eurovision2013

Azərbaycanın “Eurovision” qalmaqalı; Məsələyə İlham Əliyev qarışdı

eurovision2013Bakı yarışmanın təşkilatçılarını səs oğurluğunda ittiham edir; Hakimiyyət Rusiyaya görə qorxuya düşüb

Litvada Azərbaycanın xeyrinə səslərin tələbələrdən satın alınması videosundan sonra Rusiya təmsilçisinə verilən səslərlə bağlı qalmaqal yaranıb. Rusiya Azərbaycan təmsilçisinə ən yüksək – 12 bal versə də, Azərbaycandan Rusiyaya bir səs belə getməyib. Bu fakt ORT telekanalının şərhçilərini belə təəccübləndirib.
Azərbaycan Ictimai Televiziyasının direktoru Cəmil Quliyev bununla bağlı bəyanat yayıb. Bəyanatı ixtisarlı təqdim edirik: “Azərbaycan Ictimai Televiziyasının milli mobil operatorlardan aldığı məlumatlara görə, SMS səsvermənin yekun nəticəsi Rusiya ifaçısı Dina Qaripovanın ikinci yer tutduğunu göstərmişdir. Bu da Azərbaycanın milli səsverməsində Rusiyanın xeyrinə yüksək yekun balı təmin etməli idi. Qeyd edək ki, milli münsiflər heyəti də Rusiyaya yüksək qiymət vermişdir.
Azərbaycandan səslərin final hesablanmasında Rusiyanın bir bal belə qiymət almaması ciddi narahatlıq və təəccüb doğurur. Bu gün ictimaiyyətin, ziyalıların bir çox nümayəndələrinin, həmçinin yaradıcı insanların həmin fakt üzrə hiddət və narazılıq ifadə etmələrini başa düşmək olar. Biz onların fikri ilə tam razılaşırıq ki, Rusiya bu il gözəl nömrə və güclü ifaçı ilə iştirak etmişdir.
Hesab edirik ki, SMS səsvermənin yekunlarına görə Azərbaycan tamaşaçısının verdiyi yüksək qiymət, habelə milli münsiflər heyətinin “Eurovision-2013″ mahnı müsabiqəsində Rusiya ifaçısına verdiyi qiymət elan edilmiş bala adekvat deyildir.
Ürəkdən inanırıq ki, ola bilsin müəyyən əlaqədar qrupların təşəbbüsü olan bu hadisə Rusiya və Azərbaycan xalqlarının qardaşlıq münasibətlərinə kölgə salmayacaqdır”.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da “Evrovision -2013″ün finalında Azərbaycanın Rusiyaya səs verməməsi ilə bağlı yaranmış gərginliyə münasibət bildirib. ”Qafqazinfo” xəbər verir ki, səfir Rusiya KIV-nə açıqlamasında qeyd edib ki, Azərbaycan əslində Rusiyaya 10 bal verib, lakin həmin səslər “harasa yoxa çıxıb”. Səfir konkret olaraq nə baş verdiyinin məlum olmadığını, lakin ölkə prezidenti Ilham Əliyevin bu xoşagəlməz insidentlə məşğul olmaq üçün artıq göstəriş verdiyini açıqlayıb: “Hörmətli prezident Ilham Əliyev bu məsələ ilə bağlı məşğul olmaq üçün göstəriş verib və hazırda aşağıdakı mənzərə ortaya çıxır: Azərbaycanda Rusiyaya səs verilib və konkret səs sayı var. Lakin məsələ ondadır ki, həmin səslər Almaniyada hesablanır və artıq belə deyək, final nəticə orada yayılır”.