“Isa bəy, Əli bəy, nə olar, birləşin. Bu həyatının ən enerjili dövründən bir neçə ilini həbsdə günahsız olaraq yatacaq bir gəncin sizdən xahişidir. Seçkiyə tam, vahid, güclü halda gedib, bu rejimdən qurtarın bizi!” – bu sözləri mayın 17-də 2 aylıq həbs edilən Ilkin Rüstəmzadə məhkəmə zalından müxalifətə ünvanlayıb.
Birləşməni hər kəs istəyir. Çünki artıq hamının səbri tükənib. Heç kim bu cür iyrənc bir rejimdə yaşamaq istəmir. Gənclər ömürlərinin ən gözəl çağlarını zülmətdə yaşamaq istəmirlər. Və bunu onlara yaşatmağa heç kəsin haqqı yoxdu.
Bizim nəslin gəncliyi də beləcə keçib-getdi. Rəzalətdən başqa bir şey görmədik. Lakin nə qədər sarsılsaq da, ümidimizi itirmədik. Özümüzü bəzən hətta nə qədər tükənmiş, səbrini, dözümünü itirmiş kimi hiss etsək də, içimizdəki sonsuz azadlıq istəyi bizi diz çökməyə qoymadı. Inanıram ki, belə də davam edəcək. Hətta yeni məğlubiyyətlər görsək belə, umud elədiyimiz bir sabah var. Qorxusuz-ürküsüz, hər an həbs təhlükəsi gözləmədən, ən adi bir tənqidi sözünə görə şərlənəcəyindən xoflanmadan yaşa biləcəyimiz, öz alın tərimizlə insan kimi yaşamağa, övladlarımızı böyütməyə bəs edəcək qədər qazana biləcəyimiz bir sabah! Hər kəsə qabiliyyətinə, hər kəsə istedadına görə özünü reallaşdırmaq imkanı verən bir sabah…
Bəli, bu birləşməni, bütün şəxsi ambisiyalarından əl çəkib yırtıcı rejimə qarşı birləşəcək və xalqı da birləşdirə, təşkilatlandıra biləcək birliyi hər birimiz istəyirik.
Lakin məni silkələyən Ilkin bəyin bu çağırışı deyil. Bu çağırışdakı “nə olar” nidasıdı. Bu, artıq bütün ümidlərin tükənməsinə, səbrin daşmasına, başqa yolun qalmadığına işarədi. Və bu “nə olar” kəlməsi təkcə yalvarış deyil. Həm də dəhşətli təhdiddi. Mən o gəncin ürəyindən nələr keçdiyini bilirəm. Əgər onun istədiyi birlik olmayacaqsa, hansısa siyasi lider öz ambisiyasını kənara qoya bilməyəcəksə və biz biabırçı şəkildə məğlub olacağıqsa və bir də deyirəm, bu məğlubiyyət sırf birləşə bilməməkdən doğacaqsa, o zaman o gəncin hansı addımlar atacağını təsəvvürümə gətirirəm.
Bu addımlar çeşidli ola bilər. Ümidini, inamını itirib intihar etməkdən tutmuş, sırf inada, acığa savaşdığı rejimin cinahına keçməyə qədər uzana və üz tutduğu, yaxud birləşməyə əngəl olmuş hər hansı müxalifət liderinə qarşı tarixi düşmənçilik mövqeyi tutmağa qədər çeşidli addımlar.
Mən bu “nə olar”ın qarşısında kiminsə təslim olmayacağına inanmıram. Bu, “Dədə Qorqud” filmində oğuz ellərini bir-biri ilə savaşdan çəkindirmək üçün əllərini irəli uzadıb torpağa düşənə kimi yalvaran Qorqud atanın yalvarışıdı. Eyni taleyi XXI əsrdə də yaşaya bilərik. Və bir daha ümidi qırılan xalqı bir də kim bilir neçə qərinəyə yenidən ayağa qaldırmaq mümkün ola.
Liderlərdən bu “nə olar”a müsbət cavab gəlib. Lakin həyata keçməmiş, təcrübədə tətbiq edilməmiş istənilən razılıq yarımçıqdı. Biz bunun tam mənada gerçəkləşməsini görəcəyik, görməyəcəyik, bunu ən yaxın tarix göstərəcək. Mən də gənc Ilkin bəyin yalvarışına, təhdidinə qoşuluram. Hər kəsi bu nidaya imza atmağa səsləyirəm.
Və mənim həmişə çox qorxduğum bir şey var. Bu istibdad içimizdən çoxlarını alsa, çoxlarını sındırsa, çoxlarını tam ümiddən salıb ölkədən didərgin salsa da, yenə də öz yerində qalanlar var. Hakimiyyətin zülmündən başqa götürüb getməkdə qeyri-adi bir şey yoxdu. Vay o günə ki, müxalifətin əlindən baş götürüb ölkəni tərk eləyəsən…

Nə olar, birləşin…
•
•