Hakimiyyət seçkidə böyük güclərdən və qonşularından dəstək görəcək, yoxsa…
Əlbəttə ki, istənilən ölkədə dəyişikliklərin olması ilk növbədə daxili faktordan – xalqın istəyindən və paralel olaraq bu istəyi gerçəkləşdirmək üçün göstərilən ardıcıl, prinsipial cəhdlərdən asılıdır. Əks halda proses ya qeyri-müəyyən vaxta qədər uzanacaq, ya da onu yönləndirən qüvvə xalq olmayacaq. Amma o da danılmazdır ki, bəzən daxili faktor qədər xarici amilin də çox böyük təsiri olur. Elə buna görədir ki, insanların çox zaman demokratik dünyadan – Qərbin güc dövlətlərindən gözləntiləri olur. Hakimiyyətlərindən narazı olan xalqlar Qərbdən müdaxilələr, təzyiqlər və istəklərini gerçəkləşdirmək üçün dəstək gözləyir.
Son illər dünyada gedən proseslər, “ərəb baharı”nın gətirdiyi yeni dalğa, avtoritar rejimlərə münasibətin sərtləşməsi, bu fonda bəzi rejimlərin devrilməsi xarici faktorun gücünü bir qədər aktuallaşdırdı. Eyni zamanda bu faktorla bağlı sarsılmış inamı da müəyyən qədər bərpa etdi. Çünki ötən dövr ərzində Qərbin seçki saxtakarlıqlarına göz yumması, enerji maraqlarını demokratiya maraqlarından üstün tutması kimi, deyimlər hüquq və azadlıqların boğulduğu ayrı-ayrı ölkələrdə, eləcə də Azərbaycanda kifayət qədər populyarlıq qazanmışdı. Indi Azərbaycan çox önəmli mərhələ – prezident seçkiləri ərəfəsindədir. Yuxarıda sadaladığımız məqamlara görə bu dəfə ölkəmizin də demokratik dünya ilə bağlı gözləntiləri müsbət mənada dəyişib. Qərbin böyük güclərinin həm oxşar rejimlər, həm də konkret Azərbaycan hakimiyyəti ilə bağlı sərgilədiyi mövqe bu gözləntilərin əsassız olmadığı ilə bağlı çox ciddi ümidlər yaradır. ABŞ, Avropa Birliyi, Israil, Rusiya, Türkiyə və Iran… Bu ölkələrin hər birinin Azərbaycandakı seçkilərlə bağlı hansı mövqedən çıxış edəcəyi olduqca maraqlıdır. Son vaxtlar rəsmi Bakının bu dövlətlərin demək olar ki, hamısı ilə münasibətləri korladığını, fürsət düşdükcə qarşıdurmaya belə, getməkdən çəkinmədiyini nəzərə alsaq, proseslərin bir qədər də maraqlı məcraya sürükləndiyini görmək olar.
“Rusiyanın öz istəkləri var”
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Azərbaycan kimi ölkələrdə keçirilən prezident seçkisində xarici amil bəzən ön plana keçir: “Əlbəttə, seçkinin nəticəsi içəridə həll olunur, xalqın rolu olmadan hakimiyyəti dəyişmək mümkün deyil. Ancaq Azərbaycanda marağı olan dövlətlərin də bəzən proseslərə fəal və ya passiv müdaxiləsindən danışmaq mümkündür. Götürək, Rusiyanı. Bu gün iki ölkə arasındakı münasibətlərdə gərginlik hiss olunur. Bəzən Azərbaycan rəsmiləri Rusiya ilə münasibətlərdə heç bir gərginliyin olmadığını iddia edirlər. Ancaq bu qədər təsadüf ola bilərmi? Azərbaycan Rusiyanın Qəbələdəki hərbi bazasını qapadır, Kremlin təklif etdiyi Gömrük Ittifaqına qoşulmur, Moskvada ”milyarder klubu” formalaşır, ardından Bakı-Novorosiysk kəmərinin fəaliyyəti dayandırılır və sabahısı da Ermənistana ən modern raketlər yerləşdirilir. Iki ölkə arasında münasibətlərdə gərginlik yoxdursa, bunlar nədir? Bu mənada Rusiyadakı dairələrin Azərbaycandakı prezident seçkisiylə bağlı öz istəklərinin olduğunu istisna etmirəm”.
