Qəzetin hesabına 40 gündür həbs qoyulub; düşdüyü ağır vəziyyət “Azadlıq”ın fəaliyyətinin ən qısa zamanda dayanmasına gətirib çıxara bilər
Azərbaycan hakimiyyətinin apardığı siyasət nəticəsində bir ildən artıqdır ki, “Azadlıq” qəzeti olduqca ağır şəraitdə fəaliyyət göstərir. Ağır məhkəmə cərimələri, reklamın qadağan olunması, ən böyük yayım şəbəkəsi “Qasid”in qəzetin satılmış nüsxələrinin pulunu ödəməməsi vəziyyəti kritik həddə çatdırıb.
Yəqin, oxucular xatırlayır ki, fevral ayında Ali Məhkəmə Metropolitenin rəisi Tağı Əhmədovun iddiası əsasında “Azadlıq” qəzetinin 30 min manat cərimələnməsi qərarını qüvvədə saxladı. Yaxın bir ay ərzində Ali Məhkəmədə “Binə” Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın iddiası əsasında növbəti 30 min manatlıq məhkəmə qərarının çıxarılacağı şübhə doğurmur. Qeyd etmək yerinə düşər ki, Müdafiə Nazirliyi də aprel ayının axırlarında “Azadlıq” qəzetini məhkəməyə verərək, 100 min manat təzminat tələb edir. Artıq 40 günə yaxındır ki, qəzetin hesabına həbs qoyulub.
Qəzetin Metropoliten Idarəsinin rəisi Tağı Əhmədovla cərimənin hissə-hissə ödənilməsilə bağlı razılaşması olmasına baxmayaraq, hesab üzərində həbs qalmaqda davam edir. Hər iki tərəfin həbsin götürülməsi üçün məhkəməyə müraciətinə baxmayaraq, bir həftə bundan əvvəl Yasamal Rayon Məhkəməsi bu işə yalnız mayın 31-də baxacağını bildirib.
“Azadlıq” qəzeti baş redaktorunun birinci müavini Rahim Hacıyev deyir ki, 20 dəqiqəlik işə ayın ortalarında deyil, sonuncu günündə baxılması qəzetin vəziyyətinin daha da ağırlaşdırılmasına cəhd kimi qiymətləndirilir. Onun sözlərinə görə, qəzetin başlıca xərcləri üç istiqamət üzrədir: maaş, çap və kağız xərcləri. Bütün istiqamətlər üzrə qəzetin düşdüyü ağır vəziyyət “Azadlıq”ın fəaliyyətinin ən qısa zamanda dayanmasına gətirib çıxara bilər.
“Onu da qeyd etmək vacibdir ki, ”Qasid” firmasının bu günə qədər qəzetə olan borcu 40 min manatdan yuxarıdır. Atılan bütün addımlar, görülən bütün tədbirlər “Azadlıq” qəzetini susdurmaq üçündür. Biz yerli və beynəlxalq ictimaiyyəti Azərbaycanın ictimai-siyasi həyatının böyük bir fenomeni olan “Azadlıq” qəzetini xilas etməyə çağırırıq”, – deyə Rahim Hacıyev əlavə edib.