ip18-5

İctimai Palatada Milli Şura müzakirəsi (VİDEO)

ip18-5“Qarşılıqlı kompromislə vahid cəbhədə birləşəcəyiksə, bu, siyasi yetkinliyimizi göstərəcək. Bunun əksi olsa…”

İctimai Palata dünən növbəti sessiyasını keçirdi. Bu dəfə sessiyaya sədrliyi Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Ədalət Yusifov edirdi. Toplantı Laçının işğalı gününə təsadüf etdiyindən iştirakçılar torpaqlarımızın azadlığı uğrunda canından keçənlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Iclasın gündəliyinə Koordinasiya Şurasının işinə sessiyalararası dövrdə rəhbərlik etmiş şəxsin – AXCP sədri Əli Kərimlinin hesabatının dinlənilməsi və ölkədəki ictimai-siyasi vəziyyətin müzakirəsi daxil idi.

Hesabat

Gündəliyin qəbulundan sonra Əli Kərimli çıxış etdi. AXCP sədri çıxışını bu toplantı ərəfəsində qəzaya düşüb həlak olan hərbçilərimizi xatırlamaqla başladı, iclas iştirakçılarını onları anmağa dəvət etdi. Daha sonra ötən müddətdə görülən işlər barədə sessiyadakıları məlumatlandırdı. Əli Kərimli ötən dövrdə xeyli addımlar atıldığını deyərək, onların nədən ibarət olduğunu sadalamaqla yanaşı, bu dövrdə çox da parlaq fəaliyyət olmamasını təəssüflə qeyd etdi: “Baxmayaraq ki, seçkiyə 5 aydan az vaxt qalır, amma nə kütləvi etiraz aksiyaları, nə regionlarda təşkilatlanma baxımından xüsusi böyük tədbirlər planlaşdırmaq mümkün olmayıb”.

Milli Şura ideyası necə yarandı?

 

Əli Kərimli ölkədəki ictimai-siyasi vəziyyət barədə təhlil xarakterli çıxışında Milli Şurasını formalaşdırılması və bu istiqamətdə ortaya çıxan problemləri aydınlaşdırdı. O,  hakimiyyətin Milli Şuraya qarşı gözdənsalma kampaniyası başlatdığını, bəzilərinin qəsdən, bəzilərinin isə bilməyərəkdən bu əks-təbliğatda yer aldığını dedi. AXCP sədri bununla əlaqədar bəzi məqamları ictimaiyyətə xatırlatmağı vacib saydı: “Əvvəla, Milli Şura ölkənin demokratik qüvvələrinin geniş koalisiyası, geniş səfərbərlik imkanı, geniş inteqrasiya imkanı kimi nəzərdə tutulur. Bir ildən artıqdır ki, elə bu zalda Ictimai Palatanın sessiyalarında sizinlə bərabər bu barədə danışmışıq. Ana müxalifət missiyasını həyata keçirmiş Ictimai Palata müzakirələrimiz nəticəsində belə qənaətə gəlib ki, bundan daha geniş spektrli birliyin yaranmasına ehtiyac var. Bu fikir artıq cəmiyyətdə də formalaşıb. Belə bir məqamda Rüstəm Ibrahimbəyov tərəfindən ölkənin bütün demokratik qüvvələrinin Milli Şurada birləşməsi ideyası səslənib. Biz şüurlu şəkildə dərhal bu təklifə dəstək verdik. Düşündük ki, Rüstəm bəy siyasi partiya lideri deyil, yəqin ki, onun bu təşəbbüsünü qısqanmazlar.

Bu Milli Şura, o Milli Şuradan deyil

Çalışırıq ki, ölkənin demokratik qüvvələrinin geniş birliyi formalaşsın. Təəssüf ki, bu birliklə bağlı bizim nəzərdə tutduqlarımızla opponentlərimizin bizə təqdim etdikləri çox fərqlidir. Ona görə də bəzi məsələləri aydınlaşdırmaq lazımdır. Birincisi, Milli Şura birbaşa, heç də bir çoxlarının təsəvvür etdiyi kimi, dövlət hakimiyyətinin təmsilçisi olaraq meydana çıxmır. Biz Milli Şura yaratmaqla hər hansı paralel dövlət hakimiyyəti institutu yaratmaq iddiasında deyilik. Ona görə də çox açıq bəyan edirik ki, yaranması nəzərədə tutulan Milli Şura ölkənin demokratik qüvvələrinin Milli Şurası olacaq. Yəni, biz birbaşa Azərbaycan dövlətinin adından çıxış edib, qeyri-legitim də olsa, indi mövcud olan hakimiyyətə paralellik yaradıb dövlət, hakimiyyət məsuliyyətini üzərimizə götürmək kimi bir təşəbbüsdə bulunmuruq. Biz ölkədə demokratik dəyişikliklərə nail olmağı əsas hədəf seçirik. Ölkədə demokratik dəyişikliklərə nail olmağın yolunun da demokratik seçkilərdən keçdiyini düşünürük. Deməli, biz bu qurumu yarada biləcəyiksə, əsas hədəfimiz hamının səylərini bir araya gətirərək, vahid qüvvə kimi hökumətin qarşısında çıxış edib, onu demokratik seçkilərə məcbur etmək və xalqın qələbəsini, demokratiyaya keçidi məhz seçkilər vasitəsilə həyata keçirməkdən ibarət olmalıdır.

