“Frankfurter Allgemeine Zeitung” Azərbaycan hakimiyyətinin düzələcəyinə olan ümidlərin boşa çıxmasından bəhs edir
“Eurovision” musiqi yarışması keçirildiyi günlərdə Qərbin nüfuzlu media orqanları ötən il bu yarışmanın Azərbaycan kimi avtoritar ölkədə baş tutmasını yada salır. Bu kontekstdə Azərbaycanda insan hüquqları və demokratiya sahəsindəki acınacaqlı duruma diqqət çəkilir. Bu qəbildən olan növbəti materialı Almaniyanın ən nüfuzlu mətbu orqanlarından biri olan “Frankfurter Allgemeine Zeitung” qəzeti yayımlayıb. Məqalədə “Eurovision”dan sonra bu ölkədə insan hüquqları sahəsində vəziyyətin daha da pisləşməsindən bəhs olunub, azərbaycanlı jurnalist və fəalların fikirlərinə yer verilib. Məqaləni təqdim edirik:
Ümidlər boşa çıxdı…
Şənbə günü Isveçin Malmö şəhərində “Eurovision” musiqi yarışmasının finalı keçiriləcək. Bir il əvvəl yarışma Bakıda təşkil olunmuşdu. Həmin vaxt bir çoxları ümid edirdi ki, Azərbaycandakı repressiv rejim yumşalacaq. Amma yanıldılar.
Çoxları ümid edirdi ki, Azərbaycanın paytaxtı, bir il əvvəl “Eurovision”a görə tam təmir olunmuş Bakıda yarışmanın keçirilməsi bu avtoritar ölkədə vəziyyətin dəyişməsi üçün təkan olacaq. Əcnəbi sənətçilər, Qərbdən gələn qonaqlar, nəhayət, beynəlxalq diqqətin Xəzər sahillərinə azacıq da olsa, azadlıq gətirəcəyinə ümid edirdilər.
Amma ümidlər boşa çıxdı.
“Hər şey bir ailənin əlindədir”
“O vaxtdan bəri vəziyyət daha da pisləşib”, – deyə internet televiziyasının təsisçisi və Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutunun sədri Emin Hüseynov bildirir.
“Son illərdə Azərbaycanda avtoritarizm daha da güclənir”, – deyə blogger və hüquq müdafiəçisi Emin Milli bildirir.
Emin Milli ölkədə hakimiyyətə qarşı müxalif mövqedə olan tanınmış şəxslərdən biridir. Bu yaxınlarda o, Berlində “Meydan TV” adlı müxalifyönlü telekanal təsis edib. Məqsəd isə internet və peyk vasitəsilə Bakıya obyektiv informasiya çatdırmaqdır. Bu ölkədə 2008-ci ildən bəri BBC, “Azad Avropa”, “Amerikanın səsi” kimi xarici radioların yayım lisenziyası ləğv olunub.
Xüsusən son aylarda Azərbaycanda müstəqil mətbuat Azərbaycan hakimiyyəti tərəfindən qeyri-adi dərəcədə sərt hücumlara məruz qalır. Emin Milli deyir ki, Azərbaycanda siyasi baxışları, mədəniyyəti və medianı diktatura idarə edir: “Bunlar bir ailənin əlindədir”.
“Azərbaycanda tənqidçi jurnalist olmaq öz bədənində bomba gəzdirməkdir”
“Biz ancaq internetdə pulsuz xəbər yaya bilərik” – bunu isə Emin Hüseynov deyir. Onun sözlərinə görə, işlədiyi internet televiziyası “Obyektiv TV” insan hüquqları üçün qeyri-kommersiya layihəsidir və Qərb təşkilatları hesabına maliyyələşir. Hüseynovun sözlərinə görə, televiziyanın reklamdan gəliri yoxdur, çünki şirkətlərin əkəriyyəti hakimiyyətin əlindədir.