“ABŞ-ın fərqli planları ola bilər”
Politoloqun sözlərinə görə, Azərbaycanda seçkiöncəsi durumu diqqətlə izləyən ikinci böyük dövlət ABŞ-dır: “Vaşinqton Kremldən fərqli olaraq Azərbaycanın güclü və sabit dövlət olmasını istəyir. Ancaq bu istək o demək deyil ki, Vaşinqton Azərbaycanda demokratiya və insan haqlarının bərqərar olmasını arxa plana keçirir. Keçmiş dövlət katibi Hillari Klinton Bakıda olarkən əlamətdar bir fikir söyləmişdi: ”Insan haqları və demokratiyaya sadiq olan ölkələr ABŞ-ın əsl dostu olurlar”. Bu o deməkdir ki, Azərbaycan hakimiyyətinin Vaşinqtonun dəstəyinə arxalanması üçün ciddi siyasi islahatlar aparması vacibdir. Bu olmadıqca Vaşinqtonda da Azərbaycanda hakimiyyətinin dəyişdirilməsi haqqında düşünəcəklər. Doğrudur, bu gün rəsmi Bakı Vaşinqtonla enerji və təhlükəsizlik sahəsində əməkdaşlıq edir, ancaq ölkədə demokratik təsisatlar güclənmədikcə ABŞ-ın fərqli planları da ola bilər. Təsadüfi deyil ki, zaman-zaman Qərb mətbuatına hakim ailənin varidatı haqqında faktlarla zəngin məlumatlar ötürülür”.
Avropa Birliyi və İsrail nə düşünür?
Politoloq Avropa Birliyinin Azərbaycanda dəyişikliklər istədiyini, lakin bu qurumun proseslərə Rusiya və ABŞ qədər müdaxilə etmək gücündə olmadığını düşünür.
O ki qaldı, strateji tərəfdaşımıza çevrilən Israilə, müsahibimiz hesab edir ki, bu dövlət üçün indiki hakimiyyətin davamı da yararlıdır: “Çünki, Azərbaycanın indiki hakimiyyəti Israillə çox sıx əməkdaşlıq edir və Tel-Əviv üçün bu yetərlidir. Israil hakimiyyəti üçün əhəmiyyətsizdir ki, bu hakimiyyət insan haqları və demokratiya prinsiplərinə riayət edir, ya yox. Onun üçün önəmli olan Bakının Tel-Əvivlə strateji tərəfdaşlığını davam etdirməsidir.
“Türkiyə suyu üfürə-üfürə içir”
Azərbaycanın strateji müttəfiqi Türkiyə isə suyu üfürə-üfürə içir. Türkiyənin hakim dairələrini rəsmi Bakının atdığı bir sıra addımlar narahat edir. Vizanın həll olunmaması, Şəhidlər məscidinin qapalı qalması və digər məsələlər Ankarada narazılıq doğurur. Ancaq Ankaranın Azərbaycanda proseslərə müdaxilə etmək kimi planları yoxdur. Ankarada 1994-1995-ci ildə bir dəfə buna cəhd etdilər, nəticəsi yaxşı olmadı. Bu hadisədən sonra Ankara üçün Azərbaycanda hakimiyyətdə kimin olmasının elə bir fərqi yoxdur. Ancaq bir gün Azərbaycandakı proseslərin axarından çıxması təhlükəsi yaranarsa, şübhə etmirəm ki, Ankara Azərbaycanın bütövlüyünü və sabitliyini qorumaq üçün hadisələrin episentrində olacaq”.
“İran Qərbə müqavimət göstərən hakimiyyət istəyir”
Azərbaycandakı prezident seçkiləri ilə bağlı Iranın mövqeyinə gəlincə, E.Şahinoğlu rəsmi Tehranın Azərbaycanda Qərbə müqavimət göstərən hakimiyyət istədiyini deyir:
“Iran-Azərbaycan münasibətləri gərgindir. Tehranda çox istəyərdilər ki, Azərbaycanda hakimiyyətdə Qərbə müqavimət göstərən və Iranın maraqlarını təmin edən iqtidar olsun. Tehran bu məqsədinə nail olmaq üçün illərdir Azərbaycanda 5-ci kolon formalaşdırır. Ancaq onlar hələ ki, o qədər gücdə deyillər ki, hakimiyyətə ələ almağa iddialı olsunlar. Buna baxmayaraq, Tehranın onlara dəstəyi hər keçən gün artır.
Xarici müdaxilənin başlıca amil olmasını, ölkəmizin xarici dövlətlərin poliqonuna çevrilməsini istəmiriksə, bütün məsələləri özümüz daxildə həll etməliyik. Türkiyəli diplomatlardan birinin bugünlərdə mənə söylədiyi bir fikir yadıma düşür: “Azərbaycanlılar ölkələrini özləri doğru-dürüst dizayn etməzlərsə, bunu onların əvəzinə başqaları edər”.
Gültəkin