Milli Şurada Rusiya barmağı axtaranlara

Milli Şura ilə bağlı yaradılan ikinci yanlış görüntü bu qurumu Rusiyaya bağlamaq cəhdləridir. Azərbaycan hakimiyyəti Milli Şuranın yaranmasından çox narahatdır. Özünün tabeliyində olan bütün təbliğat quruluşlarına Milli Şuranı xalqın gözündən bu şəkildə salmaq təlimatını veriblər. Çox təəssüf ki, bir çoxları bilməyərəkdən bu prosesə dəstək vermiş olur. Bu, tamamilə yalan və absurd fikirdir. Azərbaycanın 20 il ərzində formalaşmış milli demokratik düşərgəsini, Azərbaycan müstəqilliyinə sadiq olan, bu müstəqilliyi bərpa etmiş, Rəsulzadə-Elçibəy yolunu gedən partiyaların iştirak etdiyi bir prosesi hansısa anti-xalq ayamalarla bəzəməyin özü xalqa zidd çıxmaqdır. Bu qədər geniş birliyi hansısa dövlətə bağlamağa cəhd edənlər nə demək istəyirlər? Bəlkə demək istəyirlər ki, bu ölkədə korrupsioner YAP-çılardan başqa patriot yox imiş? Niyə utanırlar, elə beləcə də desinlər… Desinlər ki, 1994-cü ildə atəşkəs elan olunana qədər ölkəyə gəlməyə qorxanlardan başqa bu ölkənin vətənpərvəri yox imiş.
Ona görə də biz Ictimai Palata olaraq qurmaq istədiyimiz bu təşkilata qarşı aparılan ideoloji kampaniyanı qətiyyətlə dəf etməyi bacarmalıyıq.

Əli Kərimlidən növbəti güzəşt çağırışı

Kənardan yanlış bir təəssürat yaradılır ki, guya, burada yalnız bir neçə nəfər adam prosesin təşkilatçısı və təsisçisi kimi çıxış etmək istəyir. Bizim belə bir iddiamız yoxdur. Biz bu prosesin baş tutmasına kömək etmək istəyirik. Təşəbbüskarlıq edirik, amma çox açıq şəkildə bildirmişik bu prosesə qoşulacaq adamlar günün birində Milli Şuranın yaranması haqqında Bəyannaməni imzalayanda hamı eyni vaxtda təsisçi olacaq. Biz ölkənin bütün real demokratik qüvvələrinin burada olmasına razıyıq. Əgər biz – hakimiyyətdən narazı olanların elitası bir araya gəlməyin yolunu tapa biləcəyiksə, qarşılıqlı kompramislərlə vahid, birləşmiş müxalifət düşərgəsində toplaşa biləcəyiksə, bu, bizim ümumi yetkinliyimizin göstəricisi olacaq. Deməli, biz demokratik dəyişiklikləri haqq etmiş olacağıq. Yox, əgər yenə də hansısa intriqalar, hansısa ambisiyalar, yersiz tələblər, iddialar, özünü təsdiqetmə kompleksləri maneə olacaqsa, bu da bizim bu günümüzə baxış olacaq. Deməli, bu gün biz o ambisiyalardan keçə bilməsək, Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsinə neqativ bir zərbə vurmuş olacağıq. Ona görə də burdan ölkənin bütün demokratik qüvvələrinə səsimiz çatsın ki, bu sifariş Azərbaycan xalqının sifarişidir. Azərbaycan xalqı böyük demokratik hərəkata o zaman qətiyyətlə başlayacaq ki, ölkənin kontur elitası bir araya gələcək, qarşılıqlı güzəştlərlə böyük bir birlikdə birləşəcək və vahid qüvvə kimi seçkilərdə iştirak edəcək”.

