Turqut Ər keçmiş dövlət müşavirinin Qarabağ konfliktinin tarixilə bağlı söylədiklərinə münasibət bildirdi
Keçmiş dövlət müşaviri Vəfa Quluzadə bugünlərdə “Azadlıq”a müsahibəsində Dağlıq Qarabağ konfliktinin tarixindən danışarkən bildirmişdi ki, Rusiya bu istiqamətdə planları hələ 1970-ci illərdən cızılırdı. 80-ci illərdən isə bu planı həyata keçirməyə başladılar: “Rusiya Qarabağ problemini 80-ci illərdən bəri yaradırdı.
Rusiya başa düşürdü ki, SSRI çökür. Rusiyanın Baş Kəşfiyyat Idarəsində işləyənlər, general Kaluqin hələ 70-ci illərdə bunu başa düşürdü. Gələcəklə bağlı planlar Baş Kəşfiyyat Idarəsinin Strateci Araşdırmalar Departamentində işlənirdi. Bu departamentdəki intelektuallar o qərara gəlmişdi. Qorbaçov özü də həmin təşkilatın əlində oyuncaq idi”.
1994-cü ilin mayında imzalanan atəşkəs razılaşmasına gəlincə, Vəfa Quluzadə deyir ki, azərbaycanlılar Dağlıq Qarabağ və ətraf rayonlardan çıxarılandan sonra Rusiya atəşkəs imzalamağı təklif etdi. Azərbaycan rəhbərliyi də bununla razılaşdı.
1990-cı illərdə Türkiyənin Azərbaycandakı səfirliyində çalışmış diplomat Turqut Ər deyir ki, əgər Vəfa Quluzadənin bu haqda söylədikləri həqiqətdirsə, bu halda, torpaqların işğalına görə məsuliyyət Heydər Əliyevin üzərinə düşür. Çünki 1970-80-ci illərdə Heydər Əliyev Azərbaycana rəhbərlik etmiş, Siyasi Büronun üzvü olmuş şəxsdir. Azərbaycan torpaqlarını işğal etmək planı var idisə, niyə Heydər Əliyev vaxtında müəyyən tədbirlər görərək bunun qarşısını almayıb?
“1970-ci illərdə Qarabağ konfliktinin Azərbaycanın başına sarılmasına dair planlar cızılanda, daha sonra 80-ci illərdə onun həyata keçməsinə başlananda Heydər Əliyev harada idi? Bunun qarşısını almaq üçün hansı işləri görürdü? Vəfa Quluzadə etiraf edir ki, Dağlıq Qarabağ və yeddi rayonun işğalından sonra Rusiya dedi ki, kifayətdir və atəşkəs imzalamağı təklif etdi. Bunlar da həmin göstərişə uyğun olaraq, gedib razılaşmanı imzalayıblar”, – deyə Turqut Ər qeyd edib.
Keçmiş diplomat onu da qeyd edir ki, hazırkı hakimiyyətin Dağlıq Qarabağ münaqişəsini həll edəcəyinə inanmır: “Bunlar deyir ki, biz ulu öndərin siyasətini davam etdiririk. Əgər eyni siyasət davam edirsə, bu problemin həllinə hansı əsasla inanaq?”
Hikmət