan adamlarla doldurulub. Onlara qarşı narkotik ittihamı irəli sürülüb.
Bizim ölkəmizdə kitabların yandırılması, yazıçıların təqib olunması keçmişin ən qəddar despot rejimlərini xatırladır. Bu rejim hələ də insanlara nəyi, necə yazmağı diqtə eləməyə çalışır. Ilham Əliyev Azərbaycanı orta əsrlər dövrünə geri qaytarır.
Avropa Şurası deputatlarının Kristof Ştrasserin siyasi məhbuslarla bağlı hesabatını qəbul etməməsi Azərbaycan hakimiyyəti üçün qələbə oldu. Bu həm də Əliyevin kürü diplomatiyasının effekti idi. Bu cür proseslər rejimin özünə güvəni və aqressiyasının artmasına səbəb olur.
Adam şoka düşür, axı necə olur ki, bizim adi, kiçik diktator neft, qaz və tonlarla qara kürünün köməyilə Avropa institutlarını və dəyərlərini aşağılayır. Buna imkan verirlər”.
Azərbaycanda cəmiyyət əvvəlki deyil…
Araşdırmaçı jurnalist Xədicə Ismayılova:
– Bakıda keçirilən “Eurovision” ölkədə çox şeyi dəyişdi. Neft pulları beynəlxalq medianın gözlərini qamaşdırmır. Beynəlxalq media həqiqətləri dilə gətirir. Artıq cəmiyyət də oyanıb, hesab sorur. Artıq daha çox insan etiraz nümayişlərinə getməyə, hakimiyyətin fəaliyyətini tənqid etməyə başlayıb. Nəticədə Azərbaycan hakimiyyətinin öz xalqı qarşısında qorxusu daha da artıb. Etnik azlıqların qəzetinin redaktoru olan Hilal Məmmədovu hakimiyyətin “Eurovision” təbliğatının uğursuzluğu haqda xırda zarafatından sonra həbs elədilər. Ona qarşı da narkotik ittihamı irəli sürdülər.
Ümumiyyətlə, jurnalistlərin, hüquq müdafiəçilərinin həbsi halları artıb. Tənqidçi “Xural” qəzetinin baş redaktoru saxta ittihamlarla 9 il azadlıqdan məhrum edildi. “NIDA” Vətəndaş Hərəkatının həbs olunmuş 7 üzvü də yaxın vaxtlarda məhkəmə qarşısında dayanacaq. Onlar da narkotik, ölkədə qarışıqlıq yaratmaq kimi ittihamlar elan olunub.
Bütün bunlara baxmayaraq, cəmiyyət əvvəlki deyil. Insanlar daha çox tənqidçi olub. Hərçənd, repressiyalar insanların gözünü qorxutmağa hesablanıb. “Demokratiya naminə oxu!” kimi kampaniyalar insanların gözünü açdı. Bu cür tədbirlər cəmiyyəti gücləndirdi”.
Hakimiyyət “Azadlıq”ı susdurmağa çalışır
“Azadlıq” qəzetinin şöbə müdiri Vidadi Məmmədov:
– Hökumət “Azadlıq”ı susdurmaq üçün bütün vasitələrdən istifadə edir. Dövlət orqanları təkcə bir il ərzində “Azadlıq”ı dörd ayrı-ayrı iddialar üzrə məhkəməyə veriblər. Təkcə bir məhkəmə iddiası üzrə 30 min manat ödəməliyik. Son olaraq, “Azadlıq” ordudakı müəmmalı əsgər ölümləri haqda materiallar dərc edəndən sonra Müdafiə Nazirliyi də bu yaxınlarda qəzeti məhkəməyə verib və 100 min manat istəyir. Hətta iki nazir qəzetimizin baş redaktoru Qənimət Zahidin həbsini tələb edirdi.