“Bu ölkədə dəyişiklik olmasa, insan kimi yaşamaq perspektivi yoxdur”

Əli Kərimli Azərbaycan hakimiyyətinin seçkiyə özünəməxsus formada – cərimələri artırmaq, fəal gənclərə qarşı sifarişli həbslər və işgəncələr həyata keçirmək, ziyalılara, o cümlədən Gültəkin Hacıbəyliyə qarşı qarayaxma kampaniyası aparmaqla hazırlaşdığını qeyd etdi. AXCP sədrinin sözlərinə görə, bütün bunlar hakimiyyətin islah olunmaq fikrində olmadığının göstəricisidir: “Ancaq sevindiricidir ki, rejimin bu yaramazlıqlarına baxmayaraq, insanlar qorxmur, mübarizədən çəkinmir. Azərbaycan hakimiyyəti başa düşsün ki, xalqı bu həddə özü gətirib çıxarıb. Dünyada başqa avtoritar rejimlər də olub. Bəlkə də həmin avtoritar rejimlərin nümunəsi Azərbaycan hakimiyyətini ruhlandırmışdı. Bir sıra ölkələrin təcrübəsində siyasi hüquqlar məhdudlaşdırılsa da, sosial, iqtisadi sahədə sərbəstlik olub. Müstəqil məhkəmə hakimiyyəti olub. Böyük modernləşmə siyasəti həyata keçirilib və bir müddətdən sonra demokratiyaya keçid mümkün olub. Bir daha qeyd edim ki, bu ölkələrin hamısında yalnız siyasi hüquqlar məhdudlaşdırılmışdı. Azərbaycanda isə ictimai-siyasi fəallıqdan imtina edərək özünü realizə etmək imkanı yoxdur. Insan kimi yaşamaq imkanı yoxdur. Tutaq ki, kimlərisə qorxutdun və o, geri çəkilmək istədi. Həmin insan nə etsin? Azərbaycan hökuməti ona hansı alternativi vəd edir? Gedib yaltaqlar, saxtakarlar dəstəsinə qoşulmalıdır? Şəxsiyyətsiz həyat yaşamalıdır? Övladlarının qarşısında sınmalıdır? Özünə xəyanət etməlidir? Hakimiyyət bu qədər çətin bir alternativ təklif edib Azərbaycanın demokratik düşüncəli insanlarına. Çünki bu ölkədə təkcə siyasi hüquqlar zəbt olunmayıb. Bu ölkədə nə iqtisadi azadlıq var, nə sosial ədalət var, nə müstəqil məhkəmə var, nə səsini çatdırmağa bir dövlət orqanı var. Bu ölkədə haqq-ədalət ayaqlar altındadır. Bu ölkədə dəyişiklik olmasa, insan kimi yaşamaq perspektivi yoxdur. Buna görə də əminəm ki, bu əsəb müharibəsinin növbəti raundundan da qalib çıxacağıq”.

Hakimiyyət xarici dayaqlarını itirdiyindən panikadadır

Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Rahim Hacıyev də Milli Şuranın önəmindən danışdı. Ölkədəki vəziyyəti təhlil edən Rahim Hacıyev bildirdi ki, hakimiyyətin son vaxtlar qanunlara mürtəce dəyişikliklər etməsi və repressiyaları gücləndirməsi düşdüyü panika ilə bağlıdır. Hakimiyyətin bu təlaşının səbəblərindən biri isə indiyədək söykəndiyi xarici dayaqları itirməsidir.

Ictimai Palatanın üzvü Səxavət Əlisoy da Milli Şura ilə bağlı fikirlərini bölüşdü. Onun fikrincə, AXCP və Müsavat Milli Şurada ağırlığını saxlamalıdır.
Ictimai Palatanın Koordinasiya Şurasının üzvü, Azərbaycan Milli Demokrat Partiyasının sədri Qələndər Muxtarlı da Milli Şura haqqında pozitiv fikirlərini səsləndirdi. O, sessiya iştirakçılarını Milli Şura ideyasının baş tutması üçün səfərbər olmağa səslədi.

Müsavat partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı Ictimai Palatanın rolundan bəhs edərək, bildirdi ki, bu qurumda cəmləşən qüvvələrin fəaliyyəti sayəsində Azərbaycanı bu gün Türkmənistana çevirə bilməyiblər. Tural Abbaslı qeyd etdi ki, yaranan Milli Şura ilə Ictimai Palatanı qətiyyən qarşı-qarşıya qoymaq olmaz.
Ictimai Palatanın üzvü Əhəd Məmmədli də Milli Şura barədə pozitiv fikirlər səsləndirdi, bəzi qurumların, şəxslərin özlərini Milli Şuradan kənarda saxlamaq meylini tənqid etdi.

