Azərbaycan haqda rüşvət videosu yayan jurnalist danışdı

Liepa Zelniene: «Özümüzü tələbə kimi təqdim edib, baş verənləri gizli video ilə çəkdik…»

“Azadlıq”ın ötən sayında xəbər vermişdik ki, Litvanın15min.lt saytı “Eurovision” musiqi yarışmasının finalında Azərbaycanın öz xeyrinə səsləri bir sıra ölkələrdən satın almaq cəhdilə bağlı video yayıb.
Bir daha xatarladaq ki, gizli kamera ilə çəkilənÿ videoda ÿbir qrup arasında restoranda söhbət gedir. Onlardan 2-si digərlərinə təklif edir ki, “Eurovision” finalında Azərbaycana səs vermək üçün qruplar təşkil etsinlər. 10 nəfərlik qruplar yaradıb Vilnüsün müxtəlif rayonlarından lazım olan nömrəyə sms-lər göndərilərsə, hər qrupa 200 avro ödəyəcəklərini bildirirlər.
Videodakı şəxslərin kimliyi məlum deyil. Videonu çəkən jurnalistlərdən biriÿLiepa Zelniene “Azadlıq” radiosuna açıqlamasında bildirib ki, həmin şəxslər Belarusdan olduqlarını deyiblər. Onların izinə neçə çıxdıqlarını isə jurnalist belə təsvir edir: “Redaksiyasımıza tələbələr müraciət etdi, bildirdilər ki, cümə günü onlara pul müqabilində ”Eurovision” finalında səs vermək təklif olunub. Şənbə günü bu adamlarla kafedə görüşəcəklər. Biz də özümüzü tələbə kimi təqdim edib bu görüşə getməyi və baş verənləri gizli video ilə çəkməyi qərara aldıq. Söhbət zamanı məlum oldu ki, bu adamlar Azərbaycana səs yığmaq istəyirlər”.
Liepa Zelnienenin sözlərinə görə, həmin şəxslər Litvadan deyildilər, çünki bu dildə bir kəlmə də başa düşmürdülər: “Bizə izah etdilər ki, nə vaxt, necə və hansı nömrəyə səs verək. Hər birimizə 2 mobil kart verəcəklərini və öz mobilimizə də əlavə kontur yükləyəcəklərini bildirdilər”.
Jurnalistin sözlərinə görə, həmin 2 adam onları inandırmaq üçün xeyli miqdarda nəğd pul göstəriblər ki, əgər vəzifələrinin öhdəsindən gəlsələr, hərəsinə 20 avro ödəyəcəklər: “Amma bildirdilər ki, biz 10 nəfərlik qrup yaratmalı və şəhərin müxtəlif yerlərində olmalıyıq ki, eyni nöqtədən gələn kütləvi səsvermə təsəvvürü yaradaraq şübhə doğurmayaq”.
Liepa Zelniene deyir ki, həmin şəxslərin Azərbaycanla hər hansı bağlılığı haqda hazırda əllərində heç bir məlumat yoxdur. Gizli çəkilişdən sonra onlarla bir daha görüşməyiblər. Jurnalist araşdırmaların davam etdirildiyini bildirir.
Eurovision mahnı müsabiqəsinin təşkilatçısı olan Avropa Yayımçılar Birliyinin mətbuat katibiÿJarmo Siim “15min.lt” saytının yaydığı videodan xəbəri olduğunu bildirib. Onun sözlərinə görə, səslərin alınması haqda ittihamlar yeni deyil, hər il səslənir. Deyir ki, bütün şübhəli hallar kimi, bu videodan doğan məlumatlar da araşdırılacaq. Lakin Jarmo Siim əmindir ki, səsvermə sisteminin texniki prosedurası etibarlıdır və pulla səslərin alınması cəhdlərinin nəticəyə təsir imkanlarını tamamilə heçə endirir.ÿƏlavə edir ki, səslərin pulla alınması “Eurovision” yarışmasının ruhuna zidd olan bir addımdır.
Azərbaycanın Litvadakı səfirliyindən isə sözügedən video ilə bağlı hər hansı şərh verə bilməyəcəklərini deyiblər.
Səsvermənin nəticələrinə məsul olan yerli yayımçı LRT şirkətinin sözçüsü də hər hansı rəsmi mövqeyin olmadığını bildirib.