Əgər bu cür məhkəmə cərimələri davam etsə, tamamilə satışdan gələn gəlir hesabına yaşayan qəzet fəaliyyətini dayandırmaq məcburiyyətində qalacaq. Təzyiqlərdən, repressiyalardan çəkinərək heç kim qəzetə reklam vermir. Dəfələrlə qəzetimizin əməkdaşları fiziki hücumlara məruz qalıb. Amma biz fəaliyyətimizi dayandıra bilmərik. Söz azadlığı uğrunda mübarizəmizi davam etdirəcəyik.
Rejim daha da qəddarlaşıb
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli:
– Ölkədə siyasi məhbusların sayı artır. 2012-ci ildən bəri 7 dinc nümayiş keçirilib, hamısı da polis tərəfindən dağıdılıb. Təhlükəsizlik qüvvələri nümayişçilərə qarşı daha da qəddarlaşıb, insanlara qarşı zorakılığa yol verilir, rezin güllələrdən, gözyaşardıcı qazdan istifadə olunur. Etiraz aksiyalarında iştiraka görə cərimələr fantastik həddə artırılıb, hazırda bu rəqəm təxminən 2000 avrodur. Bu da tələbə üçün çox böyük puldur. Təkcə küçə və meydanlarla mitinqlər qadağan edilməyib, həmçinin rejim müxalifətçilərin şəxsi görüşlərini də nəzarətdə saxlayır.
Yaxın qohumum Elnur Seyidov ötən ilin martında dələduzluq ittihamıyla həbs olundu. Amma bu ittihamı sübut edən bircə fakt yoxdur. O vaxtdan bəri Milli Təhlükəsizlik Nazirliyində saxlanılır. Halbuki, çox ciddi xəstəlikdən əziyyət çəkir və bu cür şəraitdə saxlanılan onun həyatına təhlükədir. Hamıya məlumdur ki, ona qarşı ittihamlar saxtadır və mənə təzyiq göstərmək məqsədi daşıyır. Istəyirlər ki, mən qohumlarıma qarşı bu cür münasibətə görə çəkinim və siyasi mövqeyimdən geri çəkilim.
Bu il Azərbaycanda prezident seçkisi keçiriləcək. Avropa Şurası Krstof Ştrasserin siyasi məhbuslarla bağlı tənqidi hesabatını qəbul etmədi. Məsələ aydındır: Əliyevin kürü diplomatiyası uğurlu oldu. Hökumət Avropa Şurasından hədiyyə aldı və indi müxalifətə qarşı hücumlarda özünü arxayın hiss edir. Indiyədək Azərbaycan hökumətini siyasi islahatlara razı salan bircə beynəlxalq təşkilat yoxdur.
Biz mübarizəmizi dayandırmayacağıq!
Blogger, dissident Emin Milli:
– Bizim nəsil Azərbaycana əsl azadlıq, stabillik, davamlı inkişaf gətirəcək. Bunun üçün bizə insanlara danışmaq hüququ verən güclü və müstəqil media, ictimai məkan lazımdır – Meydan. Bizim dostlarımızla birgə Berlində yaratdığımız televiziya layihəmiz var. Bu layihədə komandamızda Bakıda keçirilən “Eurovision”dan bir qədər əvvəl hökuməti tənqid edən musiqi ifa etdiyinə görə həbs olunan və həbsxanada işgəncələrə məruz qalan reper Camal Əli, tanınmış blogger Həbib Müntəzir kimi adamlar var. Azərbaycanda hər dəfə layihə həyata keçirmək istəyəndə ya həbs olunmuşam, ya saxlanılmışam. Berlində isə biz təhlükə altında deyilik. Bizim telekanalın təqdimatı polis nəzarəti altında keçirilməli idi, çünki biz təhlükə altında idik.
Bizim layihə Azərbaycandakı fədakar insanlar və xaricdəki mühacir soydaşlarımızın ianələri hesabına maliyyələşir. Bizim yeni tərəfdarlarımızdan biri Ayandır. Onun 14 yaşı var və azad, müstəqil telekanal görmək istəyir. Biz mübarizəmizi dayandırmayacağıq.
Siyasət şöbəsi