“Kimsə danışıqlarda problem yaradırsa, bunu ictimailəşdirmək lazımdır”

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı çıxışında bildirdi ki, demokratik dəyişikliklə bağlı səylər artdıqca, hakimiyyət daha da aqressivləşir, repressiyaları gücləndirir: “Belə təəssürat yaratmağa çalışırlar ki, bunlar da Bəşər Əsəd rejimindən fərqlənmirlər, kritik məqamlar yetişsə, radikal addımlar atacaqlar. Hakimiyyət o gücdə deyil ki, kənar razılıq olmadan böyük miqyaslı zorakılığa getsin. Qərb demokratiya tələblərindən geri çəkilmək niyyətində deyil. Rusiya ilə də münasibətləri korlanıb”.
Fuad Qəhrəmanlı vurğuladı ki, müxalifət dəyişikliklərin yalnız dinc yolla həyata keçirilməsinin tərəfdarıdır.
O həmçinin Milli Şura barədə də fikirlərini bölüşdü. Qeyd etdi ki, bu ideya strateji əhəmiyyət daşıyır: “Böyük gücə çevrilsək, demokratik dəyişikliklərə nail olacağıq. Regionlarda əhali arasında hakimiyyətə qarşı böyük narazılıq formalaşıb. Müxalifətçilik sosial fenomenə çevrilib. Sadəcə, bu etirazları istiqamətləndirmək üçün üzərimizə məsuliyyət düşür. Danışıqlarda kimsə problem yaradırsa, bunu ictimailəşdirmək lazımdır. Hər kəs atdığı addıma görə cəmiyyət qarşısında məsuliyyət daşıdığını başa düşməlidir. Hər kəs öz sifətini göstərməlidir”.

İlham Əliyevə xəbərdarlıq

Ictimai Palata üzvlərindən Müsavat fəalı Mahirə Muradova çıxışı zamanı Xəzər rayonunda yerləşən bağ evini AXCP-yə qərargah kimi istifadə üçün təklif etdi. O, eyni zamanda, Ilham Əliyevə səslənərək, onun özünü və ailəsini faciəvi sonluğa aparması barədə xəbərdarlıq etdi.
Ilham Əliyevə analoji xəbərdarlıq çıxışını AXCP Rəyasət Heyətinin üzvü Məşədi Vaqif Pənahovun da çıxışında səsləndi. O, hakimiyyət mənsublarına və bilavasitə ölkə başçısı Ilham Əliyevə səsləndi ki, xalqa qarşı zülmə son qoysunlar, özlərinin və övladlarının gələcəyini nəzərə alsınlar.

“Vəziyyətin dəyişəcəyi heç kim üçün sirr olmamalıdır”

Sessiyada yekun çıxışçı Ictimai Palatanın Koordinasiya Şurasının üzvü, Müsavat başqanı Isa Qəmbər oldu. Müsavat başqanı Cümhuriyyətin 95 illik yubileyilə bağlı görüləcək tədbirlərdən danışdı.
Milli Şuraya gəlincə, Isa Qəmbər qeyd etdi ki, qurumun formalaşmasına dair danışıqları bu ay yekunlaşdırmağa çalışacaqlar: “Proses bütövlükdə yaxşı gedir. Bütün mövqelərə normal yanaşmaq lazımdır. Müxtəlif mövqelər Milli Şuranın yaranmasının qarşını ala bilməz. Bu birlikdə olanlar ölkədə gedən proseslərə pozitiv təsir göstərəcəklər.
Bir gerçəkliyi də qeyd etmək istəyirəm. Ictimai Palata demokratik qüvvələrinÿ bu gün də ən böyük toparlanma mərkəzidir. Ictimai Palata həm də düzgün qərarlar verdiyinə görə tarixə düşüb. Milli Şuranın da yaranmasına az qalıb. Milli Şura görkəmli heyəti, güclü tərkibi ilə yox, düzgün qərarları ilə vəziyyəti dəyişə bilər. Seçkiyə qədər olan müddətdən düzgün istifadə olunmalıdır. Vəziyyətin dəyişəcəyi heç kim üçün sirr olmamalıdır. ABŞ dövlət katibinin köməkçisi gəlib qırmızı xətlərdən danışırsa, Venesiya Komissiyası bir nəfərin üçüncü dəfə prezident olmasını pisləyirsə, bu, beynəlxalq birliyin mövqeyi kimi başa düşülməlidir. Venesiya Komissiyası beynəlxalq birliyin hüquqi dilidir”.
I.Qəmbər daha sonra Xudat hadisələrindən danışdı: “Hakimiyyət nadanlığını davam etdirir. 2013-cü il seçkilərindən öncə qanunları sərtləşdirsə də, məsələnin çətin olduğunu dərk edir. Cəmiyyət geri çəkilmir. Qorxu əvvəlki kimi hiss olunmur”.

Sessiyanın sonunda mayın 28-də saat 12:00-da Novxanıda böyük bayram tədbiri keçirilməsi haqda qərar qəbul olundu.

Natiq