Maksim Musayev Əli Əhmədovu “Azadlıq”da debata çağırdı

maksim-musayev«Mən onu elə sizin qəzetinizdə debata çağırıram, gəlsin danışaq, hamı da həqiqəti bilsin»

«Partiyanın orqanı olan «Yeni Azərbaycan» qəzeti bulvar qəzetinə dönüb»

“Eldar Ibrahimovun mənim barəmdə dedikləri yalandır. O, YAP-ın tarixini bilmir, amma mən bilirəm. Danışıb onları ifşa edirəm, ona görə də mənim haqqımda belə yalanlar uydururlar”. Bu sözləri “Azadlıq”a YAP-ın qurucularından Maksim Musayev, partiyadaşı, deputat Eldar Ibrahimovun onun barəsində söylədiyi fikirlərə münasibət bildirərkən deyib.
Eldar Ibrahimov “Olaylar” qəzetinə müsahibəsində deyib ki, 1992-ci ildə Milli Məclisin sədrliyinə Etibar Məmmədovun namizədliyini irəli sürən Maksim Musayev sonradan Nizami  Xudiyevdən (AzTV-nin keçmiş rəhbəri) xahiş edirmiş ki, həmin kadrı efirə verməsin: “1992-ci ilin 18 mayında Ali Sovetin sədri seçilərkən mən Heydər Əliyevin namizədliyini irəli sürdüm, məndən sonra isə Maksim Musayev durub Etibar Məmmədovun namizədliyini irəli sürdü. Düzdür, insafən belə bir söz də işlətdi ki, Heydər Əliyevin fikrini öyrənmək üçün içlas dayandırılsın. Amma sonra niyə mənim arxamca gəlmədin, Heydər Əliyevlə əlaqə yaratmağa çalışmadın? Bunlar da axı, gözümüzün qabağında olub və dəfələrlə həmin səhnə televiziyada nümayiş etdirilib. Hətta, bir dəfə Nizami Xudiyev dedi ki, Maksim Musayev məndən əl çəkmir ki, həmin kadrı niyə efirə verirsiniz. O vaxt belə hərəkət etməyəydin, səni də göstərməyəydilər”.
Maksim Musayev bunun ağ yalan olduğunu deyərək əlavə edərək media nümayəndələri məsələni Nizami Xudiyevin özündən də soruşa bilərlər: “Jurnalsitlər Nizami Xudiyevi danışdırsınlar görək mən elə söz demişəm ya yox?! Eldar Ibrahimov və xalası oğlu Siyavuş Novruzov Əli Əhmədovun göstərişi ilə mənə hücum çəkir. Çünki mən Əli Əhmədovu ifşa edirəm. Qaldı ki, Etibar Məmmədovun namizədliyini irəli sürməyimə sizin qəzetinizdə və digər mətbuat orqanlarında buna aydınlıq gətirmişəm, təkrarçılıq etmək istəmirəm”.
Maksim Musayev ambisiyalı olması barədə Eldar Ibrahimovun dediklərinə də münasibət bildirib: “Bəli, mən ambisiyalıyam. Amma məndə vəzifə ambisiyası yoxdur. Mən şəxsiyyətimi, mənliyimi qoruyan, hörmət edən adamam. Görünür, Eldar Ibrahimov ambisiya sözünün mənasını da düz-əməlli bilmir”.
Qocaman YAP-çı əlavə edib ki, əslində onun problemi Eldar Ibrahimov, Siyavuş Novruzov deyil: “Onlar partiyanın tarixini, ümumiyyətlə çox şeyi bilmir. Ona görə də mənimlə danışa bilməzlər. Mən Əli Əhmədovu tənqid etmişəm. Çünki o, YAP-ı pis vəziyyətə salıb. Partiyada daxili demokratiya boğulub, təşkilatın qurucuları çıxdaş edilib və s. Partiyanın orqanı olan ”Yeni Azərbaycan” qəzeti bulvar qəzetinə dönüb. Müxalifət qəzetləri Ilham Əliyevi tənqid edir, amma orada bir savadlı adam yoxdur ki, həmin tənqidlərə tutarlı cavab versinlər. Ancaq təhqir edirlər. Çünki savadları yoxdur. Əli Əhmədovun özü münasibət bildirməlidir mənim tənqidlərimə. Amma qorxaqdır, cəsarəti yoxdur çıxsın cavab versin. Mən onu elə sizin qəzetinizdə debata çağırıram, gəlsin danışaq, hamı da həqiqəti bilsin.  Deyə bilər ki, “Azadlıq” müxalifət qəzetidir. Yaxşı onda gəlsin Beynəlxalq Mətbuat Mərkəzinə. Hamının gözü qarşısında danışaq, jurnalistlər suallarını versinlər. Bax onda bilinəcək kim kimdir. Amma o qorxaqdı, gəlməyəcək”.

Azad