«Köhnə qvardiya»nı kimlər və niyə hərəkətə gətirib?
Artıq iki həftədir ki, cəmiyyət hakim Yeni Azərbaycan Partiyasının (YAP) sürpriz isimlərindən ilginc açıqlamalar eşidir. “Azadlıq”a daxil olan məlumatlara görə, həmin şəxslərin birdən-birə fəallaşması səbəbsiz deyil. Məlumatlarda bildirilir ki, əslində bu hakimiyyətdəki qruplararası savaşın təzahürüdür. Təsadüfi deyil ki, “köhnə qvardiya”nın bəzi nümayəndələri Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevi, bəziləri isə YAP-ın icra katibi Əli Əhmədovu hədəf seçib.
Bu arada qeyd edək ki, hələ bir müddət əvvəl “Azadlıq” YAP-ın Ramiz Mehdiyevin nəzarətindən çıxarılması prosesinə start verildiyi barədə xəbər yaymışdı. Həmin xəbərdə deyilirdi ki, PA rəhbərinə əks cinahda dayanan Paşayevlər hakim partiyaya nəzarəti prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədova tapşırıb. Bu isə hətta YAP-ın rəhbərliyində ikitirəliyə səbəb olub. Iddialara görə, hakim partiyanın icra katibi Əli Əhmədov Əli Əsədovun kuratorluğunu qəbul etsə də, partiyanın bəzi tanınmış simaları Ramiz Mehdiyevə üstünlük verib. Ilham Əliyev hələ ki, YAP-dakı ikitirəliklə bağlı konkret mövqe bildirmədiyinə görə Ramiz Mehdiyevlə Əli Əsədov arasında qarşıdurma davam edir.
Məlumatlara görə, “köhnə qvardiyanı” da elə bu şəxslər hərəkətə gətirib. Ramiz Mehdiyevlə Əli Əsədovun YAP-a bu qədər maraq göstərməsi 2013-cü il prezident seçkisi ilə bağlıdır. Bu seçki Ilham Əliyev üçün ən kritik seçkidir. Beynəlxalq aləm ölkə başçısının üçüncü dəfə namizədliyini irəli sürməsini qəbul etmir. Hakimiyyətin səylərinə baxmayaraq baxmayaraq beynəlxalq aləm Ilham Əliyevin bu addımına dəstək vermək niyyətində görünmür. Lakin hakimiyyət Ilham Əliyevin növbəti dəfə prezident olmasında israrlıdır.
Məlumatlarda bildirilir ki, hakimiyyət bu dəfə seçkiyə əvvəlkilərdən dəfələrlə artıq vəsait sərf etmək niyyətindədir. Savaş da elə buna görədir. Yəni, seçkini hansı qrup keçirəcəksə ayrılan pullara nəzarət də onun əlində olacaq. Bu savaşdan hansı qrupun çıxacağını isə zaman göstərəcək.
Azad