Milli Məclisdə “qanun qalmaqalı”

Deputat parlamentə erməni ilə əlaqəyə görə məsuliyyət nəzərdə tutan layihə təqdim etdiyini deyir, qarşı tərəf isə bunu təkzib edir

Milli Məclis “Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” qanun layihəsinın hazırlanması barədə xəbərləri təkzib edib. Bu barədə məlumatı “Turan” informasiya agentliyi yayıb. Məlumatda bildirilir ki, parlamentdə belə bir qanun layihəsinin hazırlanması barədə yayılan xəbərlər həqiqətə uyğun deyil.
“Parlamentin heç bir komitəsində belə bir qanun layihəsi müzakirə olunmayıb və müzakirə olunması da nəzərdə tutulmayıb. Buna görə də Milli Məclisin Mətbuat xidməti bütün Kütləvi Informasiya Vasitələrinin diqqətinə çatdırır ki, bu tipli informasiyaları yaymamışdan əvvəl məlumatı yoxlasınlar”,- deyə məlumatda bildirilir.
Yada salaq ki, belə bir qanun layihəsi barədə xəbəri APA informasiya agentliyi yaymışdı. Məsələyə aydınlıq gətirmək üçün əməkdaşımız agentliklə əlaqə saxlayıb. APA-dan bildirilib ki, Milli Məclisdən həmin xəbərlə bağlı agentliyə heç bir təkzib daxil olmayıb. Az sonra isə bəlli olub ki, Milli Məclisə həqiqətən belə bir qanun layihəsi daxil olub. Layihəni təqdim edən isə deputat Qüdrət Həsənquliyevdir. Bu barədə o özü APA-ya bildirib. “Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” qanun layihəsini Milli Məclisə mən təqdim etmişəm” deyən deputat əlavə edib ki,     o, bu layihəni hələ 7 fevral 2011-ci ildə hazırlayaraq, parlamentə təqdim edib: “Həmin vaxt bu layihə mediada dərc olunub və geniş rezonans doğurub. Sadəcə, son vaxtlar məsələ aktuallaşdığı üçün mən bu təklifi bir daha gündəmə gətirmişəm”.
Məlumat üçün qeyd edək ki, qanun layihəsində torpaqlar işğaldan azad edilənə qədər təcavüzkar dövlətin istənilən sahəyə məxsus təşkilatı və qurumunun, həmçinin onların təmsilçiləri ilə əməkdaşlıq edən Azərbaycan vətəndaşının cinayət məsuliyyətinə cəlb olunması nəzərdə tutulub.