Əhmədinejadı impiçmentlə hədələdilər

Mayın 19-da Fars əyalətində “Bəsic” (hökumət tərəfdarı könüllülər dəstəsi) üzvləri qarşısında çıxış edən “Əmmar” qərargah şurasının rəisi Mehdi Taib iyunun 14-də keçiriləcək prezident seçkisindən danışıb.

“Media forum” saytının məlumatına görə, axund Mehdi Taib deyib ki, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi Haşimi Rəfsəncani və Prezident Administrasiyasının rəhbəri İsfəndiyar Rəhim Məşayinin namizədlikləri Konstitusiyaya Nəzarət Şurası üçün problemə çevrilib: “Dua edin ki, Əhmədinejad qudası Məşayinin prezidentliyə namizədliyinin ləğvindən sonra qanuna tabe olsun. Belə olsa, Amerikanın başı daşa dəyəcək. Yox, Əhmədinejad seçkini keçirməkdən imtina etsə, o zaman onun impiçment olunması və tutduğu vəzifədən kənarlaşdırılması gündəmə gələcək.

Biz Məşayisiz Əhmədinejadı hələ də dəstəkləyirik. O, əvvəllər dini liderə tabe bir şəxs idi. Lakin sonradan dəyişdi. Rəfsəncaninin namizədliyinin ləğvi isə o qədər real görünmür. Çünki belə olsa, o zaman onun Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi postundakı fəaliyyəti də sual altına düşə bilər”.