«Şirkət rəhbərləri və rektorlar deputat ola bilməz»
Bugünlərdə Milli Məclisin deputatı, Ədalət Partiyasının sədri Ilyas Ismayılov deputat mandatı daşıyan ali məktəb rektorları ilə bağlı prezident Ilham Əliyevə müraciət etmişdi. I.Ismayılov Konstitusiyanın 85-ci maddəsini əsas gətirərək rektorların parlamentdə oturmasını qanunsuz adlandırmış və ölkə başçısından bununla bağlı ölçü götürməyi xahiş etmişdi.
Onun sözlərinə görə, həmin şəxslər qanunun tələbinə uyğun olaraq ya deputat mandatından məhrum edilməli, ya da tutduqları vəzifədən qeyd-şərtsiz azad olunmalıdırlar. I.Ismayılov əlavə etmişdi ki, Konstitusiyanın və Seçki Məcəlləsinin birmənalı tələblərinə baxmayaraq, bu gün Milli Məclisdəki bəzi deputatlar icra sistemlərində və başqa yerlərdə ödənişli fəaliyyətlə məşğul olurlar: “Hətta elələri var ki, iki və daha artıq vəzifə tutur. Bunlar universitet rektorları, açıq səhmdar cəmiyyətlərinin, dövlət şirkətlərinin rəhbərləri və sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olan digər şəxslərdir. Həmin şəxslərin Milli Məclisin deputatı olması Konstitusiyanın 85 və 89-cu maddələrinin tələblərinə daban-dabana ziddir.
Hüquqşünas, keçmiş deputat Qulamhüseyn Əlibəyli I.Ismayılovun bu tələbinin tamamilə əsaslı olduğunu deyir. Onun sözlərinə görə, Milli Məclisin deputatı nə qanunverici, nə icra, nə də məhkəmə hakimiyyətində başqa vəzifə tuta bilər: “Həmçinin hər hansı ödənişli və kommersiya faəliyyəti ilə məşğul ola bilməz. Lakin Azərbaycanda bir çox deputatlar var ki, onlar ikili vəzifə tuturlar. Özü də bununla bağlı çox qəribə və gülməli əsaslar gətirirlər. Məsələn, rektorlar deyirlər ki, qanunvericilik onlara bu faəliyyətlə məşğul olmağa imkan verir. Axı, rektorun fəaliyyəti pedoqoji fəaliyyət deyil. Rektor inzibati fəaliyyətlə məşğul olur. Yaxud da şirkət rəhbəri orada ictimai əsaslarla rəhbərlik etmir ki?! Gülməli vəziyyət yaranıb. Qanunvericilik şirkət rəhbərlərinin, rektorların, hər hansı başqa vəzifə tutan şəxslərin deputat faəliyyəti ilə məşğul olmasına imkan vermir. Müəllimlik edə, elmi işlə və yaradıcı fəaliyyətlə məşğul ola bilərlər. Başqa fəaliyyətlə məşğul olmaq qanuna ziddir. Bu mənada Ilyas müəllimin tələbi haqlı və əsaslıdır”.
Buna baxmayaraq Q.Əlibəyli müraciətin nəticə verəcəyinə inanmadığını deyir: “Təəssüf ki, Azərbaycanda bu cür müraciətlərə laqeyd yanaşılır. Böyük ehtimalla bu müraciətin də aqibəti eyni olacaq”.


