Bu dünya necə dəyişir?

Prezident seçkisi yaxınlaşdıqca bəyanatların da, proqnozların da sayı gündən-günə artır. Amma maraqlıdır ki, hamı eyni sözləri əsasən bir ünvanda deyir – kimin üçünsə bu ünvan müxalifət, kimin üçünsə də hakimiyyət qəzetlərinin səhifələridir. 
Əgər kimsə ölkədə baş verən prosesləri mətbuat səhifələrindən öyrənməyə çalışsa çətin ki, bir şeyə nail olsun, çünki cəmi iki “rəng” var – biri qaradır, digərisə ağ. Gəl indi bu ağ-qara siyasi qrafikadan bir şey anla, görüm necə anlayırsan!
Zahirən ölkə öz adi həyatını yaşayır. Hətta bircə anlığa media sferasından uzaqlaşsan inana bilməzsən ki, bu ölkədə nəinki prezident seçkisi və üçüncü dəfə seçilmək məsələsi var, hətta ölkədə siyasət deyilən sahənin mövcudluğunu belə hiss etməzsən. Düzdür, seyrək etirazlar olur. Amma bunlar daha çox sosial xarakter daşıyır.
Təbii ki, ölkənin ölü sükutunu pozan müxalifətçi gəncləri, ümumiyyətlə, bu hakimiyyətə qarşı müxalifətdə olan insanları da unutmaq olmaz. Onlar var.
Bəli, məhz onların sayəsində nə vaxtsa ölkənin əhalisi deyə biləcək ki, bəli, biz də avtoritar siyasi sistemə qarşı müqavimət göstərmişik, heç də əllərimizi yanımıza salıb oturmamışıq.
Amma bunu cəmiyyət nə vaxtsa gələcəkdə etiraf edəcək, indi isə o, öz qəhrəmanlarını tanımaq belə istəmir. Ona görə də siyasət sferası tamamilə marginallaşıb desək, bir o qədər də təhrifə yol vermərik. Siyasətlə məşğul olanlarla olmayanlar arasından tünd rəng keçir, onları çox asanca bir-birindən fərqləndirmək və ayırmaq mümkündür.
Bəlkə də seçkilər günü bu sədd aradan götürülür, həmin sfera bütövləşib bir olur. Bilmirik, çünki əlimizdə bu nətiəcəni sübut edəcək real seçki dəlilləri yoxdur.
Bu ölkənin ən qaranlıq guşəsi onun seçki məntəqələridir, orada nələrin baş verdiyini bilmək üçün adi seçki müşahidəçisi olmaq kifayət etmir, gərəkdir ki, hakimiyyətdə olasan. Onda həqiqəti bilərsən…
Heç kim əsas sözü demir…
Ən başlıcası odur ki, müxalifət sferasında yazılanlara, deyilənlərə baxanda görürsən ki, insanlar ölkənin əsas sualından qaçırlar. Nədir bu sual?
Sual budur ki, bu hakimiyyəti düzgün seçki keçirməyə, səsləri düzgün saymağa və düzgün nəticələr elan etməyə necə vadar edəsən? Hamı özünü politoloq və ya siyasi lider hesab edir, amma heç kim bu suala cavab vermək istəmir.
Biz heç də iddia etmirik ki, bu sualın cavabını bilirik. Amma bir məsələni tam inamla deyə bilərik ki, böyük ehtimalla ölkədə dəyişikliklər heç də bu seçkidə, ümumiyyətlə, seçki vaxtında baş verməyəcək.
Onların nə vaxtsa baş verəcəyi ilə bağlı söylənilənlər isə daha çox belə bir fəlsəfi qanuna söykənir ki, heç nə əbədi deyil və bu dünyada heç nə azadlığın genişlənməsinin, onun daha böyük və daha geniş ictimai-siyasi sferalarda özünü təsdiq etməsinin qarşısını ala bilməz.
Bundan savayı bizim əlmizdə bu ölkədə nə vaxtsa baş verəcək dəyişikliklərin labüdlüyünü əsaslandırmaq üçün başqa dəlil yoxdur. Ola bilsin, ondan bizim artıq unutduğumuz materialist fəlsəfənin qoxusu gəlir. Bu fələsədə tarixin və cəmiyyətin obyektiv qanunlarına inam çox böyük idi.
Hər şeyi geosiyasi iradə həll etsəydi…
Bu inam həm də belə bir amilə söykənir ki, bəli, dünya dəyişir. Amma biz çox sadə və obyektiv bir həqiqəti unuduruq ki, bu dünya heç də özü-özünə dəyişmir, onu insanlar dəyişdirir, özü də böyük fədakarlıqlar hesabına.
Məsələn, nə vaxtsa Suriyadakı hadisələr, proseslər yekunlaşcaq, B.Əsəd də öz erasını başa vuracaq və onda oturub geosiyasi motivlər arayacağıq, deyəcəyik ki, bax, gördünüzmü, daha bir avtoritar sistem süqut etdi!
Amma çox sadə bir həqiqət unudulacaq ki, həmin sistemin çökməsi üçün insanlar nələrdən keçməyə məcbur oldular! Əgər hər şey obyektiv qanunların öhdəsinə qalsaydı, dəyişikliklər də birmənalı, bəlkə də daha asan və bəsit olardı.
Amma nə Iraqda, nə Misirdə, nə Yəməndə, nə də Liviyada birmənalı proseslər baş vermir. Hətta bəzən elə olur ki, avtoritar sistemin çökməsi belə azadlığa gətirib çıxarmır, növbəti siyasi döngələr başlayır və həmin bu döngələrdə illərlə yubanmalar baş verir.
Əgər hər şey geosiyasi amillərlə, kimlərinsə iradəsi ilə baş versəydi bəlkə də bu döngələr olmazdı, ya da onların sayı çox az olardı. Amma onlar var və bu gün mövcuddur.
Əgər bu döngələr olmasaydı, nəinki indi, hətta yüz illər irəli Fransada hər şey elə birinci ruspublika vaxtında həll olunardı. Amma belə olmadı.
Hamı birdəfəlik qurtuluşa, bir siyasi akta köklənir. Amma birdəfəlik qurtuluş olmur və bu, bir faktdır ki, tarix birpərdəli siyasi pyesləri sevmir, heç nə bir akta baş vermir. Ona görə də bu gün yalnız bircə söz demək mümkündür: demokratiya yolu hələ çox uzun olacaq, çox uzun…