«Xızıda o boyda katib vəzifəsi verilmişdi, Hacı Əbdül gələn kimi qorxudan qoydun qaçdın»
“Mənim onunla şəxsi heç bir problemim yoxdur. Sadəcə olaraq bu adam ortaya düşüb, bütün tarixi saxtalaşdırır. Mən konkret danışan adamam və hər şeyi konkret deyirəm. Məsələn, mən Eldar Ibrahimovla xalaoğlu olmağı özümçün şərəf bilərəm. Maksim Musayev bu barədə iddia ilə çıxış edib. Eldar Ibrahimov ağsaqqal, hörmətli bir insandır, mən onu öz qardaşımdan da üstün hesab edirəm, məsləhət lazım olanda bir ağsaqqal kimi ona müraciət edirəm.
Amma bizim qohumluq əlaqələrimiz xalaoğluluq səviyyəsində deyil. Adi bir detaldan bunun yalan danışdığı ortaya çıxır”. Bu sözləri YAP-çı deputat Siyavuş Novruzov “Yeni Müsavat” qəzetinə müsahibəsində hakim partiyanın qurucularından olan Maksim Musayevin ittihamlarına cavab olaraq bildirib. Siyavuş Novruzov növbəti dəfə deyib ki, Maksim Musayevin YAP-ın yaranmasında heç bir rolu olmayıb: “Heç bir rolu olmayıb. Bir rayon təşkilatının adını çəksin ki, desin bunu mən yaratmışam. Sadəcə olaraq yada düşmək, gündəmdə qalmaq üçün adam bu addımları atır. Ümummilli lider də bilirdi o kimdir, biz də. Hacı Əbdül gələndə qorxudan qaçıb getdi Xızıya. Deyir ki, filankəsləri idmana dəvət edirəm. Çağırardın da Əbdülü. Xızıda o boyda katib vəzifəsi verilmişdi, Hacı Əbdül gələn kimi qorxudan qoydun qaçdın”.
YAP-çı deputat Maksim Musayevin Heydər Əliyevə görə həbs təhlükəsi yaşadığı barədə dediklərinin doğru olmadığını deyib: “Onu başqa şeyə görə həbs eləmək istəyirdilər. Indi məsələni başqa istiqamətə yozur. O vaxt deputatların imzası toplanırdı. Ayaz Mütəllibovu Ali Sovetin 14 may iclasına ikinci dəfə hakimiyyətə çağırmaq üçün. 350 deputatın üçdə biri müraciətə qol çəkməli idi. Maksim Musayev də o prosesdə iştirak edirdi. Ona görə kimsə onu çağırıb, ancaq kim çağırıb, deyə bilmərəm”.
Xatırladaq ki, Maksim Musayev “Azadlıq”a və başqa mətbuat orqanlarına açıqlamalarında YAP-ın icra katibi Əli Əhmədovu sərt tənqid edib. O, icra katibini YAP-ı pis vəziyyətə salmaqda suçlayıb. Qocaman YAP-çı bu açıqlamalarına görə onu hədəf seçən partiyadaşlarını, xüsusilə Eldar Ibrahimovla Siyavuş Novruzovu da topa tutub. Bir neçə gün əvvəl isə Maksim Musayev Əli Əhmədovu “Azadlıq”da debata çağırıb.