Emin Hüseynov onu da qeyd edir ki, onlar çəkdikləri videoları həm də “youtube”a yerləşdirirlər. Məqsəd isə hakimiyyətin həmin materialları bloklamasının qarşısını almaqdır. “Youtube”un Azərbaycanda qadağan olunacağına isə Emin Hüseynov inanmır.
“Sərhədsiz Reportyorlar” beynəlxalq söz azadlığı təşkilatının tərtib etdiyi Mətbuat azadlığı reytinqində Azərbaycan 179 ölkə arasında 156-cı olub. Bu ölkədə tənqidçi jurnalistlər böhtan və təhqir iddialarıyla məhkəmələrə verilir, digər formada təzyiq və təqiblərə məruz qalır. Həmin jurnalistlərin barəsində qarayaxma xarakterli foto və videolar yayılır, onlar fiziki hücumlara məruz qalırlar.
Emin Hüseynov özü də bir neçə dəfə həbs olunub. 2008-ci ildə saxlanılarkən polis tərəfindən işgəncələrə məruz qalıb və nəticədə xəstəxanaya yerləşdirilib.
“Biz Azərbaycanda bu peşə ilə məşğul olmaqla sanki öz bədənimizə bağlanmış bomba gəzdiririk. Bu, hər han partlayıb bizi öldürə bilər” – bunu isə müxalifyönlü “Azadlıq” qəzetinin siyasət şöbəsinin rəhbəri Seymur Həzi deyir.
“İnsanlar başa düşüb ki, hakimiyyət yalan danışır”
Azərbaycanda prezident seçkisinə təxminən yarım il qaldığı bir vaxtda bu ölkədə jurnalistlərə qarşı repressiyalar da artıb. Mart ayında “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı hədə-qorxu ilə tələb etmə və rüşvət alma ittihamıyla 9 il azadlıqdan məhrum edildi. Yazda Emin Milli və Emin Hüseynovun təhlükəsizlik orqanlarıyla yenidən problemləri olmuşdu. Həmin vaxt Bakının mərkəzində minlərlə adam ordudakı özbaşınalıqlara etiraz edirdi. Çünki daha bir əsgər müəmmalı şəraitdə dünyasını dəyişmişdi. Rəsmi məlumatlarda bildirilirdi ki, gənc əsgər ürək çatışmazlığından dünyasını dəyişib, amma onun bədənindəki xəsarətlər işgəncələrə məruz qalmasından xəbər verirdi. Hüseynov etiraz aksiyası zamanı jurnalistlərə qarşı zorakılıqların sənədləşdirilməsini istəyirdi. Həmin vaxt özü də polisin hücumuna məruz qalıb. Onun prokurorluğa verdiyi səs yazıları araşdırılmayıb.
Etiraz aksiyası zamanı təxminən 20 nəfər, o cümlədən Emin Milli həbs olunub. O, 15 gün həbsdə saxlanılıb. Emin Milli 2009-cu ildə də həbs olunmuşdu və bu həbs beynəlxalq aləmdə səs-küyə səbəb olmuşdu. Həmin vaxt o, 16 ay həbsdə saxlanıldı. Ehtimal olunur ki, bu həbs onlar tərəfindən internetdə yayılan video ilə bağlı idi. Həmin video-materialda onlar uzunqulaq vasitəsilə dövlət məmurlarının korrupsiya əməllərini tənqid etmişdilər.
Bütün baş verənlərə baxmayaraq, Emin Milli inamlıdır: “Azərbaycanda hər addımda ölüm qorxusu var. Amma hakimiyyətin repressiya kursuna cavab olaraq, ilk dəfə olaraq, onun da təmsil olunduğu gənclər hərəkatı ənənəvi müxalifətlə birgə mübarizə aparır”.
Emin Hüseynov da deyir ki, repressiyalar artıq nəticə vermir: “Çünki insanlar başa düşüblər ki, hakimiyyət yalan danışır”.