Sergey Lavrov: «Iranın konfransda iştirak etməməsi müqabilində Səudiyyə Ərəbistanı da konfransa dəvət edilmədi»
Rusiyanın xarici işləri naziri Sergey Lavrov ABŞ-ın Suriya böhranının həlli ilə bağlı iyunun 12-14-də keçiriləcək ikinci Cenevrə konfransında Iranın iştirakına qarşı çıxdığını söyləyib. APA-nın verdiyi məlumata görə, Rusiya XIN başçısı rəsmi Vaşinqtonun Bəşər Əsəd rejiminə açıq dəstək verən Iranın sülh prosesində yer almasına qarşı olduğunu bildirib:
“ABŞ dövlət katibi Con Kerrinin Moskvaya səfəri zamanı Suriya böhranının həlli üçün beynəlxalq konfrans keçirmək haqqında razılıq əldə olunmuşdu. Amerikalı tərəfdaşlarımız Iranın bu konfransda iştirakına qarşı çıxıblar. Iranın konfransda iştirak etməməsi müqabilində Səudiyyə Ərəbistanı da konfransa dəvət edilmədi”.
S.Lavrov qeyd edib ki, Iranın bölgədə baş verənlərə təsir imkanının olduğu nəzərə alınarsa, onda Iranın Cenevrə konfransında iştirakının vacibliyi anlaşılar:”Bunu Conn Kerri ilə görüşdə də dedim. O da mənimlə həmfikir olduğun u söylədi, lakin bölgədə bəzi ölkələrin qəti olaraq bunun əleyhinə çıxdığını bildirdi”.
Cenevrədə keçiriləcək ikinci konfransda bütün müxalif qrupların iştirak etməsinin önəmli olduğunu vurğulayan nazir bəyan edib ki, konfransda Suriyanın bölünməsini istəyənlərin də iştirakı vacibdir. Bu konfransdan bir nəticə əldə olunmadığı təqdirdə yenidən tərəflərin bir-birini günahlandırmağa başlayacağını, Liviya ssenarisinin yenidən gündəmə gələcəyini söyləyən S.Lavrov “amerikalılar bizə deyə bilər ki, ”sülh konfransı istəyirdiniz, onu da elədik. Gördüyünüz kimi, heç bir nəticəsi olmadı, digər alternativ yollara baxmaq lazımdır” – deyə xəbərdarlıq edib.


