Gülər Əhmədova danışacaqmı?

Media Gülər Əhmədova barədə, demək olar ki, hər gün hansısa bir xəbər yayır. Yaranan təəssürat budur ki, xanımın durumu heç yaxşı deyil və perspektivdə onu daha zor günlər gözləyir. Məhkəmədə müttəhimin huşunu itirməsi sağlıqla bağlı ciddi narahatlıqların olmasından xəbər verir. Aydın məsələdir ki, ağır həbsxana mühiti, siyasilərin və hakimlərin hansı qərar çıxaracağı, hərbi xidmətdə olan oğuldan dolayı keçirilən qorxu və sarsıntı bir arada əsaslı gərginliklər yaradır. Indi çoxlarını bir sual düşündürür: xanım Əhmədova danışacaqmı? Danışmaq ehtimalı az deyil və hələ normal məntiqlə davransa belə də etməlidir. Hansı variant onun təhlükəsizliyi üçün bir qədər çox təminat yaradır. Proseslər göstərir ki, ikinci variant. Nə üçün?
Susmaq, gerçəklikləri gizlətmək hər zaman qarşı tərəfə fayda verib və potensial informasiya daşıyıcısının həyatı təhlükəsizliyini təhdid edib. Baş verənlərin üzərinə işıq salmaq, meydanda şəffaflıq yaratmaq gizli, kriminal proseslər üçün çox təhlükəlidir. Insanlar demokratiyanı həm də belə məsələlərə görə düşünüb praktikaya tətbiq ediblər. Yəni cəmiyyətdə gedən proseslərin aşkarlığı, şəffaflığı təmin olunsun, siyasi oyunlar açıq müstəvidə getsin, qaranlıqlar qalmasın. Proseslərin gizli getdiyi cəmiyyətlərdə qeyri-sağlam hadisələr hər zaman baş verir, əslində sağlam və dürüst işi gizlində görməyə ehtiyac da yoxdur. Bu baxımdan xanım Əhmədova nə qədər çox susacaqsa o qədər də həyati təhlükə ilə baş-başa qalacaq. Təkrar-təkrar deyilsə də xanım S.Babayevanın taleyi bir örnəkdir.
Bu gün başqa bir proses də baş verir ki, məncə xanım Əhmədova onu da yaxşı dəyərləndirməlidir. Nədir bu? Əliyev Məhərrəm deyir ki, zərərçəkmiş adamları kimlərsə mənə tərəf istiqamətləndirir. Kimdir bu istiqamətləndirənlər? Heç şübhəsiz, müxalifətin işi deyil, çünki hadisələr PA içində baş verir. Məhərrəm Əliyev onu da deyir ki, çoxbilmiş quşlar dimdiyindən ilişər. Kimdir bu çoxbilmiş quşlar? Zeynəb Xanlarova deyir ki, mən artistəm, peşəm budur, amma iqtidarda anadangəlmə artistlər var. Kimdir bu anadangəlmə artistlər? Sirus Təbrizli və birinci xanım Mehriban Əliyeva da hakimiyyətin daxilindəki narahat kimlərsə açıq eyhamlar edir. Belə olan tərzdə xanım Əhmədova niyə susur? Bəlkə ona demək istəyirlər ki, sən niyə susursan? Doğrudan da kənardakılar və heç bir problemi olmayanlar hərdən açıq, hərdəm üstüörtülü danışır, amma bu xanım iradla susur, “qəhrəmanlıq” göstərir, “işverənlik” etmir və s. Suya hoppanıb, suyun altındakı budaqdan yapışıb, dözümlü, iradəli və inadkaram deyib suyun üstünə çıxmaq istəmir, başqa sözlə həyatı ilə oynayır.
Xanım Əhmədova bu yazını oxuya bilsə yəqin ki, ağlına ilk gələn fikir (detektiv sayağı) bu olacaq ki, hansısa bir xırda yazar məni tovlayıb danışdırmaq istəyir, hətta çətin də olsa üzündə mənalı təbəssüm də yaranacaq. Nə olar, buyurun danışmayın, ixtiyar sahibisiz. Amma siz xalqın eşitdiklərindən və bildiklərindən artıq bir şey deməyəcəksiniz ki.

Ərturan